Elçin Sadıqov prokurorun təklifini Həsən Hüseynlinin sifarişlə ağır cəzalandırılmasına xidmət etməsi kimi qiymətləndirdi
İyulun 4-də Gəncə şəhərinin Nizami Rayon Məhkəməsində dövlət ittihamçısı “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynliyə 7 il azadlıqdan məhrumetmə cəzası istəyib.
Meydan TV-yə proses barədə məlumat verən vəkil Elçin Sadıqov bildirdi ki, o, obyektiv səbəblərdən prosesə gecikib, məhkəmə də səhər saatlarına təyin olunmuşdu: “Biz iclasa çatmazdan öncə prokuror 7 il azadlıqdan məhrumetmə cəzası tələb etmişdi. Çıxış üçün vaxt istədik, amma hakim vaxt vermək istəmirdi. İsrarlı münasibətimizdən sonra proses iyulun 11-nə təyin olundu”.
Elçin Sadıqovun sözlərinə görə, dövlət ittihamçısının təklifinin heç bir əsası yoxdur, çünki proses zamanı ifadə verən şahidlər bir-birini təkzib ediblər. İkinci, ibtibai istintaq zamanı bıçağın Həsən Hüseynliyə məxsusluğunu sübut etmək üçün ekspertiza suallara cavab vermədi. Üçüncü, hadisə yerində quraşdırılan kameraların video çəkilişlərini qanunsuz olaraq nə istintaqa, nə də məhkəməyə təqdim etdilər: “Ən əsası məhkəmə bunlarla bağlı vəsadətləri təmin etmədi. Əlavə olaraq, prosesdə şahidin biri 102 xidmətinə məlumat verdiyini söyləsə də, amma araşdırma zamanı məlumatın başqa şəxs tərəfindən və başqa bir hadisə barədə verildiyi təsdiqləndi. Yəni sənədi saxtalaşdırıblar”.
Vəkil deyib ki, şahidlərin bir-birini təkzib etməsi ittihamın qurama olduğunu göstərir: “Nəhayət, zərərçəkmiş kimi tanınan Arzu Qəhrəmanov Gəncə Şəhər Baş Polis İdarəsinin apardığı bir sıra işlərdə hal şahidi kimi istifadə olunub. Bu, Polis İdarəsinin özünün agentura sistemini əməliyyata cəlb etdiyini təsdiqləyir”.
E.Sadıqov prokurorun təklifini Həsən Hüseynlinin sifarişlə ağır cəzalandırılmasına xidmət etməsi kimi qiymətləndirdi.
Martın 31-də Gəncə şəhər sakini Arzu Qəhrəmanov “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin onu bıçaqladığı barədə yerli polisə şikayət edib. Hadisə günü Həsən Hüseynli həbs olunsa da, bir neçə gün sonra şərti azadlığa buraxılıb. Artıq 2 aydan çoxdur məhkəmə prosesi davam edir.