Polis Qazaxıstanın iki əsas şəhərində Prezident Nursultan Nazarbayevin hakim partiyasının qərargahının çölündə nümayiş edən bir neçə etirazçını saxlayıb.
Etiraz aksiyası Mərkəzi Asiyanın bu ölkəsində bir müddətdir davam edən anti-hökumət mitinqlərindən biridir.
Onlarla etirazçı fevralın 27-də paytaxt Astana və Almatada Nur Otan Partiyasının binalarının qarşısında Nazarbayevin istefasını tələb ediblər.
Etirazçılar enerji zəngini Qazaxıstan hökumətini əhalinin ehtiyaclarını və tələblərini gözardı etməkdə ittiham edirlər.
Qazaxıstan Sovet İttifaqı dağılandan sonra – 1991-ci ildə müstəqillik qazanıb. Nazarbayev bu ölkəni o dövrdən əvvəl idarə edir.
Fevralın 4-də Qazaxıstanın paytaxtı Astanada bir evdə yanğın baş verib. Bir ailədən 5 uşağın ölümü ilə nəticələnən bu hadisədən sonra ölkəni etiraz aksiyaları bürüyüb.
Səhər saatlarında baş verən yanğın kiçik ailəni darmadağın edib. Hər iki valideyn gecə növbəsində olduğu üçün 3-13 yaş arasında olan 5 qız uşağını xilas edən olmayıb.
78 yaşlı Nazarbayevin gələn il yenidən seçkilərdə qazanacağı gözlənir. O, Nur Otan Partiya konqresində deyib ki, aztəminatlı ailələrə sosial yardım üçün 790 milyon dollar ayrılmasını əmr verib. Prezident həmçinin bildirib ki, o, hökumətə növbəti üç ildə ictimai sektorda maaşların artırılması üçün təxminən 2.6 milyard dollar ayrılmasını tapşırıb.
Hüquq müdafiəçiləri və tənqidçilər deyirlər ki, Nazarbayev davamlı olaraq müxalifətə təzyiq edir, qeyri-demokratik seçki və referendumlarla özünün prezident postundakı müddətini uzadır və iqtidarından potensial rəqiblərini neytrallaşdırmaq üçün geniş istifadə edir.