Daxili İşlər Nazirliyi onun polislərə bıçaqla müqavimət göstərib, qaçmağa çalışdığını iddia edir
Bakının Sabunçu qəsəbəsində polis əməkdaşlarının 25 yaşlı Elşən Haqverdiyevi güllələyərək öldürdüyü bildirilir. Bu barədə Meydan TV-yə qəsəbə sakinləri məlumat verib. Məlumatda bildirilir ki, hadisə sentyabrın 3-nə keçən gecə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti də Elşən Haqverdiyevin polislər tərəfindən öldürüldüyünü təsdiqləyib. Nazirliyin məlumatında iddia olunur ki, sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub:
“Dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərməklə, qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib”, – məlumatda qeyd olunur.
“Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haqverdiyev Elşən Zaur oğlu olub. Faktla bağlı araşdırma aparılır”, – nazirliyin məlumatında bildirilir.