Şəmkirdəki müəmmalı ölüm hadisəsi – ölənin ailəsi polisi günahlandırır
“Arzu reanimasiyada idi, heç kəs gözləmirdi ki, o, ölər. Heç polislər də bunu gözləmirdi. Etibar adlı polis işçisi xəstəxanada qohumlarıma demişdi ki, bu (Arzu) burdan çıxacaq, ona görə narahat olmayın, əsas odur ki, siz gedin Bayramı (polis rəisinin müavini) “görün”, əlindəki biabırçı görüntülər yayılmasın”.
Mayın 7-də Şəmkir sakini Arzu Cabbarov rayonun mərkəzi xəstəxanasında vəfat edib. O, xəstəxanaya polislər tərəfindən qolundakı kəsiklərlə gətirilib. Xəstəxanaya gətirilərkən yolda yaxın qohumlarına səsli mesaj göndərib – “məni doğradılar, qolumu kəsdilər, xəstəxanaya aparırlar, tez özünüzü çatdırın”. Bu səs qohumlar tərəfindən sosial şəbəkələrdə yayıldıqdan bir saat sonra Daxili İşlər Nazirliyi məlumat yaymışdı ki, Arzu Cabbarov tanışı olan bir qadının evində onunla mübahisə edərkən şüşəni sındırıb və öz qolunu kəsməklə intihar edib. Ancaq Cabbarovun ailəsi və yaxın qohumları onun polislər tərəfindən şantaj olunduğunu bildirirlər, ölümünə səbəbkar kimi polisləri görürlər.
Bu günlərdəsə Arzu Cabbarovun həyat yoldaşı Zəminə Əhmədova Meydan TV-yə müraciət edərək baş verənlərin təfərrüatları barədə danışmaq istədiyini bildirib.
54 yaşlı Arzu Cabbarov 2005-ci ildən Şəmkirdə sahibkarlıq fəaliyyətiylə məşğul olmağa başlayıb. Onun tikinti materialları mağazaları və meyvə-tərəvəz təsərrüfatı olub.
Zəminə xanım danışır ki, əslndə Arzu Cabbarovun polislə problemləri son vaxtların məsələsi olmayıb. Deyir, uzun müddət imiş ki, sahibkar polislər tərəfindən izlənilir, əngəllərlə qarşılaşırmış:
“Neçə il idi ki, Arzunu Bayram adlı polis işçisi qaralamışdı. O vaxt Bayram PPX-nın səhv etmirəmsə rəisi idi. Şöbənin polislərindən ibarət bir dəstə düzətmişdi, rayondakı sahibkarları sıxışdırır, şantaj edir, pul qoparırdı. Sahibkarlar da el içində rüsvay olmamaq üçün məcbur olub pul verirdilər. O Bayram həyat yoldaşımdan da əl çəkmirdi, sıxışdırırdı. Tez-tez maşınını saxlayıb yoxlayırdı və sair… O vaxt Arzu cana yığılıb Prezidentə, Baş prokurora, daxli işlər nazirinə şikayət yazmışdı. Ondan sonra Bayramı şöbədən uzaqlaşdırıb rayonda Kəmər deyilən əraziyə göndərdlər. Arzuya da dedilər ki, daha getdi, şikayətlərini davam etdirmə. Bir müddət keçdi, bir də eşitdik ki, Bayram rayona polis şöbəsinin rəis müavini kimi qayıdıb. Arzunu da hədələmişdi ki, daha gəldim, sənə bu rayonda gün-güzəran olmayacaq”.
Zəminə xanım deyir, həyat yoldaşının polislər tərəfindən təqib olunmasının şəxsən şahid olub:
“Bir də görürdün ailəvi getdiymiz yerdə Bayram dəstəsiylə maşınımızın arxasıyca düşürdü, qəsdən qəza vəziyyətləri yaradırdı. Bütün günü Arzunun maşının arxasınca düşürdü, tez-tez maşını saxlayıb Arzunu yoxlayırdı ki, birdən içkili olar, birdən yanında fahişə olar, birdən yol hərəkəti qaydasını pozar… Hamısı da Arzunu özündən çıxartmaq üçün idi. Arzu deyirdi ki, bu adam öz doğma rayonumda mənə asudə nəfəs almağa imkan vermir, mən bundan şikayət etdim, bunu gətirib rəis müavini qoydular, bu, daha da azğınlaşdı”.
Zəminə xanım danışır ki, mayın 7-də günorta saatlarında Arzu işdən evə gəlib, evdə olduğu zaman telefonuna zəng gəlib, telefonda kiminləsə əsəbi tərzdə danışıb. Saat 4-dən sonra evdən çıxıb. Saat 6-dan sonra qardaşı ona zəng vuraraq Arzunun Şəmkir Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində olduğunu deyib.
Zəminə xanım da özünü xəstəxanaya çatdırıb. Orda öyrənib ki, Arzu xəstəxanaya polis şöbəsindən kəskin qanitirməylə gətirilib, hətta tibb işçiləri onun üçün 1 litrdən çox qan veriblər.
“Arzunun öləcəyi heç kimin ağlına gəlmirdi. Hətta yer də hazırlamışdılar ki, bir azdan reanimasiyadan çıxacaq. Həmin vaxt xəstəxanada olan Etibar adlı polis işçisi qohumlarıma demişdi ki, bu sağalacaq, əsas məsələ odur ki, siz gedin Bayramı “görün”, Arzunun biabırçı videoları var onda, gedin pul verin, sildirin”.
Axşam saat 11 radələrində qəflətən polislər xəstəxananın dəhlizinə doluşub və adamları xəstəxanadan çıxarıb. Sonra bir neçə yaxın qohumu içəri dəvət ediblər. Arzunun öldüyünü deyiblər, ancaq xəstəxanada sakitliyi qorumaq üçün adamları xəstəxanadan uzaqlaşdırıb bu xəbəri ailəyə evdə vermələrini tapşırıblar. Həmin qohumlar (Zəminə xanımın qardaşı və Arzunun əmisi oğlanları) xəstəxanadan çıxaraq Arzunun halının dəyişdiyini və Gəncəyə götürüləcəyini bildiriblər:
“Qardaşımgil dedi ki, gedin evə, tez Arzu üçün pal-paltar hazırlayın, Gəncəyə xəstəxanaya aparırlar. Biz evə gəlib Arzu üçün hazırlıq görməyə başladıq. Qardaşımgil gəlib dedi, Arzu keçinib, orda polislər deməyə qoymadılar”.
Zəminə xanım Şəmkir Rayon Prokurorluğunda aparılan istintaqa iki dəfə dəvət olunub, ifadə verib. Deməsinə görə, müstəntiq ona öz otağının bir küncündə olan xalçanı göstərib, deyib ki, hadisə yerindən götürülüb:
“Xalça al-qan içində idi, Arzunun maşını da qan gölməçəsi idi. Arzunu öz maşınına oturdub qanı axa-axa əvvəlcə polis şöbəsinə aparıblar. Döyə-döyə şöbənin binasına salıblar, bunu görənlər də olub. Orda xeyli saxlayıblar, görüblər qanını kəsə bilmirlər, ondan sonra xəstəxanaya götürüblər. Həmin müddətdə Arzu çoxlu qan itirib”.
Zəminə xanımın sözlərinə görə, üstündən bir aydan çox vaxt keçsə də, hadisənin baş verdiyi ünvan onlara bildirilmir:
“Bircə onu bilirik ki, o ev polis şöbəsinin yaxınlığındadır. Konkret evi tapa bilmirik. O yer elə polislərin özlərinin saxladığı yuvadır, şantaj tələsidir. Əvvəllər məhkum olunmuş Yeganə adlı həmin qadın o evdə polislərlə əlbir olaraq nə qədər insanın şantaj videosunu çəkib, evini yıxıb, həyatını qaraldıb. Yasa bir nəfər gəlmişdi, o da imkanlı biridir, dedi, bir müddət əvvəl məni də eyni qaydada şantaj edib pul alıblar. Hətta dedi, hara lazımdır gedib deməyə hazırdır. Ancaq sonra dedi ki, rayon yeridir, biabır olmaq istəmir deyə, bizə kömək etmədi. Mənim həyat yoldaşımdan əvvəl belə hadisələr çox olub rayonda…”.
Zəminə xanım deyir, həmin qadın rayonda xeyli adamı işə düzəltmək adıyla aldadıb, pullarını alıb, sonra da polisi qabağa verib, həmin adamlar hədələndikləri üçün heç yerə şikayət etməyiblər, pullarından əl çəkiblər.
İyunun 7-də Baş prokuror Kamran Əliyev Şəmkirdə vətəndaşların qəbulunu keçirərkən Zəminə Əhmədova da qəbulda olub. O, baş prokurora cinayət işinin 125-ci maddəsiylə başlamasıyla razı olmadığını, işin Şəmkir Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə verilməsini, polislərin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.
Zəminə xanım onu da deyir ki, ərinin ölümündən sonra polis rəisinin də qəbulunda olub, ancaq rəis ona bildirib ki, heç bir şantaj görüntüsü olmayıb. Zəminə xanımsa inanmır, deyir, Arzu öldüyü üçün şantaj planı baş tutmadıqdan sonra, üstəlik, həmin görüntü üzə çıxarsa, polislərin vəziyyəti ağırlaşacaq deyə, ləğv ediblər:
“Ərimin ölümündə birbaşa polislər günahkardır. O, polis şöbəsindən xəstəxanaya götürüləndə də qohumlara göndərdiyi səsli mesajda deyib ki, məni doğradılar. Firuz adlı polis var, həmin vaxt sağ əli kəsilib, niyə? Ümumiyyətlə, o polis başqa əraziyə baxır, guya həmin vaxt ordan təsadüfən keçirmiş, görüb əməliyyat var, polislərə kömək edib. Qadın ərimə həmin gün 14 dəfə zəng edib, ərim cavab verməyib, nəhayət, sonuncu zənginə cavab verib, gedib. Əgər qadınla Arzu arasında mübahisə yaranmışdısa, niyə qadın 102-ni yox, həmin Firuzla Etibar adlı polislərə yığıb? Çünki onların adamıdır, çünki planlaşdırılmışdı. Ərimin meyit üzərində çoxlu hematomalar var, döyülüb. Biz polis şöbəsinin yaxınlığındakı kameralara baxmaq istədik, məlum oldu ki, ətrafdakı obyektlərin üstündəki bütün kameralar sökülüb. Mən hadisədən sonra daxili işlər nazirinə də yazmışdım. 10 gündən sonra nazirlikdən bir nümayəndə gəldi, mənə ilk sözü də bu oldu ki, qadın ərini döyüb, evdə sürüyüb, guya hematomalar ondan yaranıb. Halbuki, mənim ərimi bir qadının döyməsi, sürüməsi çox gülünc səslənir”.
Meydan TV məsələyə nə Şəmkir Rayon Polis Şöbəsindən, nə də Şəmkir Rayon Prokurorluğundan münasibət öyrənə bilib. Prokurorluqdan yalnız o bildirilib ki, ekspertiza rəyləri alınıb və istintaq davam edir. Daxili İşlər Nazirliyi isə məlumat yayıb ki, mayın 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarov tərəfindən onu təhqir olunaraq döydüyünü bildirib və kömək istəyib. Polis əməkdaşları hadisə yerinə gələrkən həmin qadınla Arzu Cabbarovun mübahisəni davam etdirklərini görüblər. Arzu Cabbarovla profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışıblar. Ancaq Arzu Cabbarov evin qapısındakı pəncərənin şüşəsini sındıraraq sol qolunun dirsək bükümünü kəsib. Polis əməkdaşları onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Arzu Cabbarov əməliyyat edilsə də, əməliyyatdan az sonra vəfat edib.