“Sədəf Kabaş ifadə azadlığının hüdudlarını aşıb”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalist Sədəf Kabaşı məhkəməyə verib.
Prezident jurnalistdən onu təhqir etməsi səbəbindən 250 min lirə (31 min manat) təzminat tələb edib.
Jurnalist Sədəf Kabaş yanvarın 22-də televiziya verilişində Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddiası ilə həbs edilib.
Jurnalist “öküz saraya girərsə, kral olmaz, saray tövlə olar” ifadəsinə görə hədəfə alınıb.
Prezident təzminat davasını jurnalist Sədəf Kabaş və onun çıxış etdiyi televiziya kanalının bağlı olduğu şirkətin İdarə Heyətinin sədri Fırat Şakara qarşı açıb.
Prezident Ərdoğanın vəkili Əhməd Özəlin İstanbul 20-ci Asliye Məhkəməsinə verdiyi vəsatətdə Sədəf Kabaşın canlı yayımda prezidentin ünvanına təhqir və böhtan dolu ifadələr işlətdiyi bildirilib.
“Müttəhim müvəkkilimi hədəf alan ağır, dözülməsi çətin, təhqir dolu bəzi ifadələr işlədib. Cəmiyyət önündə aşağılayıcı, zərərverci bir insan kimi təqdim edərək alçaldılıb”, – deyə o, vəsatətində qeyd edib.
Vəkil əlavə edib ki, Fırat Sakar da Media Qanununun 13-cü maddəsinə əsasən, hüquqi məsuliyyət daşıyır: “Demokratik cəmiyyətin tələbi olan ifadə azadlığı qanunla təmin olunsa da, sözügedən televiziya proqramında müvəkkilimin şəxsi hüquqlarına xələl gətirilib. Bununla Sədəf Kabaş ifadə azadlığının hüdudlarını aşıb”.
Məhkəmə qərar verib ki, cavabdehlər iki həftə ərzində məlumatlandırılacaq.
Bu zaman ərzində təqsirləndirilən şəxslərin sosial-iqtisadi vəziyyətinin müəyyən edilməsi üçün hüquq-mühafizə orqanlarına məktub göndəriləcək.
Sədəf Kabaş yanvarın 14-də “TELE 1”-də yayımlanan televiziya proqramında söylədiyi fikirlərə görə yanvarın 22-də gecəyarısı polisin basqını zamanı evində saxlanılıb.
“Prezidenti təhqir etmək” maddəsi ilə açılan istintaq çərçivəsində Kabaş barəsində həbs-qətimkan tədbiri seçilib.
Sədəf Kabaş Sülh Cəza Məhkəməsində bildirib ki, onun proqramda işlətdiyi ifadə atalar sözüdür: “Mən hətta orijinal sözü dəyişdim və istifadə etdim. Buradan da anlaşıldığı kimi, mən təhqir etmək fikrində deyiləm. Demək istədiyim odur ki, cəmiyyəti əhatə edən, birləşdirən üslub olmalıdır. Bunu vurğulamaq istədim”.
Jurnalist ittihamı qəbul etmədiyini söyləyib və azadlığa buraxılmağı tələb edib.