Prezident keçən yolda söküntü: “Lotuluqla obyektləri dağıdırlar”

Dağıdılan qapı-pəncərə, şüşə qırıqları içində gəzən mülk yiyələri. Mayın 23-də Bakıda tanış mənzərə təkrarlanıb. Yusif Səfərov küçəsində iaşə obyektləri məhkəmə qərarı olmadan dağıdılıb.

Sahibkarlar deyir ki, söküntü Bakı Şəhər İcra Hakimiyyəti nümayəndəsinin göstərişilə, polislərin nəzarəti altında həyata keçirilib.

Xətai Rayon İcra Hakimiyyətindən sakinlərə bildirilib ki, ərazidə park salınacaq. Bu səbəblə təkcə obyektlər yox, yaşayış yerləri də sökülməlidir.

Ərazidə polis əməkdaşları və icra nümayəndələri dolaşarkən sahibkarların bir hissəsi mülklərinin önündə canlı sədd qurub, dağıntıya mane olmağa çalışıblar.

Digərləri isə Xətai Rayon İcra Hakimiyyətinə üz tutub. Vətəndaşları hüquqi məsələlər üzrə şöbə müdiri Teymur Əzizov qəbul edib. O çıxışında bildirib ki, sahibkarla qanunauyğun şəkildə razılıq əldə olunub və bütün məsələlər protokolda öz əksini tapıb. Lakin dövlət rəsmisi razılıq vermədiyi halda obyekti sökülən vətəndaşların suallarını cavablandıra bilməyib.

Narazı sahibkarların mayın 24-də icra hakimiyyətinə dəvət olunduğu bildirilir.

Ana səhifəXəbərlərPrezident keçən yolda söküntü: “Lotuluqla obyektləri dağıdırlar”