Deputat: “BMT Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”
“Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına tezliklə başlanmasının tərəfdarıyıq. Bu məsələnin Dağlıq Qarabağa və regionun problemlərinə aidiyyatı yoxdur. Bu, ikitərəfli məsələdir, artıq bir ildir ki, onun üzərində işləməyə başlamağı təklif edirik”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında deyib.
Lavrov bildirib ki, Rusiya demarkasiya komissiyası ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq.
XİN rəhbəri komissiyanın yaradılması ilə bağlı tezliklə qərar veriləcəyinə ümid edir.
Politoloq Qabil Hüseyn Sergey Lavrovun açıqlamasını “hədyan” adlandırıb:
“Sərhədlərin demilitasiyası bitəndən sonra ərazi bütövlüyünün tanınması məsələsi gəlir. Laçın şəhəri və dəhlizi Azərbaycanın sərhədləri daxilindədir. Sərhəddə oradan keçəcək və ərazidə Azərbaycanın həm gömrük, həm də sərhəd xidmətinin postları yerləşəcək. Sərhədlərin demilitasiyasının tərkib hissələrindən biri də budur. Ona görə də Lavrovun fikrini çox uğursuz və qəsdən deyilmiş fikir kimi qiymətləndirmək lazımdır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev isə fərqli düşünür.
Deputat da Ermənistanla Azərbaycan arasında sərhədlərin demilitasiya məsələsinin Qarabağa aid olmadığı qənaətindədir:
“Bu mənada Rusiyanın xarici işlər nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədindən gedir. Onsuz da BMT Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Xatırlayırsınızsa, mayın 12-də Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Azərbaycanın sərhədləri pozmasıyla bağlı müraciət etmişdi. Amma müsbət reaksiya ala bilmədi”.
“26 noyabrda Soçi görüşü keçirildi və orda sərhədlərin demilitasiyası, demarkasiyası ilə bağlı razılaşma oldu. Rusiya da vasitəçi olmağa razılaşdı. Burada söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir, hər hansı qondarma qurumun sərhədinin bu məsələyə aidiyyatı yoxdur, ola da bilməz. Elə sərhədlərin demilitasiyası və demarkasiyasından sonra qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması prosesi başlanmalıdır. İndi məsələ belə qoyulub: Azərbaycan AXC-nin varisi, Ermənistan isə Ermənistan SSRİ-nin varisidir. Əgər ərazi bütövlüyü məsələsində Ermənistan hansısa addım atmağa çalışsa, o zaman Azərbaycan 1920-ci ilə qədər olan sərhədlərin necə olması barədə məsələni qaldıra bilər. Burada artıq söhbət Zəngəzur, Dərəlyəz, Göyçədən gedir”, – deputat belə deyib.