İyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalovun (Basqal) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev çıxış edib.
Həsənəliyev məhkəmə heyətindən Kənan Zeynalovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Prokuror çıxışında bildirib ki, Zeynalovun zərərçəkmiş şəxs kimi tanınan Anar Rəhimova bıçaqla xəsarət yetirməsi məhkəmə prosesində öz təsdiqini tapıb.
Vəkil Nazim Musayev məhkəmənin gedişinə etiraz edərək deyib ki, proses ərzində müdafiə tərəfinin təqdim etdiyi vəsatətlər təmin edilməyib. Musayev bildirib ki, ekspert rəyində zərərçəkmiş şəxsin köynəyinin üzərində 3 yanaşı deşik olduğu qeyd edilib:
“Bu rəyi oxuyanda adama elə gəlir ki, onu səliqəli şəkildə bıçaqlayıblar. Həmin köynək maddi sübutdur və bizim o köynəyə baxmaq hüququmuz var. Tələb edirik ki, o köynəyi gətirin baxaq ki, yazılanlar nə dərəcədə doğrudur”.
Növbəti məhkəmə prosesi iyulun 30-a təxirə salınıb.
Kənan Zeynalov ötən ilin martında həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilir.
İttiham aktında iddia olunur ki, AXCP fəalı Yeni Günəşli qəsəbəsində Anar Rəhimov adlı şəxsə mübahisə zəminində qarın nahiyəsindən bıçaqla zərbə endirib.
K.Basqal heç kimi bıçaqlamadığını, tutulması üçün öncədən hazırlanmış ssenari əsasında həbs olunduğunu deyir.
Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox partiya üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.