“Prezident Mursi bir nömrəli siyasi məhbusdur”

Əli Həsənov Azərbaycan mediasını antiazərbaycan kampaniyasına qarşı fəal mübarizəyə çağırıb

Source:


Əli Həsənov Azərbaycan mediasını antiazərbaycan kampaniyasına qarşı fəal mübarizəyə çağırıb

“Qərbdə müəyyən dairələrin Azərbaycana təzyiq göstərmək cəhdləri səngimir. Lakin Azərbaycan KİV-i bu cəhdlərin qarşısının alınmasında mühüm rol oynayır”. Bu sözləri Azərbaycanın dövlət başçısının köməkçisi Əli Həsənov BDU-da ölkədə mətbuatın roluna həsr olunan tədbirdə deyib.

“Bəzi böyük güclər bir sıra dövlətləri idarə etmək istəyir. Təbii ki, Azərbaycanda həmin dövlətlərin sırasındadır. Bu gün Azərbaycanın bəlli sərvətləri, siyasəti və özünəməxsus maraqları var. Bu maraqları reallaşdırmaq üçün kimlərinsə maraqları qarşısında sədd çəkməliyik. Bu məsələdə bizim KİV böyük rol oynayır”, – o vurğulayıb.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan mediasının nümayəndələri bu gün kifayət qədər qüdrətə malikdirlər ki, onlara sinə gərsinlər və həmin qüvvələrə Azərbaycan xalqını çaşdırmağa imkan verməsinlər.

“Bu gün dünyada baş verən proseslər heç də qərb və digər mətbuatda yazıldığı kimi cərəyan etmir. Xalqların çoxu heç də terrorist, vəhşi insanlar deyil. Lakin son 10 ildə həmin dövlətlərin başına görün nə oyun açıldı. Öz maraqları çərçivəsində müsəlman ölkələrini nə günə qoydular. Xalqları millətləri və etnik azlıqları necə bir-birinə qarşı qaldırdılar.

 Siyasi məhbusun bir nömrəli nümunəsi Misir dövlətinin başçısı Mursidir. Öz əhalisinin demokratik səsverməsi yolu ilə 50 faizdən çox səs toplayıb prezident seçilən adamı kiminsə maraqlarına cavab vermədiyi üçün bu gün həbs edərək edam etmək istəyirlər”, – o bildirib.

Ə.Həsənov Azərbaycan KİV-i antiazərbaycan kampaniyasına qarşı fəal mübarizəyə çağırıb.

“Təəssüf ki, bu gün dünyada çoxstandartlılığın hökm sürdüyü dövrdə Azərbaycan jurnalistikasının bəzi nümayəndələri də onlara dəstək olurlar. Azərbacan xalqına, dövlətinə qarşı çevrilən əməllərə bu və ya digər yollarla yardım edirlər. Təəssüf edirəm ki, bu gün xarici ölkələrdə məskunlaşan bəzi azərbaycanlı adını, soyadını daşıyan jurnalistlər onların əsas hədəflərinə çevriliblər. Antiazərbaycan şəbəkələri formalaşıb ki, onların fəaliyyəti haqqında məlumatlıyıq”, – PA rəsmisi qeyd edib.

“Bundan sonra bizi mühüm qlobal tədbirlər gözləyir. Bu gün ölkəmiz özünün həqiqi ambisiyasını ortaya qoyub. Dünya dövlətlərinin hər biri ilə yarışmağa hazır olduğunu bildirir. Hesab edirəm ki, bu ambisiyada da bizim əsasımız var. Bugünkü qonaq qarşılama qabiliyyəti və bacarığı ortadadır. Bunu heç kim inkar edə bilməz. Heç kim də bizi aparıb anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz. Azərbaycan artıq inkişaf yolundadır və belə də davam edəcək. Təbii ki, bu sahədə medianın rolu da olduqca önəmlidir”,- o bildirib.

Ana səhifəXəbərlər“Prezident Mursi bir nömrəli siyasi məhbusdur”