Prokuror Ata Abdullayevin 9 il azadlıqdan məhrum edilməsini istədi

Foto: Meydan TV

O, əvvəllər hərbi xidmətdən yayınma və onlayn oğurluğa görə məhkum edilib

Özünü vloger kimi təqdim edən, ayrı-ayrı şəxsləri hədələyib, onlardan pul tələb etmə ittihamıyla həbsdə olan Ata Abdullayevin işi üzrə məhkəmə istintaqı başa çatıb. Dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə keçirilən məhkəmə iclasında bu barədə qərar qəbul edilib. Ardınca çıxış edən prokuror Ata Abdullayevin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Hərçənd, Ata Abdullayevin özü də, vəkili də buna etiraz edib, onlar Ata Abdullayevə “iPhone 11Pro Max” marrkalı telefon verdiyi iddia olunan Ziya Məmmədovun məhkəməyə çağrılıb dindirilməsini bir daha tələb ediblər.

İttihama əsasən, Ata Abdullayev ayrı-ayrı şəxsləri şantaj edərək, onlardan pul tələb edib. Onlardan biri – Gənclər və İdman Nazirliyinin nəzdində beynəlxalq yarışlarla bağlı Tədbir Əməliyyat Komitəsinin baş mühasibi olmuş Elmar Əliyevdən hədə-qorxu ilə telefonu alıb. Telefon ona Elmar Əliyevin dostu Ziya Məmmədov vasitəsilə çatdırılıb.

Ata Abdullayev isə deyir ki, Ziya Məmmədovla onun da dostluq münasibətləri var və görüş zamanı onun telefonunun sınıq olduğunu görüb, bu səbəbdən hədiyyə olaraq, “iPhone”u alıb göndərib.

“Məni o adamlardan pul tələb etdməyimi sübut edən heç bir fakt yoxdur. Bircə Ziya Məmmədovdur, o da bura gəlmir. Görünür, gəlib yalan danışmaq istəmir. Mən heç kimi hədələməmişəm. Mən tapançanı televizorda görmüşəm. Fakt ortaya qoyulsa ki, o telefon Elmar Əliyevdən hədə-qorxu ilə alınıb, evimi satıb, 100 min ödəməyə hazıram. Mənim dostlarım var ki, mənə görə ölümə hazırdılar. Ortaya sübut qoyulsun, 1 telefonun əvəzinə, 4-nü qaytarım”, – Ata Abdullayev bildirib.

O, 2009-cu ildə Neft Akademiyasında baş vermiş terror zamanı gördüyü işlərdən də danışıb:

“O hadisədə Neft Akademiyasına birinci daxil olan mən olmuşam. Yaralıların, meyitlərin daşınmasına kömək eləmişəm. Hüquq-mühafizə orqanlarına da birinci mən məlumat vermişəm. Əgər mən olmasaydım, orada ölənlərin sayı xeyli çox olardı. O hadisədən sonra Akif Çovdarov mənə o qədər zülm elədi ki…”

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ədalətinə güvəndiyini vurğulayan Ata Abdullayev deyir ki, törətmədiyi əməllərə görə həbsdə saxlanması onu yorur:

“Məni güllələmək qərarı olsaydı, onu eləyərdiniz, mənim də canım qurtarardı. Yorulmuşam, daha ölürəm mən. Biz Əli Kərimli dönəmində – 1992-ci ildə yaşamırıq, Heydər Əliyevin qurduğu ölkədə yaşayırıq. Mən dünyanın ən xoşbəxt adamıyam ki, 2001-ci ildə ulu öndərlə görüşmək qismət olub. Daha sonra o dəmir yumruğun sahibi ilə görüşmüşəm. Dəmir yumruğu öpmək dördüncü cəhddən sonra mümkün oldu. Prezident hara gedirdisə, mən də o ölkəyə uçurdum. Amerikada, Fransada cəhdlərim alınmadı. Dördüncü cəhddə alındı. Beşinci cəhddə – Münhendə də mənə əl elədi. Onun əllərinə qurban olum”.

Daha sonra məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsi başlanıb. Məlum olub ki, Ata Abdullayev 2004-cü ildə Nəsimi Rayon Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 321 (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsilə məıhkum edilib. 2014-cü ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 177 (oğurluq) və 271-ci (kompüter sisteminə qanunsuz daxil olma) maddələrilə təqsirli bilinib. Onlayn qaydada kartlardan pul oğurlamağa görə o zaman MTN əməkdaşları tərəfindən həbs olunan Ata Abdullayevə məhkəmə 7 il şərti cəza verib.

Sənədlər arasında Ata Abdullayevin yaşadığı ərazinin Mənzil Kommunal İstismar Sahəsinin rəisinin istintaq dövründə DTX-ya göndərdiyi xasiyyətnamə də var. Orada yazılıb ki, Ata Abdullayev özündən razı, qonşularla münaqişəli biridir: “Qonşular şifahi şəkildə ondan şikayət edirdilər”.

İş materiallarında Ata Abdullayevin qonşularının da ayrıca ərizəsi var və o da məhkəmədə elan edilib. Orada göstərilib ki, Ata Abdullayevin cinayət törətməsinə inanmırlar:

“Ata Abdullayev cəmiyyət arasında özünə layiqli yer tutub. Sakinlərin xeyir-şər məclislərində aktiv iştirak edib. Xeyirxahdır. Belə bir şəxsin cinayət törətməsi mümkün deyil”.

Ata Abdullayevin vəkili Telman Talıbov bildirib ki, Mənzil Kommunal İstismar Sahəsinin rəisinin verdiyi xasiyyətnamə qərəzlidir:

“Onun yazdıqları qara məqsədləri üçün təxəyyülünün məhsuludur”.

Ata Abdullayev özü də əlavə edib ki, deputatlığa namizəd olanda 3 gün ərzində 650 nəfərin imzasını toplayıb. Seçkidə həmin dairə üzrə 11 namizəd arasında 3-cü yeri tutub.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Ardınca çıxış edən prokuror bildirib ki, Ata Abdullayevə Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4 maddələrilə verilən ittihamlar məhkəmədə sübuta yetirilib. Dövlət ittihamçısı onun 9 il azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.

Zərərçəkmiş Elmar Əliyevin nümayəndəsi isə telefona görə 2400 manatlıq maddi ziyan, 10 min manat da mənəvi ziyanın ödənilməsi haqda mülki iddialarının təmin olunmasını istəyib. Onun eyni zamanda, qanuna uyğun şəkildə cəzalandırılmasını istəyib.

Ata Abdullayevin vəkili müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi dekabrın 28-də vəkilin çıxışıyla davam edəcək.

Bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur. Onun işində dörd nəfər zərərçəkmiş qismində tanınıb – Elmar Əliyev, Cəmil Babayev, Elçin Əliyev və Şahlar Həsənov.
Şahlar Həsənov Abşeronun icra başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsidir. Elçin Əliyev isə DTX əməkdaşı olub.

Ata Abdullayevin adları çəkilən şəxsləri onlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, bunu etməmək üçün onlardan pul tələb etdiyi iddia olunur.

Ana səhifəSiyasətProkuror Ata Abdullayevin 9 il azadlıqdan məhrum edilməsini istədi