Bu qərar Abdullah Öcalan tərəfindən verilən çağırışa cavab olaraq həyata keçirilib
Kürdüstan Fəhlə Partiyası (PKK) silahlı fəaliyyətinə son verdiyini və təşkilatın buraxıldığını açıqlayıb. Bu qərar, təşkilatın 12-ci qurultayında qəbul edilib və Abdullah Öcalan tərəfindən səslənən çağırışa cavab olaraq həyata keçirilib.
Mayın 12-də yayımlanan bəyanatda PKK 40 illik silahlı mübarizənin “tarixi missiyasını” başa vurduğunu və kürd məsələsinin artıq demokratik siyasət çərçivəsində həll oluna biləcək bir mərhələyə gəldiyini bildirib.
“Bu mərhələdə Türkiyə Böyük Millət Məclisinin tarixi məsuliyyətini yerinə yetirməsi mühümdür. Parlamentdə təmsil olunan bütün siyasi partiyalar, xüsusilə hakimiyyət və əsas müxalifət, həmçinin vətəndaş cəmiyyəti təşkilatları sülh və demokratik cəmiyyətin qurulmasında üzərlərinə düşən rolu oynamalıdırlar”, – deyə bəyanatda qeyd olunub.
Öcalan 1999-cu ildən bəri Türkiyənin İmrali adasında həbsdədir və onun çağırışı, təşkilatın silahlı mübarizəyə son qoymasını və siyasi həll yolunu seçməsini tələb edib.
PKK müəyyən şərtlər daxilində martın 1-də təktərəfli atəşkəs elan edib. Bu şərtlərdən biri də sülh danışıqları üçün yeni hüquqi bazanın yaradılması idi.
PKK 1980-ci illərdən etibarən Türkiyə ilə silahlı mübarizəyə başlayıb. Əvvəllər müstəqil Kürdüstan uğrunda döyüşən təşkilat, son illərdə məqsədini ölkə daxilində muxtariyyət və kürd vətəndaşlara daha geniş hüquqlar əldə etməyə dəyişib.
Bu illər ərzində müxtəlif Türkiyə hökumətləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərliyindəki iqtidar məsələnin hüquqi yollarla həllinə çalışsa da, bu təşəbbüslər nəticə verməyib. Münaqişə zamanı on minlərlə insan həyatını itirib.
Təşkilatın adı Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror qruplaşması siyahısına salınmışdı.