Polis və məhkəmədə qeyri-bərabər ədalət

Mətbuatda tez-tez siyasətçilərin, jurnalistlərin, dindarların və işçi hüquqları həmkarlar təşkilatları təmsilçilərinin həbs olunduqları zaman kobud rəftarla üzləşməsi xəbərləri yayılır. Adətən onlar saxlanılarkən vəkillə təmin olunmaq hüququndan və ailələrinə məlumat verilməsindən məhrum edildiklərini bildirirlər. Polisdə fiziki və psixoloji təzyiqlə onlardan etmədikləri əməllərlə bağlı ifadə yazmaq, polis və icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş cinayəti qəbullanmaq tələb olunur. Bəzən bu əməlləri sübut etməyə də ehtiyac duyulmadan polis işi məhkəməyə göndərir və hakim də işi araşdırmadan həbs qərarı seçir.

Meydan TV-yə danışan siyasi fəallar və həbs edilən jurnalistlərin yaxınları saxlanılma zamanı qanun pozuntularının bunlarla məhdudlaşmadığını, həbs edildikdən sonra təcridxanalarda da onlara qarşı digər məhbuslarla müqayisədə qeyri-bərabər münasibət göstərildiyini bildirir.

Fiziki tələbatlarımın ödənilməsinə qəsdən əngəl törədildi, baş və boyun nahiyələrimə zərbələr endirildi


2023-cü ilin dekabrında 25 sutkalıq inzibati həbs cəzası almış “Nida” Vətəndaş Hərəkatının üzvü və III Respublika Platformasının həmtəsisçisi Araz Əliyev saxlanılarkən mülki geyimli polislərin fiziki təzyiqi ilə üzləşdiyini bildirir. Əliyevi saxlayan polislər onun küçədə söyüş söydüyünü və polis əməkdaşının qanuni tələbinə əməl etmədiyini rəhbər tutaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edib.

Araz Əliyev:

“Saxlanılarkən ciddi şəkildə fiziki zorakılıq, təhqir, insan şərəf və ləyaqətini alçaldan rəftar təəssüf ki, Azərbaycanın bugünkü reallığıdır. Mən də bu “reallıqdan” nəsibimi aldım. Özlərini təqdim etməyən, mülki geyimli şəxslər açıq-aşkar zorakılıq göstərməklə və təhqir etməklə mənim “oğurlanma” prosesimi həyata keçirdi. Qarın və qıç nahiyələrimə sərt zərbələr endirildi. Daha sonra eyni və daha sərt rəftar 24-cü polis bölməsində aparılan qanunsuz dindirilmə prosesində davam etdirildi. Fiziki tələbatlarımın ödənilməsinə qəsdən əngəl törədildi, baş və boyun nahiyələrimə zərbələr endirildi. Təxminən 4-5 saat qədər davam edən qanunsuz dindirilmə prosesində qanuni vəkilimə və ailə üzvlərimə hər hansı məlumat verilmədi, mənə qarşı emosional və psixoloji təzyiq vasitələrindən istifadə edildi.

Foto: Meydan TV

Heç bir pozuntu etmədiyim halda məndən zorla izahat yazmağım və bəzi sənədləri imzalamağım tələb edildi. Bütün bu prosedurlardan imtina etməyimə baxmayaraq, vəkilimə və ailə üzvlərimə xəbər vermədən təcili məhkəməyə çıxarıldım. Məhkəmədə dövlət tərəfindən təyin olunmuş vəkil hüquqlarımın müdafiəsini demək olar ki, yerinə yetirmədi, əksinə məni təqsirkar göstərdi. Məhkəmə prosesində şəxsi olaraq qaldırdığım vəsatətlər qəbul edilmədi, yalançı şahidlərə verdiyim suallar cavablandırılmadı və hakim qaldırdığım məsələləri açıq şəkildə görməzdən gəldi. Nəticədə polis əməkdaşlarının saxta ifadələri əsasında 25 günlük məhkum edildim”.

“Amerika filmlərinə çox baxmısan”

“Nida” Vətəndaş Hərəkatının başqa bir üzvü, 2016-cı ildə külli miqdarda narkotik satışı ittihamı ilə 5 il 6 ay həbs edilən Elgiz Qəhrəman da həbs olunarkən bənzər qanun pozuntuları və qeyri-insani rəftara məruz qaldığını bildirir. Narkotik satışı ittihamı ilə həbs olunsa da, ifadə verərkən onunla siyasi fəaliyyəti barədə söhbətlər aparılıb.

Elgiz Qəhrəman:

“Saxlanılan zaman maşının arxa oturacağında əlləri ilə başımı aşağı salıb o şəkildə apardılar. Buna görə də yolda olanda hara getdiyimi bilməmişəm. Sadəcə ünvana çatanda mənə məlum oldu ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişəm. Orada saxlanıldığım bir həftə ərzində lazım olan heç bir ehtiyacımla təmin olunmamışam. Təmiz paltar, ailəmlə əlaqə saxlamaq istədim bunlara icazə verilmədi. Dedim, heç olmasa ailəmlə əlaqə saxlamağa icazə vermirsiz, ya mənə təmiz paltar verin, ya da həbs olunan zaman üstümdə olan 66 manat pul ilə mənə dəyişəcək əyin-baş alıb verin. Bununla bağlı yazılı formada müraciət edə biləcəyimi də dedim. Yay fəsli idi, bir həftə eyni paltarda orada saxlanılmışam. Eyni zamanda mənə mənəvi-psixoloji basqı olaraq həmin müddət ərzində “Banditizm”in (həmin idarə cəmiyyətdə belə adlanır – red.) zirzəmisində duş almağa icazə verilməyib, bir həftə orada eyni paltarda, tərin, qoxunun içində saxlanılmışam, təraş olunmağa şərait yaradılmayıb, diş fırçası, gigiyenik vasitələr istəmişəm bunları təmin etməyiblər.”

“NİDA” fəalının deməsinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan zaman ondan üzərindən götürülən 3.315 qram heroinin satış məqsədilə əldə etdiyini etiraf etmək və bununla bağlı izahat yazmaq tələb edilib. Qəhrəman bundan imtina etdiyi üçün saatlarla əməliyyatçının sürücüsünün qoluna qandalla bağlı şəkildə saxlanıldığını deyir.

Elgiz Qəhrəman:

Ailəmə xəbər vermək istəyəndə dedilər: “Elə bir dünya yoxdur, biz nə vaxt istəsək, onda xəbər verəcəksən”. Vəkil tələb edəndə mənə dövlət tərəfindən təyin olunan vəkil verdilər, mən də ondan imtina etdim. Dedim, öz vəkilimi istəyirəm və o olmadan heç nəyə imza atan deyiləm. O zaman məni saxlayan şöbənin rəisi – sonradan dindarlara və siyasi fəallara işgəncə etdiyi üçün ABŞ-ın sanksiyasına məruz qalan Kərim Əlimərdanov idi, – mənə dedi ki, “sən deyəsən Amerika filmlərinə çox baxmısan, biz kimi desək, sənin vəkilin o olacaq”. Zorla izahat yazdırılmasına etiraz edəndə isə şiddətə, işgəncəyə məruz qalmışam. Orada olduğum müddətdə hər gün döyülmüşəm, əllərim qandallı vəziyyətdə saxlanılmışam, qeyri-insani rəftara məruz qalmışam. Məndən ifadə alan əməliyyatçı Şahlar Cəfərov idi, izahat alınan müddətdə mən onun sürücüsünün qoluna bağlanmış – qandalın bir tərəfi mənim qoluma, digər tərəfi isə həmin o sürücünün qoluna taxılmış şəkildə hərəkət etməliydim. Hətta tualetə belə onun sürücüsü ilə getməyə məcbur idim. Səhər saat 10-dan axşam saat 6-ya qədər bu şəkildə Şahlar Cəfərovun otağında oturub izahat yazmağa məcbur edilirdim”.

Foto: Meydan TV

Elgiz Qəhrəmanın deməsinə görə, polisin təqdimatı ilə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılanda bədənində işgəncə izləri olub. Məhkəmədə həmin izləri hakimə göstərəndə hakim görməzdən gəlib, dövlət tərəfindən təyin olunmuş vəkildən imtina etməsiylə bağlı dediklərini isə eşitmək istəməyib.

Bütün hüquq pozuntularının təməli buradan qoyulur

Hökumətin siyasətini tənqid edən şəxslərin həbs olunması zamanı ən çox müşahidə edilən pozuntulardan biri də saxlanılan şəxsin harada saxlanılması və nədə ittiham olunması ilə bağlı işi aparan qurumun saxlanılan şəxsin ailə üzvlərinə və vəkilinə məlumat verməməsi ilə bağlıdır. Vəkil Zibeydə Sadıqova deyir, xüsusilə siyasi fəallara qarşı bu cür davranışla tez-tez rastlaşır. Vəkilin deməsinə görə, hüquqlarını müdafiə etdiyi şəxslər polisdə saxlanıldıqları zaman yerinin gizlədilməsi onun müdafiə hüququnu pozur və bundan sonrakı digər hüquq pozuntularının da təməli elə bu mərhələdən qoyulur.

Zibeydə Sadıqova. Foto: Meydan TV

“Adam həbs olunur, biz əminik ki, onu polis həbs edib, amma ailəsi axtarır, 102 xidmətinə, Ombudsman Aparatına zəng edirik, uzun müddət həmin şəxsin harada saxlanılması ilə bağlı məlumat ala bilmirik. Çox təəssüf ki alacağımız məlumat 1-2-3 gündən sonra baş verir. Həmin araqlıqda artıq onun taleyini həll edəcək bütün istintaq hərəkətləri aparılmış olur. Məsələn, ondan etirafedici ifadə alırlar, bəzi sənədlər var, onlara imza atdırırlar və sonradan biz həmin sənədlərin müdafiə hüququnun pozulması ilə alınmasını məhkəmədə sübuta yetirə bilmirik, bu, bizə böyük çətinlik yaradır. Nəticədə həmin təqsirləndirilən şəxslərin taleyi 1-2 gün aparılmış istintaq hərəkətləri ilə həll olunur.

Məlumat ala bilməməyimizin digər bir problemi odur ki, həmin ərəfədə artıq ona dövlət hesabına vəkil təyin edilir. Dövlət hesabına vəkil o zaman təyin olunur ki, şəxslərin öz hesabına vəkil tutmağa imkanı olmur. Ona görə onlara dövlət büdcəsi hesabına vəkil təyin olunur. Problem də odur ki, dövlət hesabına təyin olunan vəkil ilə bütün istintaq hərəkətləri keçirilmiş olur. Şəxsin öz vəkili qoşulanda artıq həmin şəxsin taleyini həll edəcək əsas sənədlər imzalanmış olur. Biz məcbur oluruq ki, müdafiə hüququnun pozulması, hansısa psixoloji-fiziki şiddətə məruz qalması ilə bağlı şikayətlər edək. Bu, əsasən siyasi motivli həbslərlə bağlı olur”.

“AbzasMedia” əməkdaşlarının heç bir vəsatəti təmin olunmur

2023-cü ilin noyabrında qaçaqmalçılıq ittihamı ilə həbs edilən tənqidçi və araşdırmaçı “AbzasMedia” saytının əməkdaşlarının saxlanılması zamanı bir sıra qanun pozuntuları diqqət çəkir. Media qurumunun direktoru Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi şəxsin və digər əməkdaşların istintaq müddətində həbsdə saxlanılması üçün əhəmiyyətli əsasın olmadığını bildirir. Sadıqovanın deməsinə görə, “qaçaqmalçılıq” işi xüsusi təhlükəli sayılmır və onların cəmiyyətdən təcrid olunması üçün bir əsas yoxdur.

Zibeydə Sadıqova:

“Ülvinin işlədiyi ofisdə pul tapıldı. Onsuz da Ülvi bildirdi ki, o pul ona məxsus deyil və pul tapılan kimi Ülviyə və “AbzasMedia”nın digər əməkdaşlarına qarşı qaçaqmalçılıq ittihamı ilə cinayət işi başlandı. Halbuki pozuntu elə oradan başlayır ki, o pulun mənbəyi, pulun Ülviyə məxsus olub-olmaması, həqiqətən də qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədi. Ülvini görəndə bildirdi ki, onu zorakılıqla tutublar, onu vurmuşdular, gözündə xəsarət izi vardı. İlkin hərəkətlər aparılandan sonra, pul tapılandan sonra heç bir sübut, heç bir əlavə araşdırma olmadan Ülvi barədə cinayət işi başlandı və onun barəsində həbs seçilməsi üçün məhkəməyə müraciət edildi. Ülvi Həsənli və “AbzasMedia”nın digər əməkdaşları ilə bağlı ən böyük problem ondan ibarətdir ki, məhkəmə həqiqətən də bu adamların ölkəyə qaçaqmalçılıq yolu ilə pul gətirib-gətirməməsini təsdiq edən bir sübuta baxmadan bu adamlar barəsində uzunmüddətli həbs qətimkan tədbiri seçdi. Hazırda bu şəxslərin hamısı Bakı İstintaq Təcridxanasında saxlanılır. Onlar barəsində dəfələrlə həbsdən şikayətlər etmişik, ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlər etmişik, məhkəmə indiyə qədər bizim heç bir şikayət və vəsatətlərimizi təmin etməyib. Baxmayaraq ki, doğrudan da, hüquq sistemimiz təkmil olsaydı, yaxud belə bir qanunvericilik işləmiş olsaydı, bu saat onlar həbsdə olmamalı idi. Barələrində cinayət işi başlanmış olsaydı belə, onlar yenə də həbsdə olmamalı idilər. Alternativ qətimkan tədbirləri var. Nəinki qətimkan tədbiri ilə bağlı, ümumiyyətlə bütün vəsatətlərimiz rədd edilib”.

“AbzasMedia” əməkdaşları həbs olunduqdan sonra mətbuatda mənbəsi istintaqdan qaynaqlandığı güman edilən məlumatlar paylaşılıb. Təqsirləndirilən şəxslər ABŞ-dan maliyyələşən donor təşkilatları ilə əlaqə quraraq Azərbaycan əleyhinə kampaniyalar və əsassız məlumatlar hazırlayıb paylaşmaqda günahlandırılıb. Vəkil müdafiə etdiyi şəxslər barəsində bu cür məlumatlar yayılmasını onların təqsirsizlik prezumpsiyasının pozulması kimi qiymətləndirir. Eyni zamanda bildirir ki, istintaq zamanı onlardan istintaq sirrinin paylaşılmaması ilə bağlı iltizam alınıb, amma Ülvi Həsənli və digər “AbzasMedia” əməkdaşlarının dilə gətirmədiyi ifadələr əsasında ölkə mediasında informasiyalar paylaşılıb. Vəkil bunu “AbzasMedia” əməkdaşlarına qarşı qara piar hesab edir və hüquqi addımlar atacaqlarını bildirir.

Görüş və telefon danışıqlarına qadağa

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “AbzasMedia” əməkdaşlarına ailə üzvləri ilə görüşə və telefon əlaqəsi saxlanılmasına bu yaxınlara qədər icazə verilmirdi. Jurnalist Elnarə Qasımovanın həyat yoldaşı Nicat Əmiraslanov Meydan TV-yə bildirib ki, həyat yoldaşının həbsindən bu yana cəmi bir dəfə telefon danışığı olub:

Foto: Meydan TV

“Biz yalnız azuqələri aparıb Bakı İstintaq Təcridxanasının qapısından içəri ötürə bilirik. Nə görüşə, nə bir məlumat ala bilirik. 20 gün ərzində 1 dəfə telefon danışığımız olub, ondan əlavə heç bir şey”.

Vəkil Zibeydə Sadıqova telefon danışıqlarına və görüşə qadağa qoyulmasının heç bir izahı olmadığını deyir.

Zibeydə Saqıqova:

“Müstəntiq öz qərarında izah etmir ki, nəyə görə Ülvi Həsənli və digər jurnalistlər öz ailəsi ilə telefonla danışa bilməz, yaxud, həftədə bir dəfə ailəsi ilə görüşə bilməz. Baxmayaraq ki, Ülvinin bir yaşında qızı var, onun ən maraqlı dövrüdür, valideyinlərinin hər ikisi onun böyümə vaxtında yanında olmalıdır. Amma Ülvi bundan məhrum edilib. Dəfələrlə müstəntiqin bu qərarının qanunsuz olması ilə bağlı biz məhkəməyə müraciət etmişik, məhkəmə də müraciətləri rədd edir və izah etmir ki, nəyə görə prokurorluğun bu təqdimatı əsaslı hesab olunur.

Biz gözləyirik ki, hər hansı şikayət və ya sual olarsa, təqsirləndirilən şəxslərin özləri saxlanıldıqları yerdən vəkillə əlaqə saxlasınlar, onların vəkilə zəng etmək hüququ var. Təəssüf ki, “AbzasMedia” əməkdaşları ilə bağlı belə bir əngəl var, onlar dəfələrlə vəkillə danışmaq üçün müraciət etsələr də, bu şərait onlara yaradılmayıb. Biz bununla bağlı da məhkəməyə müracət etmişik, amma yenə də təmin edilməyib”.

Əvvəlki illərdə polis orqanlarında mülki vəzifədə çalışmış ictimai fəal İlhamiz Quliyev də saxlanılarkən qeyri-insani rəftarla üzləşib. Bu barədə onun yaxını Aygül Cəfərova danışır. Onun deməsinə görə, İlhamizin saxlanıldığı polis bölməsinə gedib, orada olduğu halda bölmənin rəis müavini bunu inkar edib.

Aygül Cəfərova:

“İlhamizi mənim gözümün qabağında 3 mülki geyimli şəxs sürüyə-sürüyə apardı. Ağ rəngdə “Hyundai” markalı sonu 333 ilə bitən nömrəli mülki maşına mindirdilər. Özlərini təqdim etmədilər, mən də maşının üstünə qaçdım, hara apardıqlarını soruşdum, amma heç nə demədilər. Mən Ombudsman Aparatına zəng etdim ki, adamı belə tutub sürüyərək apardılar. Onlar da mənim şikayətimi qəbul etmədilər, bunu belə əsaslandırdılar ki, “onu aparan adamlar mülki geyimdə olubsa, onların polis olması şübhə altındadır və biz yalnız dövlət qurumları ilə bağlı şikayətləri qəbul edirik” dedilər.

Foto: Meydan TV

Həmin adamlar İlhamizi apararkən maşında döyüblər. Mən Yasamal rayonu ərazisində yaxındakı polis bölməsinə getdim. İlhamizi aparan “Hyundai” markalı maşın həmin bölmənin həyətində dayanmışdı. Mənə dedilər: “Həmin adam bura gətirilməyib”. Sonra həmin polis bölməsinə vəkili də gəldi. Bölmənin qarşısından getmədik, buna görə bölmənin rəis müavini vəkillə məni qəbula çağırdı. Biz içəridə onunla görüşəndə çöldə gözləyən dostlar görüb ki, İlhamizi bölmədən çıxarıb maşınla apardılar. Hətta o aparılanda maşından qışqırıb ki, mən buradayam. Bu müddətdə bölmənin rəis müavini bizi yalanlarla məşğul edirdi ki, onun aparılmasınından xəbər tutmayaq. Məlum oldu ki, onu Yasamal Rayon Polis İdarəsinə aparıblar. Vəkil Zibeydə xanım orada İlhamizlə görüşdü və sonra o da təsdiqlədi ki, üzündə şiddət izləri olub”.

Keçmiş polis əməkdaşı olan İlhamiz Quliyev “AbzasMedia”ya müsahibəsində polislərin vətəndaşları narkotiklə necə şərləməsindən danışıb, qeydiyyata alınmayan narkotiklərin bu məqsədlə istifadə olunduğunu deyib. Müsahibədə onun kimliyi anonim saxlanılsa da, İlhamiz Quliyev olduğu müəyyənləşdirilib və bundan sonra onun özünü həbs ediblər. Yaxınları onun həbsinin bu müsahibə ilə əlaqəli olduğunu bildirir.

Vəkil Zibeydə Sadıqova siyasi motivli həbs edilən şəxslərə qarşı güc və ədliyyə orqanlarında ayrıseçkilik olduğunu deyir. Onun müşahidələrinə görə ictimai təhlükəli hesab edilən cinayətlərdə ittiham olunan digər şəxslərlə bağlı bəzən məhkəmə həbs qətimkan tədbiri seçmir, onun yerinə alternativ qətimkan tədbirləri seçir.

Zibeydə Sadıqova:

“9 yanvarda Perinatal Mərkəzdə yanğın olmuşdu, 4 körpə ölmüşdü. Həmin işdə təqsirləndirilən şəxslərə həbs qətimkan tədbiri seçilmədi. Ola bilər prokurorluq təqdimat vermiş olsun ki, həbs qətimkan tədbiri seçilsin, amma məhkəmə bunu etmədi. Məhkəmə ev dustaqlığı imkan tədbiri seçdi. Bizim qanunvericilik buna icazə verir, təkcə həbs yox, alternativ qətimkan tədbirləri də seçilə bilər. Bu məhkəmənin səlahiyyətindədir. Amma siyasi motivli həbslərdə gözlə görüləcək ayrıseçkiliyə məruz qalırlar. Məsələn, Ülvi Həsənli nə kiminsə ölümünə səbəb olub, nə də daha təhlükəli cinayət əməllərində ittiham olunub. Sadəcə ittiham olunduğu cinayət işi “qaçaqmalçılıq”dır. Bu ittihamı digər cinayət işləri ilə müqayisə etsək, bu adamın şəxsiyyəti cəmiyyət üçün çox da təhlükəli olmamalıdır. Buna baxmayaraq “AbzasMedia” əməkdaşları həbsdədir. Yaxud da digər şəxslər hansı ki, adam öldürməkdə, narkotik satışında ittiham olunurlar. Onlar barəsində istintaq aparılır və onlar istintaq təcridxanalarında saxlanılır, onlar çox rahatlıqla ailələri ilə danışıb görüşə bilirlər. Siyasi motivli həbs olunmuş “AbzasMedia” jurnalistlərinə isə belə bir qadağa var”.

Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir

Hüquq müdafiəçisi, əvvəllər prokurorluq orqanlarında çalışan Rüfət Səfərov xüsusən son bir il ərzində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalara riayət etmədiyini, insan hüquq və azadlıqlarına hörmət edilməyən şəkildə hüquq pozuntularını müşahidə etdiyini bildirir.

Foto: Rüfət Səfərovun şəxsi arxivindən

“Siyasi tənqidçilər, ictimai fəallar, araşdırmaçı media mənsubları müstəqil fəaliyyətlərinə görə qurama əsaslarla inzibati, ya da cinayət məsuliyyətinə cəlb edilirlər. İfadə azadlığı kontekstində şərləmələr, cəmiyyətdən təcrid etmələr geniş vüsət alıb. Bu prosesdə azadlıq və toxunulmaz, ədalətli məhkəmə araşdırması, fikri ifadə etmə azadlıqları kobud surətdə pozulur ki, qeyd edilən azadlıqlar da Avropa Konvensiyasında təsbit edilib. Görünən budur ki, Azərbaycvan İnsan Hüquqları Bəyannaməsinə, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta, Avropa İnsan Hüquqları Konvensiyasına və onun protokokollarına formal qoşulsa da, de-fakto öhdəliklərini yerinə yetirmir”.

Səfərovun müşahidələrinə görə, ilkin istintaq dövründə saxta əsaslarla tərtib edilmiş ittiham aktları qrammatik və orfoqrafik xətalaradək ittiham hökmlərinə köçürülür. Bir sonrakı instansiyalar da əvvəlkinin qərarlarının üzünü köçürməklə eyni qərarları qüvvədə saxlayır.

Rüfət Səfərov:

“Siyasi ağırlıqlı məhkəmə istintaqlarında hakimlər arbitr kimi deyil, tərəf, ya da ittihamın davamı kimi diqqət cəlb edirlər. Bunun səbəbi budur ki, məhkəmə hakimiyyəti də icra hakimiyyətinin davamıdır, eləcə də hakimlərin müstəqilliyinə təminat yoxdur. Baxmayaraq ki, Konstitusiyanın 8-ci maddəsinin IV hissəsinə görə Prezident məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Belə bir hüquqi gerçəklikdə milli instansiyalarda pozulmuş hüquqlarını bərpa edə bilməyən Azərbaycan insanı ümidlə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edir. AİHM 2023-cü ildə Azərbaycandan olan işlər üzrə 40 qərar qəbul edib. Azərbaycan üzrə qərarlardan görünür ki, daha çox ədalətli məhkəmə hüququ pozulub. Bundan başqa, azadlıq və toxunulmazlıq, şəxsi və ailə həyatına hörmət, işgəncələrin qadağan olunması, mülkiyyət, yaşamaq, səmərəli hüquqi müdafiə vasitələri hüquqları, eləcə də yığıncaqlar və birləşmək, ifadə azadlıqlarının pozulduğu AİHM-nin qərarlarında təsdiq edilib. Təəssüf ki, Azərbaycan AİHM-nin aparıcı qərarlarının icra edilməməsinə görə birinci yerdədir. Bu məqamda Konvensiyanın 18-ci maddəsini (Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) xatırlatmaq yerinə düşər. Bu konvensional norma dövlətlərin öz vətəndaşlarının hüquqlarını siyasi səbəblərlə məhdudlaşdırmasının, hakimiyyətdən sui-istifadənin qarşısını almağa yönəlib”.

Rüfət Səfərov hüquq-mühafizə orqanları, məhkəmələr, güc qurumlarının əməliyyat-axtarış, təhqiqat, istintaq fəaliyyətinə nəzarət etməli olan prokurorluğun siyasiləşdiyini, faktiki olaraq YAP hökumətinin siyasi, repressiv maraqlarının keşiyində durduqlarını dilə gətirir.

27 milyonluq mənimsəmə

Səfərov ölkədə ictimai əhəmiyyətli hesab olunan başqa cinayət işləri ilə siyasi motivli hesab olunan cinayət işlərini müqayisə edərək güc strukturlarının siyasi sifariş əsasında cəzalar tərtib etdiyi qənaətindədir.

Rüfət Səfərov:

“Repressiv siyasətə məsul olan güc strukturları tam cəzasızlıq mühitində fəaliyyət göstərirlər. Diqqət edin, fəallar, müxaliflər, korrupsiya araşdırmaları meydana qoyan jurnalistlər barəsində ibtidai istintaq dövründə daha ağır qətimkan tədbiri seçilir – həbs. Məhz siyasi hakimiyyətin təlimatı ilə alternativ qətimkan tədbirləri mümkün olmur, amma əvəzində, məsələn, 27 milyonluq mənimsəmədə ittiham olunan keçmiş nazir Səlim Müslümov azadlıqda olur. Yaxud Perinatal Mərkəzdə yanğın nəticəsində uşaqlar həyatdan məhrum olurlar, məsulyyət daşıyan vəzifəli şəxslər barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilir. Bütün bunlar nədən xəbər verir? Rəsmi Bakının insan hüquqlarına nihilistcəsinə yanaşmasından, bənzər hallara fərqli və ədalətsiz hüquqi qiymətlərdən, ümumiyyətlə, hüquq qaydasının xeyli axsamasından xəbər verir”.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2023-cü ilin yekunlarına dair hesabatında bildirilib ki, bu quruma göndərilən şikayətlərin sayına görə Azərbaycan ilk onluqda yer alıb. Bir sıra siyasi şərhçilər və hüquqçular bunun səbəbinin ölkədə getdikcə boğulmaqda olan siyasi mühit və hakimiyyət opponentlərinə qarşı qeyri-bərabər mühakimə ilə bağlıdır.

Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası Azərbaycanın qurumu fevralın 7-də ölkədə keçiriləcək Prezident seçkilərində müşahidəçi kimi dəvət etmədiyinə, jurnalist və siyasi motivli həbslərə görə ölkənin nümayəndə heyətinin hüquqlarını bir il müddətinə məhdudlaşdırıb. Qurum Azərbaycanı Avropa Şurasına qoşularkən öhdələndiyi əsas tələblərə sadiq qalmadığını bildirib. Azərbaycan AŞPA-dakı nümayəndə heyəti qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə qədər dayandırdığını bəyan edib.

Zaman-zaman bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda insan haqlarının sərt şəkildə pozulduğunu, söz və ifadə azadlığının boğulmasını bəyanatlarında bildirirlər. Azərbaycan hökuməti isə ölkədə heç kimin siyasi fəaliyyətinə, fikirlərinə və ifadəsinə görə cəzalandırılmadığını, həbs edilən ayrı-ayrı şəxslərin konkret cinayət əsasında ədalətli şəkildə mühakimə olunduğunu bildirir.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideoPolis və məhkəmədə qeyri-bərabər ədalət