“Bu oyunlarda 100 min manatdan çox pul uduzmuşam…”
Göygöl Rayon Prokurorunun böyük köməkçisi istintaqını apardığı cinayət işləri üzrə təqsirləndirilən şəxslərin özlərindən, yaxud da onların qohumlarından böyük məbləğlərdə pullar alıb, qumara qoymaqda ittiham olunur.
39 yaşlı Nicat Hüseynov 2010-cu ildən prokurorluqda işləyir. Onu ittiham edənlər də elə Göygöl rayon sakinləridir. Onlar iddia edir ki, Nicat Hüseynov cinayət işinə xitam vermək, həbs qətimkan tədbirini dəyişmək və s. adlarla pul alıb, amma vədinə əməl eləməyib.
Kredit götürüb, borc alıb prokuror köməkçisinə veriblər
Məsələn, Göygöl rayonunun Hacıməlik kənd sakini Amil İbrahimovun ailə üzvləri iddia edir ki, prokuror köməkçisi onlardan bir neçə dəfəyə 12 min manat pul alıb. Hələ üstəlik, bir dəfə pulu aparanda bazarlıq da elətdirib.
Amil İbrahimov özü ailə münaqişəsi zəminində kürəkəninə xəsarət yetirdiyinə görə həbs olunub. Ona Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham verilib.
Oğlu Ramil İbrahimov və həyat yoldaşının sözlərinə görə, prokuror köməkçisinə verdikləri 12 minin bir hissəsini kredit götürüblər. Qalanını da qohum-əqrəbadan, dost-tanışdan tapıb-düzəldiblər.
“Ramil puldan 8 min manat verəndən sonra Nicat bizə dedi ki, Amil həbsdən buraxılacaq. Amma müəyyən məhdudiyyətlər qalacaq – qandal (elektron qolbaq nəzərdə tutulur-red.) olacaq. Minimum ilyarım o qandala görə rayondan çıxa bilməyəcək. Tez-tez polisdə qeydiyyatdan keçməli olacaq. Bu, olmasın deyə, əlavə 3-4 min manat lazımdır. Ramil Nicatla danışdı ki, 2 minə razı olsun. Onda Nicat bir dənə də bazarlıq istədi…”, – Amil İbrahimovun həyat yoldaşının sözləridir.
O əlavə edib ki, sonradan daha 2000 manat veriblər. İş məhkəməyə gəlib çıxanda və ərinə hökm oxunanda isə aldadıldıqlarını başa düşüblər.
“Bu, necə olur, həm pul alırsan, həm də əlavə maddə verirsən?”
Digər şikayətçi isə qız qaçırmaya görə adam oğurluğu ittihamıyla həbs olunan Sərvaz Hüseynovdur. O iddia edir ki, Nicat Hüseynova 3 dəfəyə 10 min manat pul verib.
Sərvaz Hüseynovun sözlərinə görə, Göygöl rayonunun Topalhəsənli kəndində yaşayan qızla ailə qurmaq istəyib, bu məqsədlə onu qaçırıb. Qızın anası şikayət edəndən sonra onun işi Göygöl Rayon Prokurorluğunda Nicat Hüseynovun icraatına verilib. Onun sözlərinə görə, Nicat Hüseynov 10 min manat pul istəyib. Deyib ki, əgər qız tərəflə barışsa, şikayətçi olmasalar, işə xitam verilə bilər. Əks halda da, onun haqqında həbs qətimkan tədbiri seçilməyəcək, bir maddə ilə işi məhkəməyə göndəriləcək.
Sərvaz Hüseynov bildirib ki, təsərrüfatındakı mal-qarasını satıb, istədiyi pulu prokurorluq əməkdaşına aparıb verib. 3 aydan çox qarşı tərəflə barışmağa, onları şikayəti geri götürmək üçün razı salmağa çalışıb. Amma qarşı tərəf razılaşmayıb. Günün birində Nicat Hüseynov zəng edib onu və hadisə vaxtı onunla birlikdə olmuş Turalı prokurorluğa çağırıb. Ona Cinayət Məcəlləsinin 144.2.3 (bir qrup şəxs tərəfindən adam oğurluğu) və 29,149.1 (zorlamaya cəhd) maddələrilə, Turala isə yalnız 144.2.3 maddəsilə ittiham verilib:
“Nicatla kabinetində təklikdə qalanda ona dedim ki, bu, necə olur, həm pul alırsan, həm də əlavə maddə verirsən? Nicat dedi ki, narahat olma, uzağı 10 günə həbsdən buraxdıracam səni. Dediyinə əməl eləmədi. Göygöl Rayon Məhkəməsinin qərarıyla bizim haqqımızda 1 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçildi. Məni polis şöbəsinin müvəqqəti saxlama yerinə etap elədilər, orada qızla üzləşdirəndə qız mənə böhtan atdı. Mənə əlavə ittihamlar verdilər. Bu ittihamlarla da işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər”.
“Demişdi ki, pulu prokurora verəcək”
Sərvaz Hüseynov əlavə edib ki, Nicat Hüseynov ondan 10 min manatı alanda o puldan az bir hissənin özünə çatacağını deyib. Pulu Göygöl rayon prokuroru İlqar Hacızadəyə verəcəyini bildirib.
Sərvaz Hüseynovun qardaşı onun həbs olunduğunu eşidən kimi Baş Prokurorluğa şikayət eləyib. O biri qardaşı isə Nicat Hüseynovun yanına gedib, pul aldığı halda, onunla niyə bu cür davrandığını soruşub. Onların dediyinə görə, həmin vaxt Nicat Hüseynov qardaşından pul almadığını, bu barədə deyilənlərin də yalan olduğunu bildirib:
“Sonradan bizim şikayətimiz əsasında onun haqqında xidməti araşdırma başladı. Göygöl rayon prokuroru İlqar Hacızadə məni qəbuluna çağırdı, qardaşıma köməklik edəcəyinə söz verdi. Amma xahiş elədi ki, şikayət eləməyək. Biz də inanıb, şikayət və tələbimizin olmadığı haqda notarial ərizə verdik”.
Lakin sonradan Nicat Hüseynov prokurorluqdan çıxarılıb, onun haqqında cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Lakin həbs olunmayıb, barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
“Mən borc almışam, qərəzli olduğuna görə şikayət eləyib”
Nicat Hüseynov dələduzluq ittihamıyla razılaşmır, özünü təqsirli bilmir. O, Sərvaz Hüseynovdan da, Ramil İbrahimovdan da pul aldığını etiraf edir. Amma deyir ki, bu pulları borc alıb. Çünki mərc oyunlarına qurşanmışdı, çoxlu borcları yaranmışdı. Onun sözlərinə görə, indiyədək mərc oyunlarında 100 min manatdan çox pul uduzub. Bu qədər pul uduzmağına baxmayaraq, əl çəkə bilməyib:
“Bütün tanıdıqlarımdan borc almışdım. Ona görə icraatımda olan işlərlə bağlı tanıdıqlarımdan da borc alıb, əvvəl borclu olduqlarımın pullarını qaytarırdım. Sərvazdan 10 min manatı borc almışam və qaytarmışam. Sərvaz haqqında istintaq aparanda ona obyektiv olaraq, həmin maddələrlə ittiham elan eləmişəm. Bu səbəbdən mənə qarşı qərəzlidir və məndən şikayət edib. Amil İbrahimov və onun oğlu Ramilə də heç bir vəd verməmişəm…”.
Nicat Hüseynovun özünün də haqqında cinayət işinə bugünlərdə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə zərərçəkmiş qismində dindirilərkən Sərvaz Hüseynov bildirib ki, ondan alınmış 10 min manat qaytarılsa da, Nicat Hüseynovla barışmayıblar.
Amil İbrahimovun ailə üzvləri də 12 min manatın geri qaytarıldığını deyib. Onlar şikayət və tələblərinin olmadığını söyləyiblər.
Nicat Hüseynov özü isə məhkəmədə ifadə verməkdən imtina edib. Sadəcə, özünü təqsirli bilmədiyini söyləyib.
Məhkəmə ziyanın ödənildiyini nəzərə alaraq, zərərçəkmişlərdən biri ilə barışdığını və s. nəzərə alıb, onu dələduzluqda təqsirli bilsə də, 5000 min manat cərimə cəzası kəsib.