Müsavatçılar yumurta atəşinə tutulublar
Oktyabrın 5-də Müsavat Partiyası başqanlığına namizəd Arif Hacılı Cəlilabad rayonunda IX qurultay nümayəndələri ilə görüş keçirərkən polisin və mülki geyimli şəxslərin hücumuna məruz qalıb.
Bununla bağlı “Facebook”da video və fotolar yayımlanıb. Görüş zamanı yerli polislər qərargaga daxil olub Arif Hacılının çıxışını yarımçıq saxlayıb, tədbiri pozublar.
Polislər ondan görüşü dayandırmağı və rayonu tərk etməyi tələb ediblər. Arif Hacılı polislərə bunun qanunsuz olduğunu söyləsə də, onlar tələblərində israrlı olublar:
“Qərargahdan çıxdıqdan sonra polis və mülki geyimli şəxslərin hücumuna məruz qaldıq. Bizə hücum etdilər, hər tərəfdən yumurta atəşinə tutdular. Müsavat fəallarından bir neçəsi saxlanıldı”.
Polisin hərəkətini hakimiyyətin narahatlığından doğan özbaşınalıq kimi qiymətləndirən Arif Hacılı deyib ki, hakimiyyət nəinki Azərbaycanda, hətta bir partiyada demokratik seçkilərin keçirilməsini istəmir, çünki demokratik seçkidən qorxur”.
Oktyabrın 4-də
isə başqanlığa digər namizədlər Tofiq Yaqublunun və Yadigar Sadıqlının Qəbələ rayonunda qurultay nümayəndələri ilə görüş keçirmələrinə imkan verilməyib.
Müsavat Partiyasının IX qurultayı oktyabr ayının 12-də keçiriləcək. Hazırda Müsavat Partiyasının qurultayına 3 nəfər namizədliyini irəli sürüb.
Müsavat Partiyası 1911-ci ildə Məmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən təsis edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.
1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib və 2014-cü ilə qədər ona rəhbərlik edib. Nizamnamədə sədrlik müddətləri üçün qoyulan məhdudiyyətlərə əsasən, İsa Qəmbər başqanlıq üçün namizədliyini irəli sürməyib. 2014-cü ildə keçirilən qurultayda Arif Hacılı partiyanın yeni sədri seçilib.