Prezidentin Gürcüstan səfərindən öncə jurnalistin deportasiyası: təsadüf, yoxsa planlı addım?

Əfqan Sadıqov Gürcüstanda saxlanılarkən. Foto: Sevinc Sadıqova

Jurnalist Əfqan Sadıqovun Azərbaycana deportasiya olunması Prezident İlham Əliyevin Gürcüstana səfəri ilə bağlıdır.

Vaxtı ilə eyni aqibəti yaşamış – Gürcüstandan Azərbaycana deportasiya olunaraq həbs olunmuş, hazırda Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı belə hesab edir. 

Əfqan Sadıqov Prezident İlham Əliyevin Gürcüstana səfərindən bir gün öncə, aprelin 5-də Azərbaycana deportasiya olunub. 

O, uzun illərdir Azərbaycan hakimiyyətinin sərt tənqidçilərindən biri kimi tanınır və fəaliyyəti ilə əlaqədar müxtəlif ittihamlarla həbs edilib. Gürcüstan Daxili İşlər Nazirliyinin bir gün öncə yaydığı açıqlamaya görə, Sadıqov sosial mediada polis əməkdaşını təhqir etmək ittihamı ilə cərimələnib, deportasiya olunaraq ölkəyə girişinə üç il qadağa qoyulub. Sadıqovun Azərbaycana qaytarılması Avropa İnsan Hüquqları Məhkəməsinin müvəqqəti qərarına baxmayaraq həyata keçirilib.

Meydan TV-yə danışan jurnalist Əfqan Muxtarlı İlham Əliyevin fevralın 19-da ABŞ səfəri zamanı siyasi mühacirlərin etiraz aksiyasını xatırladır və vurğulayır ki, Azərbaycan Prezidenti həmin təcrübənin təkrarlanmasını istəmir:

Jurnalist Əfqan Muxtarlı

“İlham Əliyev istəməyib ki, orada Əfqan Sadıqov onun iştirak etdiyi tədbirlərdə “Ilham Əliyev diktatordur” şüarını səsləndirsin. Tbilisi balaca bir şəhərdir və Azərbaycandan fərqli olaraq İlham Əliyevin trayektoriyasını əldə etmək rahatdır. Buna görə də Azərbaycan hökuməti önləyici tədbir kimi Əfqan Sadıqovu Azərbaycana aparıb”.

Jurnalistin sözlərinə görə, Azərbaycan hökuməti Əfqan Sadıqovun həbsinə və ölkəyə qaytarılmasına çalışırdı. 

“Ona qarşı saxta cinayət işi qaldırmışdılar, Gürcüstan aeroportunda saxlamışdılar, üçüncü ölkəyə getməyə icazə verməmişdilər. Ardınca saxta, əsassız ittihamlarla 6 aydan çox Gürcüstanda həbsxanada saxladılar. Bundan əvvəl də o, iki dəfə siyasi məhbus həyatı yaşayıb. Şübhəsiz ki, İlham Əliyev öz tənqidçilərini həbs etməkdə, fiziki işgəncə verməkdə, məhv etməkdə israrlıdır”.

Jurnalist Əfqan Muxtarlı deyir ki, bütün bunlar iki ölkədə Əfqan Sadıqovun deportasiyası üçün əvvəldən koordinasiya olunub:

“Əfqan Sadıqovun Azərbaycana qaytarılması planlaşdırılmış ssenaridir. Çünki keçən ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsi onun Azərbaycana ekstradisiyasını qadağan edən tədbir tətbiq etmişdi. Bir neçə gün öncə, aprelin 3-də məhkəmə Əfqan Sadıqovu Gürcüstanı tərk etməmək şərtilə girov müqabilində azadlığa buraxdı. Bu, ona görə idi ki, Gürcüstan tərəfi Avropa İnsan Haqları Məhkəməsinə sənəd təqdim etsin ki, Əfqan Sadıqov barəsində cinayət işi götürülüb. Bir gün sonra isə onu yenə tutdular ki, guya polisi təhqir edib. Ardınca da Azərbaycana deportasiya etdilər”.

Əfqan Muxtarlı bildirir ki, Gürcüstan hökumətinin deportasiya qərarından sonra Əfqan Sadıqov əslində, başqa bir ölkəyə gedə bilərdi, amma onun pasportu Azərbaycan tərəfindən deaktiv edildiyi üçün bu, mümkünsüz olub:

“Gürcüstan hökuməti deportasiya qərarından sonra ona ölkəni tərk etməsi üçün vaxt verməli idi, lakin Azərbaycan tərəfi Əfqanın pasportunu deaktiv etdi. Gecə saat 2-də Azərbaycanın Gürcüstandakı Səfirliyi məhkəməyə sənəd təqdim edərək pasportun deaktiv olduğunu bildirib və başqa ölkəyə gedə bilməyəcəyini vurğulayıb. Bundan sonra məhkəmə qərarı ilə Gürcüstan Əfqan Sadıqovu Azərbaycan Miqrasiya Xidmətinə təhvil verib. Azərbaycan Miqrasiya Xidməti isə istintaq orqanı deyil, bu da daha bir pozuntu kimi dəyərləndirilməlidir”.

 Əfqan Muxtarlı bildirir ki, Əfqan Sadıqovun Azərbaycana qaytarılması, həm də xaricdə yaşayan və hakimiyyətin sərt tənqidçilərinə yönəlmiş mesajdır:

“Ilham Əliyev bununla deyir ki, sizin haqqınızda təkcə qiyabi həbs hökmləri çıxarmıram. İstədiyim adamı da Azərbaycana gətirə bilərəm. Bu, həm də xaricdə olan tənqidçilərini, qorxutmaq, onları təzyiq altında saxlamaq üçün atılan addımlardan biridir”.

Yeri gəlmişkən, Milli Məclisin deputatı Elman Nəsirov bu gün yerli mediaya açıqlamasında bildirib ki, “Əfqan Sadıqovun deportasiyası xaricdəki digər “bloger”lərə də siqnaldır”.

Elman Nəsirov

“Bu gün bir qisim şəxs “bloger”, “jurnalist” adı altında xaricdə gizlənir, gecə-gündüz Azərbaycan dövləti, xalqı, milləti, hakimiyyəti əleyhinə ləkələmə kampaniyası aparır. Onlar yalan, iftira ifraz etməklə məşğuldurlar. Hər zaman demişik ki, bu şəxslər gec-tez Azərbaycana gətiriləcəklər. Yeri gəlmişkən, həmin şəxslərlə bağlı Baş Prokurorluq cinayət işi açıb. Sadəcə, onlar hələ ki gizlənirlər. Əfqan Sadıqov da eyni yolu seçmiş şəxslərdən biri idi. O da konkret cinayət əməlinə görə, yəni sosial şəbəkələrdə polisi təhqir etdiyinə görə saxlanılmışdı. Artıq onun Azərbaycana deportasiyası ilə bağlı qərar qəbul edilib. Üç il müddətində Gürcüstana gedə bilməz. Bu, xaricdəki digər “bloger”lərə də siqnaldır. Onlar da təşviş keçirirlər, həyəcan içindədirlər”, – deyə deputat bildirib. 

Jurnalist Əfqan Muxtarlı bildirir ki, Əfqan Sadıqova qarşı təzyiqlər, hətta həbs də tətbiq oluna bilər. Onun sözlərinə görə, Azərbaycana deportasiya olunan şəxslər dərhal həbs olunmur, lakin sonradan onlara müxtəlif ittihamlar irəli sürülür. 

“Məsələn, Gürcüstandan qayıdan bloger Rəşad Ramazanov Azərbaycana gəldi, onu polis saxlayıb dindirdi, sonra sərbəst buraxdı. Bir müddət keçdikdən sonra Ramazanov külli miqdarda narkotik maddə ittihamı ilə həbs olundu. Almaniyadan deportasiya olunan altı siyasi fəaldan beşinə bir neçə ay sonra Azərbaycanda saxta narkotik ittihamı irəli sürüldü. Siyasi fəal Samir Aşurov isə kiməsə xətarət yetirmə ittihamı ilə həbs olunub. Əfqan Sadıqova qarşı irəli sürülən cinayət işinin götürülməsi onun təhlükəsizliyi barədə əminlik yaratmır, çünki hökumət bu gün bir cinayət işini bağlayıb, sabah digərini aça bilər. İstənilən hadisə baş verə bilər”, – deyə Muxtarlı əvvəlki presedentləri nümunə göstərir.

Ana səhifəSiyasətPrezidentin Gürcüstan səfərindən öncə jurnalistin deportasiyası: təsadüf, yoxsa planlı addım?