Prokuror jurnalistin 3,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir

”Ekspert kəsici-deşici alətlə zərbə endirilməsi barədə istintaqın versiyasını təsdiqləməyib”

Source:
Elçin Həsənov
Elçin Həsənov
Elçin Həsənov
Elçin Həsənov


”Ekspert kəsici-deşici alətlə zərbə endirilməsi barədə istintaqın versiyasını təsdiqləməyib”

Nizami Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan  jurnalist və fəal Elçin Həsənovun məhkəmə prosesi başa çatır. Mayın 13-də prokuror onun 3,5 il müddətinə azadlıqdan məhrum  edilməsini istəyib.

Buna bir il öncə baş vermiş hadisə səbəb olub. Belə ki, E.Həsənov “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun hücumuna məruz qalıb (sonuncu hazırda zorla pul tələb etmək ittihamı ilə istintaq altındadır).

İnsidentdən sonra E.Həsənov polisə şikayət edib və bir qədər sonra C.Cəfərov E.Həsənovun şikayəti üzrə deyil, zorla pul tələb etmək faktı ilə əlaqədar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Lakin bu ilin martında bu fakt üzrə E.Həsənovun özünə qarşı   CM-in  221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi qaldırılıb.

E.Həsənov mətbuata bu barədə məlumat verdikdən  sonra xuliqanlıq ittihamı daha ağır maddəyə – 221.3-ə (odlu silah tətbiq etməklə xuliqanlıq) tövsif edilib.

Vəkil Fariz Namazlı vəziyyəti “Turan” İA-a şərh edərkən bu ittihamın tamamilə hüquqi əsasının olmadığını bildirib.

“İş üzrə heç bir şahid  yoxdur. Həmçinin istintaq E.Həsənovun guya C.Cəfərovu konkret hansı “küt alət”lə vurduğunu müəyyən etməyib. C.Cəfərov özü bildirib ki, E.Həsənovun əlində nə olduğunu görməyib və ona qarşı iddiası yoxdur.  C.Cəfərovun bədən xəsarəti alması barədə rəy verən ekspert məhkəmədə bildirib ki, bu xəsarətlər yumruq, dırnaq cızması və ya hücum nəticəsində ola bilər. Yəni, ekspert kəsici-deşici alətlə zərbə endirilməsi barədə istintaqın versiyasını təsdiqləməyib”, – vəkil bildirib.

Müdafiə tərəfinin yekun çıxışı mayın 18-i saat 10:30-a təyin edilib. Vəkil E.Həsənova bəraət verilməsini xahiş edəcək.

E.Həsənovdan heç yana çıxmamaq barədə iltizam alınıb. Həmçinin istintaq materiallarının açıqlanmamsı barədə iltizam alınıb.

E.Həsənov hesab edir ki, o, jurnalist və müxalifət fəaliyyətinə görə təqib olunur. Belə ki, o, Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” İnternet-qəzetin  redaktor müavinidir. Bundan əlavə, E.Həsənov AXCP Ali Məclisinin üzvü, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı sədrinin müavinidir.

E.Həsənova qarşı cinayət işinin qaldırılması onun orduda korrupsiya və mənimsəmələrlə bağlı yazılarının dərcilə eyni vaxta təsadüf edir.

Ana səhifəXəbərlərProkuror jurnalistin 3,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir