Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya təşəbbüsü irəli sürüb.
Bu barədə Azərtac məlumat yayıb.
Məlumata görə, amnistiyanın 20 mindən çox adama şamil ediləcəyi gözlənilir.
Amnistiya aktının layihəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən İkinci Qarabağ müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Layihə, həmçinin həmin əməliyyatlar zamanı həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərə şamil edilir. Bundan başqa, qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər kateqoriyadan olan şəxslər də amnistiya aktının əhatə dairəsinə daxildir.
Proqnozlara əsasən, 5 mindən artıq məhkum azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, bu cəzaya məhkum olunmuş 3 mindən çox şəxsin cəzası azaldılacaq. Eyni zamanda, 7 mindən artıq məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər və ya şərti tətbiq edilmiş cəzalardan azad olunacaq. Bundan başqa, mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir.