Binanın sakinləri dövlət orqanları qarşısında etiraz aksiyaları keçirməyi planlaşdırır
Prezident İlham Əliyev hər gün iqamətgahdan Prezident Administrasiyasına gedib-gələrkən onun hərəkət xəttinin üzərində yerləşən yaşayış binasını dövlət orqanları sökmək istəyir. Bununla əlaqədar həmin binanın sakinləri məhkəməyə müraciət edib. Yanvarın 13-də isə Bakı Şəhər İcra Hakimiyyətinin, Xətai Rayon İcra Hakimiyyətinin və “Azərişıq” ASC-nin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar. Bununla əlaqədar müvafiq dövlət orqanına da xəbərdarlıq məktubu göndərilib.
Sözügedən bina Cavanşir körpüsünün yanında – Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsində yerləşir. Noyabrın 18-də sakinlərə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədovun imzasıyla bildiriş paylanıb. Orada göstərilib ki, icra başçısı 12 noyabr 2021-ci ildə 373 saylı sərəncam imzalayıb. Həmin sərəncama əsasən, komissiya yaradılıb, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış evləri və qeyri-yaşayış sahələrinin köçürülməsinə başlanıb. Sakinlərin rəyini nəzərə almadan, bildirişdən cəmi beş gün sonra – noyabrın 23-də binanın həyətyanı sahəsi sökülüb.
Mülkiyyət sahiblərinə mənzillərin sahəsindən, mərtəbəsindən, təmirindən asılı olmayaraq, hər kvadrat metrə görə 2200 manat, birinci və ikinci mərtəbələrdə yerləşən qeyri-yaşayış obyektlərinin sahiblərinə isə hər kvadrat metr üçün 2500 manat pul ödəniləcəyi bildirilib. Xəbərdarlıq edilib ki, etiraz etsələr belə, nəticəsi olmayacaq, bina söküləcək.
Evlərindən köçmək istəməyən, təklif olunan kompensasiyanın məbləğindən narazı olan sakinlər toplaşaraq, məhkəməyə üz tutublar. Belə olan halda, onlara mesaj göndərilib ki, binanın qazı, suyu, işığı kəsiləcək. Sakinlərin sözlərinə görə, çox keçməyib, kommunal xidmətlərlə bağlı hədələr həyata keçirilib – dekabrın 9-da binaya verilən elektrik enerjisi kəsilib. Sakinlərin etirazlarından sonra bərpa edilib.
Mülkiyyətçilər deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov və digər səlahiyyətlilər onlarla ultimativ dildə danışırlar. Bugünlərdə onları yenidən hədələyiblər ki, əgər qısa müddətdə razılaşmasalar, kommunal xidmətlər dayandırılacaq.
Bu iş Bakı İnzibati Məhkəməsində hakim Miminat Hacıbəyovanın icraatındadır. Hakim dekabrın 25-də 19 nəfər mülkiyyətçinin qaldırdığı iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdeh icra hakimiyyətinə göndərib. İcra hakimiyyətinə 10 gün vaxt verilib ki, yazılı şəkildə etirazını məhkəməyə təqdim etsin.
Xətai Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2021-ci il tarixli sərəncamında göstərilib ki, ərazidəki söküntü işləri yol qovşağının genişləndirilməsi və abadlaşdırılma işlərinin həyata keçirilməsilə əlaqədardır.
Mülkiyyətçilərin hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov bildirib ki, sözügedən binanın yerləşdiyi torpaq sahəsinin alınması Konstitusiyada və qanunda nəzərdə tutulmuş dövlət ehtiyacları tələblərinə düşmür, ərazinin abadlaşdırılması adı altında baş verir. Vəkilin sözlərinə görə, hətta dövlət ehtiyaclarına görə alınsaydı belə, bu proses qaydalara uyğun həyata keçirilməliydi. Müdafiəçi vurğulayıb ki, əmlak sahiblərinə təklif olunan məbləğ qətiyyən bazar qiymətlərinə uyğun deyil: “Bina “Port Baku” ilə 50 metrlik məsafədə yerləşir. “Port Baku”da mənzillərin qiymətinə, bir də bu binanın sakinlərinə təklif olunan məbləğə baxın”.
Sakinlərin binanın kommunikasiya xətlərinin kəsilməsilə hədələndiyini deyən vəkilin sözlərinə görə, problemin həlli məqsədilə Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətlilərilə də görüşüb. Lakin bu görüşlər nəticəsiz qalıb.
Vəkil eyni zamanda prezidentə müraciət edərək, bu işin diqqətdə saxlanmasını xahiş edib. Çünki bu məsələdə prezidentin də adı hallanır. İddia olunur ki, bina dövlət başçısının gündəlik hərəkət xətti üzərində yerləşdiyinə görə sökülür.