Prokuror Nazim Bəydəmirliyə 9 il iş istədi

Nazim Bəydəmirli. Foto: Meydan TV

Sabiq deputat müdafiədən imtina etsə də, ərizəsi qəbul olunmadı

Həbsdə olan keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin işi üzrə məhkəmə istintaq yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində sentyabrın 16-da keçirilən məhkəmə prosesində prokuror ona 9 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Hakim Fərid Namazov bildirib ki, bütün zərərçəkmişlər və şahidlər dindirilib, iş materialları tədqiq edilib, ona görə də məhkəmə istintaqının tamamlanmasını təklif edib. Lakin Nazim Bəydəmirli buna etiraz edib. O bildirib ki, işinin ədalətli araşdırılması üçün xeyli vəsatətlər versə də, baxılmamış qalıb.

Nazim Bəydəmirli, hətta məhkəmədə hüquqlarının pozulmasına etiraz olaraq, müdafiədən də imtina edib. O deyib ki, təkcə vəkili Aqil Layıcın hüquqi xidmətindən deyil, bütövlükdə müdafiə prosesindən imtina edir. Çünki belə məhkəmədə müdafiənin heç bir əhəmiyyəti yoxdur.

Hakim isə bildirib ki, qanunun tələbinə görə, o, müdafiədən imtina edə bilməz.

Bu əsasla onun müdafiədən imtina ilə bağlı ərizəsi qəbul olunmayıb.

Daha sonra məhkəmə istintaqı tamamlanıb, ardınca prokuror çıxış edib.

Prokuror Nazim Bəydəmirliyə hədə-qorxu ilə ittiham verilmiş hadisələrdən biri üzrə müddətin keçdiyini əsas gətirərək, ona xitam verilməsini, digəri üzrə isə sabiq deputatın 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokurordan sonra vəkil müdafiə nitqi ilə çıxış etməlidir.

Vəkilə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.

Nazim Bəydəmirlinin işi üzrə məhkəmə prosesi davam edir.

2005-2010-cu illərdə  104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü il iyulun 4-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Nazim Bəydəmirli iki nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu “Avto-Qarant” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib. Son nəticədə 2023-cü ilin iyununda 10 min manat alıb.

Digər ittihama görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində Mürsəl İbrahimovdan spirtli içki biznesinə yatırdığı vəsaitdən imtina etməsini və əlavə əlavə pul tələb edərək, sonda istədiyini alıb.

Lakin Nazim Bəydəmirli ittihamların heç birini qəbul etmir.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.

Keçmiş deputat Söyüdlü hadisəsində qurban seçildiyini deyir: “Gədəbəy hadisələrilə bağlı kimisə qurban vermək lazım idi, o da mən oldum”.

Ana səhifəSiyasətProkuror Nazim Bəydəmirliyə 9 il iş istədi