“Gizlətmirəm, məndən bu barədə soruşanda hazır olduğumuzu bildirdim”
Polşanın Prezidenti Ancey Duda bəyan edib ki, ABŞ rəhbərliyi ilə NATO-nun Nüvə Paylaşımı proqramı çərçivəsində ölkə ərazisində nüvə silahının yerləşdirilməsi məsələsini müzakirə edib.
“Gizlətmirəm, məndən bu barədə soruşanda hazır olduğumuzu bildirdim. Rusiya getdikcə Kalininqrad vilayətinə daha çox hərbi qüvvə yerləşdirir. O, bu yaxınlarda nüvə silahlarını Belarusa köçürüb. Əgər müttəfiqlərimiz NATO-nun şərq cinahının təhlükəsizliyini artırmaq məqsədilə Nüvə Paylaşımı çərçivəsində nüvə silahının ərazimizdə yerləşdirilməsi barədə qərar çıxararsa, biz buna hazırıq”, – Duda bəyan edib.
O, həmçinin qeyd edib ki, Polşa Şimali Atlantika Alyansının üzvüdür. Odur ki, müəyyən öhdəlikləri var və ümumi siyasəti həyata keçirməyə hazırdır.
Nüvə Paylaşımı NATO tərəfindən qəbul edilmiş nüvənin qarsısını alma konsepsiyasıdır. Bu, öz nüvə silahına malik olmayan ölkələrin onların istifadəsinin planlaşdırılmasında iştirak edə bilməsini nəzərdə tutur. Bu zaman həmin ölkələrin ərazisində nüvə yüklərinin yerləşdirilməsinə, habelə istifadə edildiyi halda bu ölkələrin silahlı qüvvələrinin nüvə silahının çatdırılmasına cəlb edilməsinə icazə verilir. Məlum proqram çərçivəsində amerikan nüvə silahları artıq Belçika, Almaniya, İtaliya, Niderland və Türkiyədə altı bazada yerləşdirilib.