Prokuror Fazil Qasımova 10 il həbs cəzası istəyib

Fazil Qasımov. Foto: Meydan TV

“Fazil Qasımovu məhkəməyə sürüyə-sürüyə, zorla gətiriblər”

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) keçmiş sədri, iqtisadçı Qubad İbadoğlunun həbsindən sonra Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən və onunla eyni cinayət işi üzrə ittiham olunan İstanbul Universitetinin doktorantı Fazil Qasımovun və və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Fevralın 28-də hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Fazil Qasımov məhkəməyə gətirilsə də, iclasda iştirak etmir. Onun vəkili Fuad Ağayev məhkəməyə bildirib ki, səbəb müvəkkilinin məhkəmə tərkibinə etirazıdır:

“Fazil Qasımov məhkəmənin bu hakim tərkibiylə keçirilməsinə görə prosesdə iştirakdan imtina edib. Onu Bakı İstintaq Təcridxanasından məhkəməyə sürüyə-sürüyə, zorla gətiriblər”.

Dövlət ittihamçısı Babaxan Həsənəiyev çıxışında Fazil Qasımova və Anar Əliyevə qarşı irəli sürülmüş ittihamların məhkəmə istintaqıyla sübuta yetirildiyini bildirib.

Cəzalarını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməklə Fazil Qasımova 10, Anar Əliyevə 6 il müddətinə həbs cəzası istəyib.

Prokuror Anar Əliyevə yüngül cəza istəməsini onun cinayətin üstünün açılmasında fəali iştirak etməsi və istintaqa kömək etməsiylə əlaqələndirib.

Vəkil Fuad Ağayev yenə məhkəmə tərkibinə etiraz edib. Bildirib ki, bu etiraza hazırkı məhkəmə tərkibi yox, Bakı Apellyasiya Məhkəməsi baxmalıdır. Hakim tərkibi isə qısa müşavirədən sonra etirazı təmin etməyib. Hakim vəkilə müdafiə çıxışı üçün müraciət edib. Vəkil çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Növbəti məhkəmə iclası martın 7-nə təyin olunub.

Qubad İbadoğlu 2023-cü il iyulun 23-də tutulub, avqustun 8-də isə Fazil Qasımov İstanbulda saxlanılaraq Bakıya gətirilib.

Fazil Qasımov iqtisadçı alim və siyasətçi Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham olunur.

1990-cı il təvəllüdlü Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir.

Anar Əliyevə qarşı isə həm saxta pul əldə etmə, həm də qanunsuz odlu silah saxlamaq ittihamı irəli sürülüb. O, özünü qismən təqsirli bilir.

Qubad İbadoğlu tutulduğu gün onun ofisindən 40 min dollar pul tapılıb, bunun da bir hissəsi saxta olub.

İttihama görə, saxta pulları da o, Türkiyədən gətirib.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

İstintaq zamanı Anar Əliyev Qubad İbadoğlunun əleyhinə ifadə versə də, iqtisadçı bu şəxslə heç vaxt əlaqəsi olmadığını, onun yalan danışdığını bəyan edib.

Qubad İbadoğlu 2024-cü il aprelin 22-də həbsdən buraxılıb.

Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Ana səhifəSiyasətProkuror Fazil Qasımova 10 il həbs cəzası istəyib