Prezident yeni icra başçısına: Yaşca kiçiksən, yerini dəyiş

“Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir”.

Source: Specify Source


“Bəzi yüksək ranqlı məmurların hərəkətləri ikrah hissi doğurur”

Prezident

İlham Əliyev

martın 5-də sərəncam verərək İsmayıllı və Neftçala rayonlarına yeni icra başçıları təyin edib.

İsmayıllı rayonunun icra başçısı vəzifəsinə 1979-cu il təvəllüdlü, Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin hərbəri Nahid Bağırov, Neftçala rayonuna isə 1989-cu il təvəllüdlü, “İrəli” gənclər təşkilatının sədri Mirhəsən Seyidov təyin ediliblər.

İcra başçısı qismində prezidentin ilk qəbulunda gənc icra başçısı dövlət başçısı tərəfdən iradla rastlaşıb. Belə ki, vəzifəyə təyin edilmələri ilə bağlı martın 5-də İlham Əliyevin qəbulu üçün kabinetə daxil olduqdan sonra, dövlət başçısı oturmaq istəyən Mirhəsən Seyidova “Sən yaşça kiçiksən, yerini dəyiş”, deyib.

Prezident daha sonra hər iki icra başçısının onun etimadını doğruldacağına inandığını deyib.

“Buna nail olmaq üçün, sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır. Bu tapşırıqlar da çox sadədir – vətəndaşlarla bir yerdə olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək”.

İlham Əliyev deyib ki, rayonlarda həm ictimai-siyasi ab-hava sağlam olmalıdır, ictimai münasibətlər sağlam zəmində qurulmalıdır və həm də xalqı narahat edən problemlər həll edilməlidir. Prezident deyib ki, müəyyən səbəblərə görə icra başçılarının özlərinin həll edə bilmədiyi problemlər olduqda, onlar gərək mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq nazirliklərə təkliflər verməlidirlər və fəal olmalıdırlar.


“Heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq”

Ölkə başçısı xatırladıb ki, qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. O bildirib ki, hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır və bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır.

“Əfsuslar olsun ki, hələ də bunu dərk etməyən insanlar var. Neftçala rayonunda aparılmış xüsusi əməliyyat onu bir daha göstərdi. Xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim bəzi yüksək ranqlı məmurlar nəinki xalqın, dövlətin etimadını doğrultmurlar, onların hərəkətləri ikrah hissi doğurur.

Bütün bu sübutlar göz qabağındadır, nümayiş etdirilən videogörüntülər, sadəcə olaraq, bəzi məqamları işıqlandırır. Ancaq Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistemli xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı. Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq. Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır”.


“Neftçaladan kadrlar keçmiş icra başçısının deqradasiyasının dərəcəsini göstərdi”

Prezident vurğulayıb ki, Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır.

“Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılıb və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək. Ancaq artıq aşkar olunan faktlar onu göstərir ki, Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir”.


“Neftçalanın icra başçısı kimi hərəkət edən digər rəhbərlərin oxşar hərəkətləri araşdırılacaq”

Prezident təhsil müəssisələrində rüşvətxorluq hallarının kütləvi olduğunu deyib:

“Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda, dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir. Yəni, bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir”.

Ana səhifəSiyasətPrezident yeni icra başçısına: Yaşca kiçiksən, yerini dəyiş