Politoloqlar Soçi görüşündən heç nə gözləmir

“Əliyev gözəl bilir ki, o, birliyə qoşulmaqla, ilk növbədə, öz hakimiyyətini təhlükə altına atacaq”

Source:


“Əliyev gözəl bilir ki, o, birliyə qoşulmaqla, ilk növbədə, öz hakimiyyətini təhlükə altına atacaq”

Avqustun 8 və 9-da Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Avqustun 7-də isə Azərbaycan prezidenti Ağdam rayonunda olmuş və “Bu gün düşmən panikadadır, isterikadadır” bəyanatını səsləndirmişdi.

Məlum atəşkəsin pozulmasının ardınca Rusiya prezidentinin vasitəçiliyi Azərbaycan cəmiyyətində Moskvanın Bakını Avrasiya İttifaqına üzvlüyə təzyiqi rəyini gücləndirdi. Bu mənada Soçi görüşündən gözləntilər barədə suallar aktuallaşdı.

Politoloq Leyla Əliyeva Soçi görüşündən heç nə gözləmir: “Ümumiyyətlə, Rusiyanın vasitəçiliyi ilə hər hansı razılıq mümkün deyil”.

Leyla Əliyeva Moskvanın Bakıya təzyiq edəcəyini düşünmür: “Əksinə, Azərbaycan Ermənistana təzyiq etmək istəyir. Bu gün Ermənistan çox narahatdır, çünki onlarda Bakının Moskva ilə razılığa gəlməsi təsəvvürü güclənir və hesab edirlər ki, Rusiya bir neçə rayonu Azərbaycana qaytaracaq”.

“Rusiya Ermənistanın öz nəzarətində olduğunu bilir. Azərbaycanı öz tərəfinə çəkə bilsə, Qafqaz artıq Kremlin təsirində olacaq. Bu mənada, Rusiya Qarabağ məsələsini həll etmək istəmir, çünki münaqişənin indiki vəziyyətdə qalması Moskvaya iki respublikaya təsir vasitəsi kimi lazımdır. Qərbin mövqeyinə gəlincə, Avropa üçün bu gün prioritet Ukrayna olduğundan  Qafqaza diqqət əvvəlki qədər deyil” –deyə Leyla Əliyeva bildirib.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu görüş ərəfəsində atəşkəsin pozulmasını Bakıya təzyiq kimi qiymətləndirir. Amma o, rəsmi Bakının bu olaydan öz daxili və xarici marağı üçün istifadə etdiyini də düşünür: “Yüksək ehtimalla Azərbaycan tərəfi Soçi görüşündə atəşkəsin pozulmasının əsas müzakirə predmeti olmasına çalışacaq. Əgər belə olacaqsa, başqa mövzular arxa plana keçəcək, o cümlədən, münaqişənin tənzimlənməsi ilə bağlı müxtəlif addımların atılması”.

Politoloq ABŞ-ın 7 rayonun qeyd-şərtsiz Azərbaycana qaytarılması tələbini xatırladaraq bildirdi ki, Rusiya bunu nəzərə alaraq Azərbaycana

 alternativ təkliflər verməklə Avrasiya Birliyinə cəlb etməyə çalışır: “Rusiyanın başlıca hədəfi bu, olsa da, İlham Əliyevin bəyanatlarını nəzərə aldıqda, Kreml istəyinə nail olmayacaq. Düzdür, Azərbaycan hakimiyyətinin yüksək eşelonunda təmsil olunan “beşinci kalon”u bu istiqamətdə xeyli canfəşanlıq edir. Son illərdə bu canfəşanlıq xeyli intensivləşib, mən həmin çevrələrə yaxın mətbuatda Qərbə qarşı ittihamları misal çəkə bilərəm, az qala atəşkəsin pozulmasında Amerika “izi” axtarırlar. Bunların hamısı elə İlham Əliyevin özünə təzyiqdir. Amma bunun gözlənilən effektin verəcəyini güman etmirəm.

Ona görə yox ki, Əliyev demokratdır, Qərbpərəstdir, sadəcə, Avrasiya Birliyinə üzvlük onun hakimiyyət maraqlarına ziddir. Əliyev gözəl bilir ki, o, birliyə qoşulmaqla, ilk növbədə, öz hakimiyyətini təhlükə altına atacaq”.

Politoloq Rasim Ağayev indiki vəziyyəti nə hərb, nə sülh adlandırdı: “Belə durumda prezident Soçiyə gedir və atəşkəs yenə pozulur, yəni bu da mümkündür. Ona görə Ali Baş Komandanın Ağdama getməsi təbiidir. Bundan sonra Soçidə Sarkisyanla görüşməsi də normaldır. Bəli, əgər Ermənistan hücum etməsəydi, Soçi görüşünə heç ehtiyac da qalmazdı”.

O, atəşkəsin pozulmasında Rusiyanın maraqlı olması barədə fikirləri fərziyyələrdən biri adlandırdı: “Onsuz da Cənubi Qafqazda baş verən proseslərdə Moskvanın ya marağı, ya da iştirakı var. Bu fikirləri Avropa Birliyi və ABŞ haqqında da demək olar. Cənubi Qafqaz Rusiya üçün strateji məkandır, ona görə Moskvadan səslənən fikirlərə təbii yanaşın. Bəli, Avrasiya İttifaqı Rusiyanın layihəsi olduğundan Azərbaycanın quruma üzv olmasını istəyərdi. Rəsmi Bakı isə nə Avropa Birliyinin assosiativ layihəsinə, nə də Avrasiya İttifaqına daxil olmayacağına bildirib”.

Rasim Ağayev Putinin öz məqsədinə çatdığını düşünür: “O mənada ki, o, Cənubi Qafqazda mövqeyini möhkəmlədir, ikinci, Qarabağ problemi onun himayəsindədir. Baxın, Soçi görüşünün təşəbbüsü də onlarındır. Son 12 ildə Moskva Cənubi Qafqazda zəifləmişdi, Gürcüstan artıq Avropa Birliyinə yaxınlaşıb,  Ermənistan manevrlər edirdi, bunun qarşısı alındı. Azərbaycan “öz mövqeyi”nin olduğunu deyib. Belə vəziyyətdə Rusiya acıq edib bölgədən getməyəcək ki. Əksinə, mövqeyini möhkəmlədəcək”.

Ana səhifəXəbərlərPolitoloqlar Soçi görüşündən heç nə gözləmir