Nəzakət Məmmədovanın övladı anasının himayəsinə verilib
Bu günlərdə 13 il azadlıqdan məhrum edilən Nəzakət Məmmədovanın övladı onun anasının himayəsinə verilib. Nəzakət Məmmədovanın autizm xəstəliyindən əziyyət çəkən bir azyaşlı övladı var.
Müxtəlif media orqanlarında politoloq kimi çıxış edən, o cümlədən “Alfa TV” adlı internet telekanalının rəhbəri Nəzakət Məmmədova bir il bir aydır ki, dövlətə xəyanət ittihamı ilə həbsdədir. Onunla bağlı məhkəmə prosesi də artıq başa çatıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinən Nəzakət Məmmədova 13 il azadlıqdan məhrum edilib.
O, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları ilə gizli əməkdaşlıqda, onların verdiyi məxfi tapşırıqları yerinə yetirməkdə, müəyyən şəxsləri də əməkdaşlığa cəlb etmək cəhdlərində və bütün bunların müqabilində pul almaqda təqsirli bilinib. Nəzakət Məmmədovanın daim Moskvaya gedib-gəlməsi də əməkdaşlığın tərkib hissəsi, orada xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşlər keçirməsi kimi təqdim olunur.
İttihama görə, Nəzakət Məmmədova müəyyən şəxslər, onlar haqqında Azərbaycanda gedən araşdırmalar barədə məlumatlar toplayıb çatdırmaq, rəhbərlik etdiyi internet kanalında Rusiyanın xeyrinə təbliğat aparmaq kimi tapşırıqlar alıb və yerinə yetirib.
Nəzakət Məmmədovanın göndərilən pulları poçtdan, bankdan tanışları, hətta bəzən marşrut sürücüsü vasitəsilə götürdüyü iddia edilir.
1978-ci il təvəllüdlü Nəzakət Məmmədova özünü təqsirli bilmir. O, dövlətə xəyanət ittihamının əsassız olduğunu, heç bir xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etmədiyini və buna görə pul almadığını bildirib.
Onun sözlərinə görə, Moskvada keçirilən tədbirlərdə, konfranslarda iştirak edib, kanallarda çıxışları olub. Bu səbəbdən ona ezamiyyət pulları, çıxışları müqabilində qonorarlar ödənilib. Göndərilənlər də həmin pullar olub:
“Mənim Rusiya mətbuatında çoxlu məqalələrim var”.
Lakin məhkəmə onun dediklərini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirib.