Polad Aslanov: “Həbsxanada hamam tikmək üçün məhbuslardan pul yığırlar”

Foto: Polad Aslanovun şəxsi arxivindən

Həbsdə olan jurnalist Ombudsman Aparatının nümayəndələri ilə görüş zamanı saxlanma şəraitindən, dərmanların məhbuslara pulla satılmasından danışdığını da deyir

İyunun 14-də Azərbaycan Ombudsman Aparatının nümayəndələri 15 saylı cəzaçəkmə müəssisəsində “xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovla görüşüblər.

Jurnalistin həyat yoldaşı Gülmirə Aslanovanın Meydan TV-yə bildirdiyinə görə, həmin gün məhbuslarla görüşmək üçün müəssisəyə baş çəkən nümayəndələr əvvəlcə Polad Aslanovu qəbul etməyiblər.

Görüş yalnız Gülmirə Aslanova məsələni sosial şəbəkədə ictimailəşdirəndən sonra baş tutub.

“İyunun 14-də Poladın zəng günü idi. O, mənə zəng edib, Ombudsman nümayəndələrinin üç saatdır ki, cəzaçəkmə müəssisəsində olduğunu, lakin onu qəbul etmədiklərini bildirdi. Mən bunu sosial şəbəkədə ictimailəşdirəndən sonra Ombudsman Aparatının nümayəndələri yoldan geri qayıdaraq, Poladı qəbul ediblər”, – Gülmirıə Aslanova meydan TV-yə açıqlamasında belə deyib.

Gülmirə Aslanova deyir ki, görüş zamanı Polad Aslanov cəzaçəkmə müəssisəsindəki qanun pozuntularından – saxlanma şəraitindən, dərmanların məhbuslara pulla satılmasından danışıb:

“Onlar Poladın qaldığı kameraya baxış keçiriblər. Polad bildirib ki, saxlanma şəraiti ilə bağlı dəfələrlə müəssisə rəisi Rəşad Əhədova məlumat verilib. Poladın saxlanıldığı kamerada 3 məhbus döşəmənin üzərində, məhbusların ayaq altında yatır. Polad Ombudsman Aparatının nümayəndələrinə həm də bildirib ki, cəzaçəkmə müəssisəsində tikilən hamama görə məhbusların hərəsindən 100 manat pul yığılır”.

Həyat yoldaşı deyir ki, Polad Aslanov ombudsman Səbinə Əliyevanın adına yazılı ərizədə öz şikayətlərini qeyd edib və ona bu müraciətlərə baxılacağı vəd edilib.

Ombudsman Aparatı görüşlə bağlı hələ məlumat yaymayıb.

Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub.

13 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.

 Sayt rəhbəri ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

 O, tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Ana səhifəXəbərlərPolad Aslanov: “Həbsxanada hamam tikmək üçün məhbuslardan pul yığırlar”