Prokuror Hüseyn Abdullayevin daha 10 il həbsdə qalmasını istəyir

Hüseyn Abdullayev. Foto: Meydan TV

Ev dustaqlığı ilə bağlı vəsatət təmin olunmadı, Adil Qeybullanın həbsxanaya getməsinə icazə verildi

Keçmiş deputat, 2018-ci ilin aprelindən həbsdə olan Hüseyn Abdullayevin yenidən 10 il azadlıqdan məhrum edilməsi istənilir. Dekabrın 5-də məhkəmədə prokuror onunla bağlı belə bir təklif irəli sürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Hüseyn Abdullayevin işi üzrə keçirilən məhkəmə prosesinə sabiq deputat saxlandığı Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsilə qoşulur. Bu, onun səhhətindəki problemlərlə əlaqələndirilir.

Bugünkü məhkəmədə Hüseyn Abdullayevin vəkili Günay İsmayılova bildirib ki, müvəkkilinin sağlıq durumu ağırdır. Onun ev dustaqlığına buraxılmasına ehtiyac var: “Onun ölümcül hala gəlməməsi üçün xahiş edirik, ev dustaqlığına buraxılsın. Heç olmasa, həkim Adil Qeybullanın Bakı İstintaq Təcridxanasında onu təkrar müayinədən keçirməsinə icazə verilsin”.

Sabiq deputatın ev dustaqlığına buraxılması barədə vəsatət təmin olunmayıb, lakin müdafiə tərəfinin istədiyi həkimin təcridxanaya buraxılıb, Hüseyn Abdullayevi müayinə etməsinə icazə verilib.

Hüseyn Abdullayev özü də səhhətində problemlər olduğunu bildirib və məhkəməsinin tez yekunlaşmasını istəyib. O deyib ki, çirkli pulların yuyulmasında ittiham olunsa da, bununla bağlı ortaya heç bir sübut qoyulmur:

“Mən heç bir cinayət törətməmişəm. Araşdırma qeyri-obyektiv aparılıb. Ayıbdır. Ortaya bir sübut qoyun, sonra nə oyun istəyirsiz, çıxarın. Səhhətim pisdir, ayaq üstə güclə dayanıram”.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib və prokuror çıxış edib.

Prokuror isə bildirib ki, Hüseyn Abdullayevə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə irəli sürülmüş ittiham məhkəmədə təsdiqini tapıb. O, sabiq deputatın 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi dekabrın 19-da davam edəcək.

İttiham aktında iddia olunur ki, Hüseyn Abdullayev özü və ailə üzvlərinin adlarına Azərbaycandakı banklarda açılmış 7 hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan çox pulu həm yerli, həm də xarici banklardakı hesablara köçürüb, yaxın qohumunun adına Azərbaycanda daşınmaz əmlaklar alıb.

İttihama münasibət bildirən sabiq deputat onun saxta və əsassız olduğunu deyib, özünü təqsirli bilmədiyini vurğulayıb.

“Qətiyyən özümü təqsirli bilmirəm. Hamısı şər-böhtandır”, – Hüseyn Abdullayev bildirib.

Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.
Cəzasının başa çatmasına ayyarım qalmış – bu ilin martında onun barəsində yenidən cinayət işi başlanıb. Ona bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsilə ittiham verilib. O, bir neçə ölkədə külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilir.

Lakin sabiq deputat hesab edir ki, onu həbsdə saxlamaq üçün saxta iş hazırlayıblar.

Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı.

Ana səhifəSiyasətProkuror Hüseyn Abdullayevin daha 10 il həbsdə qalmasını istəyir