“Polis oğrunu himayə edir”

Füzulinin polis rəisini ayağa qaldırdı, tapşırıq verdi ki, bu məsələ tezliklə həllini tapsın, rəis də “baş üstə, cənab nazir” dedi.

Source: Specify Source


Füzulinin Alxanlı kənd sakini deyir, 3 ilə yaxındır 20 min manatını oğurlayan bəlli olsa da, polis tədbir görmür

“Polis rəisi deyir, bilirik ki, pulun ondadır, ancaq çətin adamdır, pulunu alıb, sənə qaytara bilmirik”.

Füzuli rayonu, Alıxanlı kənd sakini Hidayət Səfərov Meydan TV-yə danışır ki, 3 ilə yaxındır 20 min manat pulu oğurlanıb. Oğurluqda günahlandırdığı da elə yaxın qohumudur. Bununla bağlı polisə və prokurorluğa bildirsə də, 3 ilə yaxındır ki, bu qurumlar həmin şəxsi cinayət məsuliyyətinə cəlb etmirlər.

“O pul mənim evimin kompensasiyası idi. 2016-cı ildə Bakının Böyükşor ərazisindəki evimiz söküldü, dövlət bizə 20 min manat kompensasiya ödədi. Biz də həmin pulla ev almaq istəyirik, ev axtarışındaydıq. 2016-cı ilin oktyabrında ailə üzvlərimizdən biri vəfat etdi, ayın 9-da onu kəndə aparıb dəfn elədik, bir neçə gün kənddə qaldıq. Həmin vaxt yaxın qohumum maşının açarlarını məndən mağazaya getmək üçün götürdü, mən oğluma tapşırdım ki, maşındakı əmanətə göz olmaq üçün o da qohumla birlikdə getsin. Ancaq oğlum maşına minmək istəyəndə qohum sürüb getmişdi, maşına minməsinə mane olmuşdu. Mağazadan siqaret almaq bəhanəsiylə maşını götürüb getdi, bir neçə saatdan sonra qayıdanda isə pul maşının saxlanc yerində yox idi”.


“Qohumum pulları maşınımdan oğurlayıb”

Həmin vaxt ailə üzvləri Füzuli rayon Polis Şöbəsinə müraciət ediblər. Hidayət Səfərovun deməsinə görə, qısa vaxtdan sonra polis şöbəsindən ona bildirilib ki, pulun həmin qohum tərəfindən götürülməsi dəqiqləşdirilib. Həmin qohum bildirib ki, tezliklə pulu qaytaracaq:

“Polislər dedi, narahat olma, 3-4 günə pulunu qaytaracaq. Mənsə bildirdim ki, bu adam cinayət törədib, oğurladığı da 5-10 manat deyil. Onsuz da yas içərisində olan ailəyə əlavə streslər yaşadıb, pulu qaytarmaq azdır, bu adam məsuliyyətə cəlb olunmalıdır. Dedilər, narahat olma, o da olacaq. 3 ilə yaxın vaxt keçir, ancaq nə pul qayıdır, nə də adam cinayət məsuliyyətinə cəlb olunur. 3 ilə yaxındır ki, mən polisdən eyni sözləri eşidirəm. Hər ay Bakıdan Füzuliyə gedirəm, bəzən bir ayda bir neçə dəfə getməli oluram, çünki müstəntiqə zəng vuranda telefona cavab vermir, məcbur oluram ki, gedim, nə var, nə yox, yerində öyrənim. Gedirəm, həmişəki kimi kor-peşman qayıdıram. Kasıb adamam, evin pulu əlimizdən çıxandan sonra ev də ala bilmədik, kirayədə qalırıq, son qəpiyimiz də polisdən təzə xəbər eşitmək üçün yolpuluya gedir. Fikirdən xəstəlik tapmışam”.

reg_fuzuli_ogurluq_sened.jpg
Hidayət Səfərova rəis Arzu Daşdəmirovun cavab məktubu


“Polis rəisi deyir, oğrunu yola gətirə bilmirik”

Hidayət Səfərov iddia edir ki, onun pulunu oğurlayan şəxsi polis himayə edir:

“Ramil Usubov hələ nazir olduğu vaxt vətəndaşlasrın qəbulunu keçirəndə mən də qəbula düşdüm, başıma gələnləri danışdım, oğrunun əli cibində ortalıqda gəzdiyini dedim. Füzulinin polis rəisini ayağa qaldırdı, tapşırıq verdi ki, bu məsələ tezliklə həllini tapsın, rəis də “baş üstə, cənab nazir” dedi. Ancaq bir müddət də ötdü, baxdım ki, yenə səs-soraq yoxdur, yenə rəisin yanına getdim, dedi, bilirik, pulun ondadır, arxayın ol, gec-tez alıb verəcəyik özünə, ancaq bir az çətin adamdır, ona görə vaxt uzanır. Sən yenə də arxayın ol ki, gec-tez pulun sənə qayıdacaq. Görəsən polis rəisi niyə oğrunun başını sığallamalıdır ki, sən allah, ayıbdır, camaatın pulunu qaytar? Bu işdə nə marağı var görəsən?”


“Təqdim etdiyi xüsusatlar təsdiqini tapmayıb”

Füzuli rayon Polis Şöbəsindən bildirilib ki, Hidayət Səfərovun avtomobiliindən 20 min manat pulun oğurlanmasıyla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq) maddəsiylə cinayət işi başlanıb. Cinayətin açılması istiqamətində bir sıra təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmayıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hidayət Səfərovun göstərdiyi xüsusatlar tam, obyektiv araşdırılıb, ancaq təsdiqini tapmayıb.

Hidayət Səfərov rayon prokuroruna, baş prokurora, Daxili İşlər Nazirliyinə və gümanı gələn başqa qurumlara müraciət edib, ancaq hamısından eyni məzmunlu cavab alıb. Hidayət Səfərov deyir, gərginlikdən, stresdən xəstəlik tapıb. Övladları iş tapa bilmədiyi üçün ailə kirayəhaqqını ödəməkdə də çətinliklər çəkir.

Ana səhifəBölgə“Polis oğrunu himayə edir”