“Prezidentin 2 gün içində mövqeyini dəyişməsi xoşagələn deyil”

“Yəni prezidentin Müşahidə Missiyası haqda kəskin bəyanatından sonra XİN ATƏT-in rəyini balanslaşdırılmış adlandırdı”.

Source: Foto: Azertac


Zahid Oruc: “Dövlət başçısı başqalarından fərqli olaraq məxfi, konfidensial məlumatlar dosyesinə malikdir”

Prezident

İlham Əliyev

fevralın 12-də Kürdəmirdə “ASAN Xidmət” mərkəzinin açılışında 2 gün öncə keçirilən növbədənkənar parlament seçkilərinə yenidən qayıdıb.

Deyib ki, heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq, nə ciddi pozuntular olub. Seçkilərin legitimliyini və yaxud da nəticələrini şübhə altına alacaq pozuntu qeydə alınmayıb.

“ATƏT-in Demokratik Təsisatlar Bürosu bizə həmişə qərəzli yanaşır. Ancaq bu dəfə hesab edirəm ki, onların hesabatı tarazlı idi”.


İlham Əliyev

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla fevralın 10-da keçirdiyi görüşdə isə müşahidə missiyası barədə tamamilə fərqli və ittihamedici fikirlər səsləndirmişdi.

“Beynəlxalq müşahidə missiyalarının mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır. Özü də onlar tərəfindən yox, başqa yerlərdə yazılıb, onlara ötürülür”, – demişdi.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Meydan TV-yə deyib ki, dövlət başçısı başqalarından fərqli olaraq məxfi, konfidensial məlumatlar dosyesinə malikdir. Belə olan təqdirdə, bir sıra beynəlxalq qurumların hansı rəyləri hazırlayacağına dair öncədən məlumatı olur:

“Bununla bərabər ATƏT-in Demokratik Təsisatlar Bürosunun Müşahidə Missiyasının 10 fevral konfransında dilə gətirdikləri şifahi mesajlarla yazılı mətn arasında xeyli fərqlər var. Həmin şifahi mətnləri müxalif və qələbə qazanmayan namizədlər daha da tünd boyalarla və öz arzularını qataraq səsləndirirlər”.

Zahid Oruc deyir ki, əgər dövlət başçısı seçkinin təşkilinə cavabdeh qurumların rəylərini hər gün izləyərək “baş verə biləcək pozuntulara qarşı cəza olacaqdır”, – ifadəsini səsləndirirsə, həmçinin, ATƏT-in son yazılı mətnində bir məsələlərə pozitiv notlarla baxılıb və prosedur pozuntularla bağlı əməkdaşlığın davam etməsinin altında hansısa beynəlxalq qurumlarla sövdələşmə axtarmağa dəyməz:

“Qərb Azərbaycanda demokratiya uğrunda vuruşmur. Seçki prosesi ilə bağlı çox yaxşıdır ki, ATƏT özünü hakimiyyət uğrunda mübarizə tərəfi və ya Ukraynadakı kimi deyil, daha artıq dərəcədə hüquqi müstəvidə, həmçinin, konkret dairələrdə və məntəqələrdəki pozuntuları irəli çəkir və parlamentin legitimliyini sual altına qoymur. O cümlədən, Azərbaycanı beynəlxalq təcridə məruz qalacağı ilə hədələmir. Əlaqələrdən imtina etmir, diplomatik tanımazlıq göstərmir. Belə olduqda, Bakı da bu məramı müsbət dəyərləndirərək ATƏT və başqa beynəlxalq təşkilatların müşahidə missiyaları ilə əlaqələrini davam etdirəcəyini bəyan edir”.

Zahid Oruc
Zahid Oruc

Zahid Oruc deyir ki, prezidentin fevralın 10-da və ondan 2 gün sonra söylədiyi fikirlər arasında xüsusi təzad yoxdur:

“Əksinə, dövlət başçısı ümumi hadisələrin gedişində aldığı məlumatlara adekvat mövqe göstərir. Bu, çox müsbət haldır”.

Avropa İttifaqı və ABŞ Dövlət Departamentinin ATƏT Müşahidə Missiyasının rəyini dəstəkləmələrinə gəlincə, Zahid Oruc bildirib ki, hər iki bəyanatın sonunda rəsmi Bakı ilə əməkdaşlıq edəcəkləri xüsusi vurğulanıb. Bu, o deməkdir ki, parlamentə təmsilçilik hüququ qazanmayan şəxslərin, əsasən də partiya mənsubiyyəti olanların tərəfindən MSK qarşısına 100 minlərlə insan çıxarılmayıbsa, Departamentin bəyanatı ondan da kənar ola bilməzdi:

“Başqa bir məqam, çox neytral jurnalistlərin, daim hakimiyyəti tənqid edənlərin dilindən nə üçün beyin mərkəzləri, qrantla işləyən institutlar seçkidən sonra İsa Qəmbərin, Əli Kərimlinin, İlqar Məmmədovun birgə canlı bağlantıları olmadı. Ona görə də Departament çox yaxşı görür ki, xalq narazıdır deyənlər, milyonlarla insanı MSK qarşısına gətirə bilmir. MSK qarşısında cəmi 2 avtobusa yerləşəcək qədər şəxslər vardı. Belə olanda, prezidentin vədini Qərbin Azərbaycanla əməkdaşlıq istəyinə uyğun saymaq lazımdır”.

“Hərəkət” Seçki Blokunun 22 saylı dairədən olan namizədi Turqut Qəmbər prezidentin 2 gün ərzində səsləndirdiyi fərqli fikirlərə münasibət bildirməkdə çətinlik çəkdiyini deyib.

O arzu edir ki, İlham Əliyev müstəqil mediaya açıqlama verib, fikirlərindəki fərqliliyə aydınlıq gətirəcək.

Turqut Qəmbər
Turqut Qəmbər

Turqut Qəmbər düşünür ki, seçkilər total saxtalaşdırılıb. “Bu, fatdır”, – deyir:

“Hazırda qanunsuzluqlarla bağlı hər hansı addımların atılması, hansısa dairələrdə, ümumən seçkilərin ləğvi, DSK və MnSK sədrlərinin saxtakarlığa görə cəzalandırılması görünmür. Sadəcə, islahat ritorikası fonunda seçkilərin köhnə qaydada keçirilməsi hakimiyyətin hər hansı bir dəyişikliyə getmək niyyətinin olmadığını göstərir. Güman ki, prezidentin açıqlamaları müxtəlif auditoriyalara hesablanıb. Bunlardan asılı olmayaraq hərəkət və hərəkətsizliyin məqsədi hakimiyyəti gücləndirmək, heç bir formada azad seçkilər əsasında formalaşan hakimiyyət bölgüsünə imkan verməməkdir”.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov seçki dövründə bəzi dövlət qurumları arasında ciddi əlaqələndirmənin olmamasından təəccüblənir. Deyir, ən azından prezidentin məsləhətçiləri, ona müəyyən çıxışları hazırlayanlar baş verənlərlə bağlı operativ reaksiya verməliydilər:

“Prezidentin 10 fevralda səsləndirdiyi həmin açıqlamadan bir neçə saat sonra Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı yayıldı. Nazirliyin bəyanatı prezidentin 12 fevralda Kürdəmir açıqlaması ilə üst-üstə düşürdü. Yəni prezidentin Müşahidə Missiyası haqda kəskin bəyanatından sonra XİN ATƏT-in rəyini balanslaşdırılmış adlandırdı. Belə olanda iki ehtimal yaranır: ya XİN-lə Prezident Administrasiyası arasında əlaqələndirmə çox zəifdir, yaxud da dövlət başçısının məsləhətçiləri baş verən olayları operativ dəyərləndirməyi bacarmırlar. Əlbəttə, prezidentin iki günün ərzində mövqeyini dəyişməsi xoşagələn deyil”.

Рауф Миркадыров
Rauf Mirqədirov

Rauf Mirqədirov düşünmür ki, Avropa İttifaqı və Dövlət Departamentinin bəyanatları prezidentin mövqeyinə ciddi təsir edər:

“Ümumiyyətlə, rəsmi Bakının Avropa strukturları ilə son illərdəki siyasəti münasibətləri sabitləşdirmək, tarazlaşdırmaq və dialoq məcrasına yönəltməkdən ibarət idi”.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL partiyaları seçkilərə qatılıblar.


ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu

(DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Əslində Azərbaycanda parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasət“Prezidentin 2 gün içində mövqeyini dəyişməsi xoşagələn deyil”