Polis tərəfindən döyüldüyünü deyən qazi: “Bu dövlət belədirsə, heç mən bu dövləti istəmirəm”

İkinci Qarabağ Müharibəsi qaziləri Ağabala Vəliyev və Türk Eyvaz-zadə polis zorakılığına məruz qaldıqlarını deyirlər. Hadisə yanvarın 11-də, gecə saat 3 radələrində baş verib. Onlar iddia edirlər ki, 8-ə yaxın polis əməkdaşı onların onların işlətdiyi restorana gəlib və onlara qarşı fiziki güc tətbiq edib. Gecəni Sabunçu rayon 13-cü polis bölməsində keçirən vətəndaşlar, bölmədən birbaşa xəstəxanaya getməli olub. Sabunçu Şəhər Mərkəzi Xəstəxanasının həkimlərinin dediyinə görə Ağabala Vəliyevin çənə sümüyündə sınıq var, Türk Eyvaz-zadənin gözünün altında şişkinlik, ayağına dəyən zərbələrdən isə hərəkət məhdudiyyəti yaranıb. Daxili İşlər Nazirliyi isə təzyiq iddialarını əsassız sayır. Qurumdan Meydan Tv-yə bildiriblər ki, ərazi üzrə 13-cü Polis Bölməsinin əməkdaşları gecə saatlarında restoranda olan 4 nəfərə karantin rejimi qaydalarını pozduqlarını bildirsələr də, restoranı işlədən şəxslər buna etiraz ediblər. “Xüsusi karantin rejim qaydalarına əməl etməyən şəxslər barəsində qanunverciliyə uyğun olaraq protokollar tərtib olunub. Onlardan yalnız Ağabala Vəliyev Vətən Müharibəsi qazisidir”- nazirlik bildirib. Zərərçəkənlər və onların dostları bu işin araşdırılmasını və polis əməkdaşlarının cəzalandırılmasını istəyir.

Ana səhifəVideoPolis tərəfindən döyüldüyünü deyən qazi: “Bu dövlət belədirsə, heç mən bu dövləti istəmirəm”