Politoloq: “Rusiya Qarabağdakı proseslərə təkbaşına nəzarət etmək istəyir”

Foto: Meydan TV

“Bir çox mərkəzdə Cənubi Qafqazın qaynar nöqtələri də müzakirə edilir”

“Rusiya danışıqlar prosesini öz nəzarətində saxlamaq istəyir və kənar qüvvələrin müdaxiləsində maraqlı deyil”.

Politoloq Azər Qasımlı Vladimir Putin və Nikol Paşinyanın aprel 19-da Moskvadakı görüşünü Meydan TV-yə şərh edərkən belə deyib.

Onun sözlərinə görə, hələ bir neçə ay əvvəl Brüssel görüşü razılaşdırlsa da, Putin tələsik ölkə başçılarının Soçi görüşünü təşkil edib:

“Hətta Soçidə hər iki dövlət başçısına bəyanat da imzalatdırdılar. Sənəddə sülməramlıların fəaliyyətindən məmnunluq ifadə olunurdu. Bunlar boşuna deyildi, ona görə də tərəflərin növbəti belə bir görüş mümkündür”.

Üçtərəfli əməkdaşlıq və Qarabağda təhlükəsizlik…

Kremlin Putin və Paşinyanın görüşü ilə bağlı açıqlamasında bildirilir ki, ölkə başçıları Bakı və Yerevan arasında münasibətlərin normallaşmasına kömək məqsədilə üçtərəfli əməkdaşlığın aktivləşdirilməsi barədə razılığa gəliblər:

“Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyin təmin edilməsinə, Dağlıq Qarabağ əhalisinin həyatı üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasına həlledici töhfəsini vurğuladılar”.

“Onlar təxirəsalınmaz humanitar vəzifələrin tezliklə həllinin, Dağlıq Qarabağ nizamlanmasının siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini, bu kontekstdə ATƏT-in Minsk Qrupunun Həmsədrlik İnstitutunun potensialından və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyi qeyd ediblər”, – deyə məlumatda vurğulanır.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Azər Qasımlı deyir ki, birgə bəyanatdakı üçtərəfli əməkdaşlıq perspektivləri ifadəsi əsasən Qarabağ məsələsini ehtiva edir:

“Çünki Minsk Qrupu əvvəlki formatda çalışa bilməyəcək. Əsas səbəb 44 günlük İkinci Qarabağ savaşı göstərilsə də, əslində, belə deyil. Səbəb məhz Rusiyanın Ukraynaya qarşı müharibəsidir. Bu savaş Paris-Moskva-Vaşiqnton formatını sıradan çıxarır. İndi Rusiya yeni format düşünür ki, Qarabağ məsələsini müzakirə etsin və məsələni nəzarətində saxlasın”.

“Rusiya istərdi ki, Azərbaycan da Avrasiya Birliyinə üzv olsun”

Qasımlı hesab edir ki, Moskva Avrasiya İqtisadi Birliyində də bu iki ölkəni bir araya gətirmək istəyir:

“Rusiya istərdi ki, Azərbaycan da birliyə üzv olsun. Yəni Kreml Qarabağ danışıqlarını bu birlik daxilində həll edib, Azərbaycanı da üzv etməyə çalışacaq”.

Bəyanatda “Minsk Qrupunun təcrübələrindən yararlananmaq lazımdır” ifadəsini isə politoloq belə şərh edir: “Minsk Qrupu fəaliyyəti boyu 3 məsələnin üzərində dayanıb: 7 rayonun boşaldılması, sülhməramlı kontingentin yerləşdirilməsi və status. Rusiya bunların ikisinin həll olunduğunu düşünür. Yəni 7 rayon qaytarılıb və öz sülhməramlısını bölgəyə yerləşdirib və hesab edir ki, problem bitib. Statusu məsələsini də Bakı və Yerevanla danışacaq”.

Azər Qasımlı Qarabağın təhlükəsizliyi ilə bağlı yekun razılaşmanın mahiyyəti ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini deyir:

“Bilmirəm, gərək bu suala Əliyev və Paşinyan cavab versin. Bəlkə, heç dövlət başçıları da konkret fikir bildirə bilmirlər. Düzdür, Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edir. İkincisi, Azərbaycan da bölgədə olan erməni vətəndaşlarının bütün hüquqlarının təmin olunması qarantiyası verir. İndi aydınlaşdırmaq lazımdır ki, həmin qarantiyalar nədən ibarətdir?”

Avropa Birliyinin formatında keçirilən görüşlər Moskvanın təşkili ilə baş tutan təmaslardan fərqlənir”

“Birinci məqam Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıdır ki, əgər qəbul edilirsə, bunu alqışlamaq lazımdır. Ancaq söhbət hələ təhlükəsizlikdən gedir və Paşinyan bölgənin statusu ifadəsini istifadə etmirsə, bu da müsbətdir. O da yalnız Avropa Birliyinin moderatorluğu altında keçirilən görüşün nəticəsi ola bilər. Rusiya olsaydı, belə nəticə çıxmayacaqdı. Məsələ ondadır ki, Avropa Birliyinin formatında keçirilən görüşlər Moskvanın təşkili ilə baş tutan təmaslardan fərqlənir. Birincisi, masa fərqlidir, ikincisi də Brüssel formatında dövlət başçıları təklikdə də görüşür. Rusiya formatında bunlar yoxdur”, – deyə politoloq qeyd edib.

Qasımlı danışıqlar prosesində Türkiyənin rolunun görünməməsini Avropa Birliyinin moderatorluğu ilə əlaqələndirir:

“Məsələ ondadır ki, Ermənistan Türkiyəni Azərbaycanın tərəfində olan ölkə kimi qəbul edir. Ümumiyyətlə, Ermənistan Türkiyənin bölgədə fəallaşmasına heç zaman müsbət yanaşmayıb. Ona görə Yerevanın Ankaraya münasibəti aydındır. Bu mənada Bakı deyir ki, Ankara-Yerevan münasibətləri normallaşsa, gələcəkdə Türkiyənin iştirakına isti yanaşma olacaq”.

“Ukrayna müharibəsi təhlükəsizlik konfiqurasiyalarını dəyişdirir”

Siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, Ermənistanın Baş naziri Qarabağın təhlükəsizliyi deyəndə Rusiya sülhməramlılarının bölgədə yerləşməsini və fəaliyyətini nəzərdə tutur:

“Məhz Rusiya tərəfindən Qarabağı işğalda saxlayan separatçıların təhlükəsizliyinin təmini nəzərdə tutulur. Əslində, bölgədəki ermənilərin təhlükəsizliyi müxtəlif variantlara və ya formatlara daxil edilə bilər. Söhbət ondan gedir ki, Putin Dağlıq Qarabağın separatçıların və Rusiya sülhməramlılarının nəzarəti altında olmasını Ermənistan tərəfindən dəstəklənməsi variantını Paşinyana sırıya bilib”.

Rauf Mirqədirov
Rauf Mirqədirov, Foto: Meydan TV

“Hazırda Ukrayna müharibəsi təhlükəsizlik konfiqurasiyalarını dəyişdirir. Bir çox mərkəzdə Cənubi Qafqazın qaynar nöqtələri də müzakirə edilir. Bu baxımdan Putin indidən münaqişə ilə bağlı təminatların alınmasının vacibliyini dərk edir. Çünki Azərbaycan və Ermənistan tərəfindən Qarabağ münaqişəsinə hər hansı digər güc mərkəzlərinin konfiqurasiya sistemlərinin tətbiqi barədə cəhdləri Putin üçün qeyri-məqbuldur”, – deyə Rauf Mirqədirov bildirib.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Ana səhifəSiyasətPolitoloq: “Rusiya Qarabağdakı proseslərə təkbaşına nəzarət etmək istəyir”