Ülvi Həsənli həbs olunacağını ehtimal edirdi
Noyabrın 20-dən Azərbaycanda fəaliyyət göstərən və son illərin ən səs-küylü jurnalist araşdırmalarına imza atan “AbzasMedia” və onun heyəti nəhayət gözlənilən repressiya ilə üzləşib. Gecə evindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılan “AbzasMedia”nın direktoru Ülvi Həsənli saytın dərc etdiyi araşdırmalara görə cəzalandırılacaqlarını ehtimal edirdi.
O, saxlanıldıqdan sonra öyrənib ki, mülki geyimli şəxslər Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları imiş. Bundan sonra Ülvi Həsənlinin iştirakı ilə “AbzasMedia”nın ofisində və onun yaşadığı mənzildə axtarış əməliyyatı keçirilib. Saytın yerləşdiyi ofisin dəhlizində şkafın üstündə polis 40 min avro pul aşkar olunduğu bildirib.
Ülvi Həsənli saxlanılarkən işgəncəyə məruz qaldığını bildirib:
“Hamısı maskalı idi. Gözümü də, deyəsən, orada, taksidə vurdular. Polis idarəsinə gətirdilər, orada mübahisə düşdü, Polisin biri yumruq vurdu, biri də təpik. Heç nə, ondan sonra qalxdıq. Qalxandan sonra da söhbətlər. “Niyə Qarabağdan yazmırsız? Niyə korrupsiyadan yazırsız?” “Abzas”la bağlı”
Ülvi Həsənlinin saxlanılması xəbəri ictimaiyyət arasında yayıldığı müddətdə qurumun direktor müavini Məhəmməd Kekalovun da polis tərəfindən evindən aparıldığı deyilirdi. Amma Kekalovun harada saxlanılması ilə bağlı məlumat verilmirdi.
“AbzasMedia” bəyanat verərək Ülvi Həsənlinin saxlanılarkən polis tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib. Bəyanatda “AbzasMedia” olaraq cəmiyyəti bilgiləndirməyə davam edəcəkləri diqqətə çatdırılır:
“”AbzasMedia” olaraq bildiririk ki, Ü.Həsənlinin saxlanılması, onun evində və ofisində axtarış aparılması qanunsuzdur. Bütün baş verənlər jurnalistin fəaliyyətilə bağlıdır. Bu səbəbdən Ü.Həsənli dərhal sərbəst buraxılmalıdır.
“AbzasMedia” olaraq onun qanunsuz saxlanılmasında ölkə başçısı İlham Əliyevi məsuliyyətli bilirik. Çünki biz ölkə prezidentinin və onun təyin etdiyi məmurların korrupsiya cinayətləri ilə bağlı silsilə araşdırmalar apararaq, sizə təqdim edirik. Ü.Həsənlinin saxlanılmasının yaydığımız bu korrupsiya araşdırmaları ilə bağlı olduğunu düşünürük.
Hesab edirik ki, prezident onun həbsini sifariş etməklə bu media qurumunun bağlanmasını, korrupsiya cinayətləri ilə bağlı məlumatların sizə çatmasını əngəlləməyi hədəfləyir. Amma “AbzasMedia” olaraq heç bir həbs və ya digər təzyiq üsulları bizi sizə doğru xəbər çatdırmaqdan çəkindirə bilməz.
Siz doğru xəbərə layiqsiniz və ödədiyiniz vergilərin kimlər tərəfindən haraya və necə xərcləndiyini bilmək sizin haqqınızdır. Sizin məlumat almaq azadlığınızın qarşısını bizim həbsimiz əngəlləyə bilməz. Biz araşdırmalarımıza davam edəcəyik.”
Noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı Meydan TV-nin suallarını cavablandırarkən bildirib ki, Ülvi Həsənli saxlanılarkən ondan “AbzasMedia”nın araşdırmaları ilə bağlı sorğu-sual edilib. Qarabağda yenidənqurma işləri ilə məşğul olan şirkətlər barədə araşdırmalar nəzərə çatdırılaraq “niyə Qarabağdakı uğurlardan yox, oradakı korrupsiyadan yazırsınız?” soruşulub:
“Bildirmək istəyirik ki, Ülvi Həsənlinin həbsi birbaşa İlham Əliyevin sifarişidir. Çünki biz ölkə prezidentinin ailə üzvlərinə məxsus şirkətlərin Qarabağda necə qeyri-şəffaf mexanizmlərlə layihələr qazandıqlarını və dövlət büdcəsi hesabına orada iş görüb gəlir əldə etdiklərini sübut etmişik. Bu da təbii ki gözlənilən şəkildə onları qıcıqlandırıb. Amma biz bildiririk ki, ya Ülvi Həsənli, ya mən, ya istənilən birimiz həbsdə olduğumuz halda belə bu işi davam etdirənlər var. Düşünməsinlər ki, tək-tək şəxsləri həbs etməklə bu araşdırmaları dayandıra bilərlər.”.
Sevinc Vaqifqızı ofisdən götürüldüyü deyilən 40 min avronun “AbzasMedia” və onun işçilərinə aidiyyatı olmadığını, pulun ora polislər tərəfindən qoyulduğunu bildirib.
Noyabrın 21-də gecə saatlarında xarici səfərdən ölkəyə dönərkən Sevinc Vaqifqızı hava limanında – elə təyyarədəcə saxlanılıb. O, əvvəlcə yaşadığı mənzilə aparılaraq evində axtarış əməliyyatı keçirilib. Vəkil Elçin Sadıqovun deməsinə görə, 2 saatdan artıq davam edən axtarış nəticəsində cinayət işi üçün əhəmiyyətli hesab olunan predmet tapılmayıb. Bundan sonra o, Bakı şəhər Baş Polis İdarəsinə aparılıb.
“AbzasMedia”nın rəhbərliyinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçalmalçılıq) ilə cinayət işi açılıb. Xətai rayon məhkəməsinin qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Saxlanılmasından 3 gün sonra direktor müavini Məhəmməd Kekalovun da polisdə saxlanıldığı məlumatı təsdiqini tapıb. Lakin, o, durumunun qaydasında olduğunu bildirərək vəkilindən imtina edib. Bundan sonra onun barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Noyabrın 30-da Daxili İşlər Naziri Vilayət Eyvazov Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) sorğusuna cavab olaraq bildirib ki, sayt rəhbərliyinə qarşı ittihamların onların fəaliyyəti ilə əlaqələndirilməsi tamamilə əsassızdır:
“Hər üç şəxs Azərbaycanın dövlət sərhədindən “külli miqdarda xarici valyuta”nı “gömrük nəzarətindən kənar və ya gizli yolla bəyan etmədən” keçiriblər, “AbzasMedia”nın ofisindən tapılan 40.000 avro da qaçaqmalçılıq yolu ilə gətirilən valyutanın bir hissəsidir”
“AbzasMedia” əməkdaşlarına qarşı təqiblər başlamazdan əvvəl Azərbaycan Dövlət Televiziyası və hökumətə yaxınlığı ilə tanınan xəbər saytları Amerika Birləşmiş Ştatları və Avropa mənzilli fondlarla çalışan Qeyri-Hökumət Təşkilatları və media qurumlarına qarşı amansız mübarizənin başlamalı olduğunu tirajlayırdı. Azərbaycanda ABŞ-a yarınmaq üçün casusluq edən şəbəkələrin olmasından danışılırdı. “AbzasMedia” rəhbərliyinin həbsindən sonra da bu media qurumları istintaqdan alındığı ehtimal edilən sənədlərin şəkillərini yayaraq “AbzasMedia”nın ölkədə qarışıqlıq salaraq, sabitliyi pozmasını hədəflədiyini bildirir. Ülvi Həsənli və Məhəmməd Kekalovun külli miqdarda pul vəsaitlərini ölkəyə qeyri-leqal yollarla gətirdiyini yazırdı. Yayımlanan reportajlarda “AbzasMedia” ilə əməkdaşlıq edən şəxslərin adları çəkilir, onların qanunsuz əməllər törətdiyi vurğulanırdı.
“AbzasMedia”nın əməkdaşları, həmçinin rəhbərliyin ailə üzvləri polisə çağırılaraq ifadələri alınır, onların bank hesablarına blok qoyulur, ölkədən çıxışları məhdudlaşdırılıb.
Şahid qismində ifadə verib, sonra həbs edilib
Dekabrın 1-də “AbzasMedia” ilə əməkdaşlıq edən jurnalist Nərgiz Absalamova ifadə vermək üçün ikinci dəfə çağırıldığı Bakı şəhər Baş Polis İdarəsindən Xətai rayon Məhkəməsinə aparılıb və orada onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Vəkili Şəhla Hümbətova deyir, Absalamova həbsini qanunsuz hesab edir, təqibləri fəaliyyəti ilə əlaqələndirir:
“Məhkəmədə də bildirdi, istintaq protokoluna imza atanda da bildirdi ki, mən heç bir cinayət əməli törətməmişəm, ittihamda göstərilənlərə aidiyyətim yoxdur. Məhkəmə həbsini əsaslandırmadı. Çox uzun müddət müşavirədə oldu. Görünür tərəddüd edirdi. Çünki məhkəmə zamanı biz çıxış etdik. İstintaq orqanının həbslə bağlı vəsatətinin necə əsassız olduğunu göstərdik. Bu zatən aşkardır. Görünür. Heç bir əsaslandırma vermədi. Sadəcə elan etdi ki, 3 ay müddətinə həbs qətimkan tədbiri seçilir. Amma maraqlısı budur ki, müstəntiq tərəfindən həbsin seçilməsi üçün təqdim edilən vəsatətdə həbsin zərurəti belə əsaslandırılıb ki, qaçaqmalçılıq işi üzrə – yəni bildiyimiz o iş üzrə Sevinc Abbasova (Vaqifqızı), Ülvi Həsənli, Məhəmməd Kekalov və Nərgiz Absalamova hazırda şəxsiyyətləri araşdırılan digər şəxslərlə bir qrup şəklində bu cinayəti törədiblər və Nərgiz Absalamova həmin şəxslərin ifşa edilməsi üçün istintaqa kömək etmədiyinə görə istintaq belə hesab edir ki, əgər o azadlıqda qalarsa həmin şəxslərlə əlaqəyə girər, onların istintaqdan gizlənməsinə şərait yaradar.”
“AbzasMedia” niyə hədəfə alınıb?
Təndiqçilərin fikrincə “AbzasMedia” daha çox Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların biznesi, eləcə də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı araşdırmalar dərc etdiyi təqiblərə başlanılıb.
Saytın araşdırmalarından birində deyilir ki, Ağdamda inşa edilən 6 yaşayış binasından ibarət kompleksi “PMD Group” MMC tikir. Şirkət “Paşa Holding”in struktur bölməsinə daxildir. “Paşa Holding” isə Prezident İlham Əliyevin ailə üzvlərinə məxsusdur.
Qrup Ağdamda yaşayış evləri kompleksindən başqa həm də iki mehmanxananın: 110 nömrəlik “Park Forest Hotel Agdam” və 130 yerlik “City Hotel Agdam”ın tikintisinə başlayıb.
“AbzasMedia”nın bir başqa araşdırmasında işğaldan azad edilən ərazilərdə su anbarlarının, su çəkilişlərinin layihələrini həyata keçirən yerli və türk şirkətlərinin bəzilərinin tenderə qoşularkən vergi borclarının olduğu bildirilir.
Araşdırmalarda tenderlərin qeyri-şəffaf keçirilməsi vurğulanır, layihələrin Prezident İlham Əliyevin və bir sıra məmurların ailə üzlvləri, eləcə də Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğana yaxın şirkətlər tərəfindən icra edildiyi bildirilir.
Günahları sübuta yetirilərsə, “AbzasMedia”nin həbs edilən əməkdaşlarını 8 ilə qədər azadlıqdan məhrum edilmə gözləyir.
2014-cü ildə həbs həyatı yaşamış, həbsindən sonra ölkədən kənarda yaşamağa məcbur qalan jurnalist Rauf Mirqədirov düşünür ki, hökumətin başqa dövlətlərlə münasibətləri nəzərdən keçirərkən “demokratik düşərgə”ni hədəfə alması ilk dəfə baş vermir:
“Təəssüflər olsun ki, Qərb dövlətləri ilə münasibətlər pisləşəndə Azərbaycanda daxili siyasi vəziyyət kəskin şəkildə dəyişir. Prinsip etibariylə bu da anlaşılandır. Hakimiyyət demokratik ruhlu KİV, insan haqları müdafiəçisi olan QHT-ləri və ictimai-siyasi fəalları sıradan çıxarmağa çalışır. Bu birinci dəfə deyil, 2013-2014-cü illərdə biz belə halların şahidi olmuşuq. O dövrdə siyasi çevrənin bütün sahələrini əhatə edən həbslər oldu. O dövrdə həm siyasətçilər həbs olundu, həm jurnalistlər, həm də vətəndaş cəmiyyəti təmsilçiləri. Azad mətbuata demək olar ki, son qoyuldu, müstəqil və tənqidçi jurnalistlərin böyük bir hissəsi təzyiqlə üzləşdi. Bütövlükdə bu cür fəaliyyət göstərən təşkilatları, jurnalistləri hökümət Qərbin ölkədəki agentləri hesab edir.”
Mirqədirov araşdırmaçı və tənqidçi mediaya qarşı repressiyaların davam edə biləcəyini düşünür.
“Bəlli olmayan müddətə mən formal və faktiki olaraq əməkhaqqısız qalmışam”
“AbzasMedia” işi ilə bağlı şahid qismində ifadə verənlərin bəziləri həm də təqsirləndirilən şəxs qismində cəlb olunub, onların bank hesabları bloklanır, ölkədən çıxışına qadağa qoyulur. Bu barədə həm də “AbzasMedia” ilə əməkdaşlıq etmiş araşdırmaçı jurnalist Hafiz Babalı özünün facebook hesabında yazır:
“Sən demə, mən bu qurama işdə sadəcə şahid deyil, təqsirləndirilən şəxsəm.
Bu qərarın verilməsindən bir gün sonra isə BŞBPİ-də şahid qismində dindirilmişəm.
İttiham tərəfi məni hansı qanunsuz əməldə gunahlandıra bilər? Başa düşürəm, elə bir mühitdə, cəmiyyətdə və hakimiyyət altında yaşayırıq ki, istənilən məsum insanı ən ağır cinayətdə belə bu ölkənin marionet məhkəməsi ittiham edib həbsə ata bilər və edir – nümunələr kifayət qədərdir. Abzasla əməkdaşlıq etmişəmmi? Bəli. Jurnalistəm. Bu, mənim işimdir. Dindirmədə də bildirdiyim kimi, Azərbaycanda həmin araşdırmaları dərc edəcək çox az sayda KİV qalıb. Araşdırmalarım Abzas sayəsində geniş rezonans yaradıb. Həmin araşdırmaları hazırlayarkən janrın xüsusiyyətinə uyğun olaraq, çox vaxt peşəkar tədqiqatçı kimi, yüzlərlə mənbə və sənədlərlə işləməli olmuşam. O şeyləri ki, prokurorluq “görmür”, mən incəliklərinə qədər yazıb, oxucunun ixtiyarına vermişəm. Sabir demiş: düzü düz, əyrini hamvar. Amma aynaya baxanlar çarəni, deyəsən, onu qırmaqda görürlər.
Başqa ölkədə yaşasaydım, bu məqalələrə görə dövlət səviyyəsində təşəkkür eşidəcəkdim. Qanunsuz varlananlara qarşı isə cinayət işi açılacaqdı. Azərbaycanda isə nəsibim, gördüyünüz kimi, bunun tam əksidir: hakimiyyət onu tənqid edənləri təqib edir.”
İqtisadçı Toğrul Vəliyev isə eyni cinayət işi üzrə ifadə verdikdən sonra bank hesabının dondurulmasından yazır:
“Bakı şəhəri Baş Polis İdarəsinin vəsatəti əsasında Xətai rayon məhkəməsi tərəfindən noyabrın 29-da verilmiş qərara (şahid kimi cəlb olunduğum gündən bir gün sonra artıq “təqsirləndirilən şəxsin yaxın əlaqəsi” kimi göstərilmişəm) görə mövcud olan bank hesablarıma həbs qoyulub.
Qərar ayın 29-da verilib və dekabrın 1-də PaşaBanka göndərilib. Sonuncu da dekabrın 5-dən etibarən bütün hesablarımı bloklayıb.
Bloklanan hesablar arasında mənim əməkhaqqı kartım da var. Yəni yeganə gəlir mənbəyim olan əməkhaqqım (özü də əməkhaqqı oturan günü) da bloklanıb. Beləliklə bəlli olmayan müddətə mən formal və faktiki olaraq əməkhaqqısız qalmışam.
Sizcə insan əməkhaqqı almadan nə edə bilər? Və eyni zamanda necə yaşamalıdır?”
Hüquqşünas, media eksperti Ələsgər Məmmədlinin fikrincə, hökumət 2021-ci ildə qəbul etdiyi “Media haqqında” qanun ilə bütün medianı kontrol altına almağa çalışır və burada tənqidçi mediaya yer yoxdur:
“AbzasMedia” tənqidçi media nümunəsidir və təndiqçi media olduğu üçün, daha çox tənqidi aspektlərə yer ayırdığı üçün, eyni zamanda xüsusilə korrupsiya araşdırmalarını qabartdığı üçün yəqin ki, bu çərçivədə kiminsə “xətrinə dəyib” və ona görə bu proses baş verdi. Əlbəttə, orada həbs olunan gənclərin hər hansı günahı olduğunu mən düşünmürəm. İttihamın heç də obyektiv sübutlar çərçivəsində formalaşacağını da düşünmürəm. Bu media və ifadə azadlığına konkret olaraq basqı kimi qiymətləndiriləcək bütün dünyada, o cümlədən də Azərbaycanın gerçək, real cəmiyyətində, bu, belə anlaşılır”
Həbslər “AbzasMedia” əməkdaşları ilə bitmir
Noyabrın 28-də daha bir jurnalist – “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb, onun evində axtarış aparılıb. Vəkili Bəhruz Bayramov Meydan TV-yə bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi başlanıb.
Səbail Rayon Məhkəməsi Əziz Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib.
Qardaşı Anar Orucov kanal rəhbərinin əvvəlki həbsini diqqətə çatdırıraq indiki həbsi də qanunsuz adlandırır.
Dekabrın 4-də ictimai fəal və keçmiş polis məmuru İlhamiz Quliyev həbs edilib.
O, oktyabrın əvvəlində “AbzasMedia”ya polisin tənqidçilərin üzərinə necə narkotik yerləşdirməsi barədə anonim müsahibə verdikdən bir neçə gün sonra polisə tabe olmamaq və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzasına məhkum edilmişdi. İlhamiz Quliyev inzibati həbsdən azad edildikdən bir ay sonra bu dəfə narkotik ittihamı ilə həbs edilib.
Yaxınları bildirir ki, axşam saatlarında Quliyevi həbs edərkən polislər ona hücum edib, başından xəsarət alıb və saxlanıldığı yerdə polis tərəfindən işgəncələrə məruz qalıb.
Bir sıra ekspertlər və vətəndaş cəmiyyəti təmsilçiləri son həbsləri Azərbaycanla ABŞ arasında münasibətlərin soyuması ilə əlaqələndirir. Noyabrın 15-də Konqresdə çıxışı zamanı ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayn Azərbaycanın sentyabrda Qarabağda keçirdiyi əməliyyatları diqqətə çatdıraraq, 907-ci düzəlişdən imtinanı uzatmamaqla bağlı çıxış edib. O, bu addımı Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında irəliləyiş olmaması ilə əlaqələndirib.
1992-ci ildən bəri 2 ölkə arasında gərginliyi artıran 907-ci düzəliş ABŞ konqresinin “Qarabağın işğal edilməsi və orada yaşayan erməni əhalinin blokadada saxlanıılması” əsaslandırması ilə “Azadlığa dəstək haqqında akt”a düzəliş edib. Həmin 907-ci düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edir. Keçmiş sovet ölkələri arasında bu yardımdan məhrum edilən yeganə ölkə Azərbaycan idi. 2001-ci ildə ABŞ Senatı Prezidentə bu düzəlişdən imtina etmək hüququ verib. Ondan bəri ABŞ prezidentləri bu düzəlişin funksionallığını ertələyirdi.
ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Brayn dekabrın 6-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra “X” sosial şəbəkədə yazdığı postda bu görüşü “ABŞ-Azərbaycan arasında münasibətlərin gələcəyinə dair ilk konstruktiv söhbət” adlandırıb.
Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, Azərbaycan başqa ölkələrlə münasibətlərin pisləşməsi nəticəsində öz vətəndaşlarını cəzalandırır. O ölkələr arasında gərginliyin aradan qaldırılması üçün başqa üsullar seçilməsinin uyğun olduğunu müdafiə edir:
“AbzasMedia”nın təmsilçilərinin həbsi məsələsini bu kontekstdə görürük. Əslində biz burada heç Amerika da kəşf etməmişik. Çünki mətbuatın özündə belə bir anons verildi – mən AZTV-də yayımlanan reportajdan danışıram – madam ki, bizə bu ölkələr imkan vermir sülh müqaviləsinin bağlanmasına, onda biz də həmin ölkələrə qarşı nəsə etməyə başlayacağıq. Onun kontekstində bax bu həbslər oldu. Bizim də vətəndaş cəmiyyəti təşkilatı olaraq mövqeyimiz ondan ibarətdir ki, geopolitik vəziyyət və ya geopolitik mübahisələr heç bir halda hüquq və azadlıqların pozulmasına gətirib çıxarmamalıdır. Ad qoymaqlar, – labellaşdırıb ki, kimsə agentdi, kimsə xarici ölkəyə işləyir, kimsə burada xarici ölkənin maraqlarını təmsil edir, – bu yanaşmanı biz tamamilə səhv yanaşma hesab edirik”.
Beynəlxalq təşkilatlar Azərbaycan hökumətini “AbzasMedia”ya qarşı təqibləri dərhal dayandırmağa çağırıb, həbs olunan jurnalistləri sərbəst buraxmağa çağırır.
International Media Institute, Amnesty International, The Committee of Protect Journalist, Human Rights Watch və bir sıra beynəlxalq insan haqları və jurnalist hüquqları müdafiəçisi təşkilatları “AbzasMedia”ya basqıları pisləyən bəyanatla çıxış edir, həbs olunan jurnalistlərin azad olunmasını tələb edir.
“Azərbaycan hökumətini israrla insan hüquq və əsas azadlıqlarına hörmət etməyə çağırırıq”
Dekabrın 2-də Amerika Birləşmiş Ştatları Azərbaycanda jurnalistlərin davam edən həbslərindən “dərin narahatlıq” hissi keçirdiyini bildirib. Son 10 gündə artıq müstəqil mətbuatdan beş jurnalist həbs edilib.
“Biz ilkin hesabatları gördük. Əvvəlki kimi, Azərbaycanda jurnalistlərin həbsindən dərin narahatlıq hissi keçiririk”, – deyə Nərgiz Absalamova saxlanıldıqdan sonra Dövlət Departamentinin nümayəndəsi Turan-ın Vaşinqtondakı müxbirinə bildirib.
“Biz Azərbaycan hökumətini israrla insan hüquq və əsas azadlıqlarına, o cümlədən fikri ifadə etmək azadlığını həyata keçirənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırırıq”
Noyabrın 28-də Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar.
Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib. Görüşlərdə, bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.
Azərbaycan hökuməti bir qayda olaraq, Azərbaycanda heç kimin siyasi baxışına, düşüncəsinə və əqidəsinə görə həbs edilmədiyini, həbs edilən jurnalistlərin. ictimai-siyasi fəalların törətdikləri əməllərə görə qanunla cəzalandırıldığını bildirir.
“Mediaşəbəkə”nin dəstəyi ilə