“Mübarizə qaldığı yerdən davam edir”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayev yanvarın 19-da azadlığa buraxılıb. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarı şamil edilərək, AXCP fəalı cəzasının qalan hissəsindən azad edilib.
Zamin Salayev iki ilə yaxın müddətdə heç bir cinayət törətmədiyi halda siyasi sifarişlə həbsdə saxlandığını bildirib. Bununla belə, o, mübarizədən geri çəkilmədiyini də vurğulayıb: “Mübarizə qaldığı yerdən davam edir. Bu yolda mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Zamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.
Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.
Video yayılandan sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi. İnzibati həbsdən sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.
Daha sonra Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.
Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, qarşı tərəfin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.