"Polis aksiyaçı və jurnalistlərə zor tətbiq edib"
Fevralın 11-də 10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova Mərkəzi Seçki Komissiyasının (MSK) önündə aksiya keçirib.
Oturaq aksiya keçirən Rəbiyyə Məmmədova fevralın 9-da keçirilən parlament seçkilərində yol verilən qanunsuzluqlara etiraz edib.
"Bülletenlərin topa şəkildə atılması, qrup səsverməsi və səslərin sayılması zamanı edilən qanunsuzluqlar. Bunların hamısının məndə görüntüləri var. Həmin görüntülər sosial şəbəkələrdə, mediada da işıqlandırılıb. MSK bunları görməyib? Onların susqunluğuna etiraz üçün burada oturaq aksiya keçirəcəyəm. Ta ki, dairənin nəticələri ləğv edilənədək".
Daha sonra aksiyaya 12 saylı Qaradağ Binəqədi Yasamal seçki dairəsindən olan namizəd Elman Quliyev də qatılıb. O da seçki prosesində olan qanunsuzluqlara etiraz edib və oturaq aksiyaya qoşulub.
Qısa zamanda gənclərin ətrafına başqa namizədlər, onların vəklilləri, seçki prosesində iştirak edən müşahidəçilər, məşvərətçilər qoşulub.
Polis aksiyanı dağıdıb. İştirakçılar və aksiyanı işıqlandıran jurnalistlərlə birgə 22 nəfəri avtobusa yığıb və naməlum istiqamətə aparıb.
Hadisə yerində olan Meydan TV əməkdaşı bildirib ki, polis aksiyaçılara və jurnalistlərə zor tətbiq edib.
Jurnalist Aynur Elgünəşin başından vurub yıxıblar. Yıxılandan sonra yerdə vurmağa davam ediblər. Saxlananlar içində jurnalist Aytac Tapdıq da var. Onun vəziyyətinin pis olduğu bildirilir. Saxlanılanlardan Ərzulla Buludlunun isə qabırğasının sındığı deyilir.
Saxlanılanlar arasında olan jurnalist Aynur Elgünəş Meydan TV-yə avtobusla naməlum istiqamətə aparıldıqlarını söyləyib:
"Hara aparıldığımızı bilmirəm. Avtobusda 22 nəfər var. Polis saxlanılan zaman iştirakçılara və jurnalistlərə zor tətbiq etdi".
Saxlananlar içində namizədlərdən Rəbiyyə Məmmədova, Toğrul İsmayılov, Fərhad Mehtiyev, Elman Quliyev, Turqut Qənbər, Ərzulla Buludlu, aktivistlərdən Gülnarə Mehtiyeva, Vəfa Nağı, Bayram Məmmədov, Rüstəm İsmayılbəyli, Qiyasəddin İbrahim, jurnalistlərdən Aygül Mehman, Aynur Elgünəş, Aytac Tapdıq, Aytən Məmmədova da var.
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.
Przident İlham Əliyev açıqlamasında seçkinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini söyləyib.
Ancaq seçkini müşahidə edən beynəlxalq təşkilatlar onun kimi düşünmürlər.
Fevralın 10-da ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA
birgə müşahidə missiyası
növbədənkənar parlament seçkilər ilə bağlı mətbuat konfransı keçirib.
Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin Avropa demokratiya normalarına uyğun olmadığını deyib və Azərbaycan xalqının iradəsinin azad ifadəsi hesab etməyib.
2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.
Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.
Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.