Polisin Lerikdə şadlıq sarayında bir nəfəri öldürdüyü bildirilir

Foto: Azərtac

Daxili İşlər Nazirliyi 53 yaşlı Şaiq Ağayevin polisə silahlı müqavimətə görə öldürüldüyünü iddia edir

Lerikdə polislər 1971-ci il təvəllüdlü Şaiq Ağayev güllələyərək öldürüb. Hadisə noyabrın 3-də günorta saatlarında baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda iddia olunur ki, hadisə Lerikdəki şadlıq evlərindən birində baş verib. 53 yaşlı Şaiq Ağayev silahlı olub və insident yaradıb. Saxlanılarkən polislərə silahlı müqavimət göstərib:

Görülən tədbirlərlə silahlı şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Bir polis əməkdaşı yaralanıb. Hadisə yerindən “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır”.

Meydan TV-nin əldə etdiyi məlumatda isə bildirilir ki, Şaiq Hilal oğlu Ağayev həbsdən bir müddət əvvəl çıxıb:

“Qardaşı Füzulinin evində olub. Polis də onun yeri barədə məlumat əldə edib, ora gedib. Gediblər ki, səndə silah var. O zaman da insident yaranıb”.

Mənbə əlavə edib ki, son dövrlərdə Lerikdə əhali arasında polisdən ciddi narazılıq var. Xüsusən Ramil Mustafayev Lerik Rayon Polis Şöbəsinin rəisi təyin olunandan sonra narazılığın daha da artdığı bildirilir:

 “At arabası getməyən kəndlərdə Post-Patrul maşınları ilə adamlara göz verib, işıq vermirlər. Neçə iş adamlarına sutkalıq həbs verdirib, başlarına oyun gətiriblər. Camaat evinə taxta alıb aparır, yolda maşını polis saxlatdırır. Camaatın canını boğazına yığıblar”.

Ana səhifəBölgəPolisin Lerikdə şadlıq sarayında bir nəfəri öldürdüyü bildirilir