“Məhkəmədə sübut etdik ki, bu məktub özü belə qanunsuzdur”
“Əvvəllər “Gununsesi.info”-nun bloklanmadığını iddia edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu qanunsuzluğunu məhkəmədə etiraf edərək, məsuliyyəti Baş Prokurorluğun üzərinə atıb. Həmçinin sayta qoyulan məhdudiyyətin götürülməsinin Baş Prokurluqdan asılı olduğunu bildirib”.
Bu açıqlamanı bloklanmış “Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimli Meydan TV-yə verib.
O, blokun götürülməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini bildirib:
“Biz “Gununsesi”nin “info” domeninin məlum Gəncə hadisələri zamanı qanunsuz bloklanması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişik. İndiyə qədər heç bir məhkəmə qərarı olmadan saytımıza ölkə daxilində giriş məhdudlaşdırılmışdı. Həmin vaxt Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bizə sayta hər hansı məhdudiyyətin tətbiq olunmadığı haqqında cavab məktubu göndərmişdi. Ancaq məhkəmə prosesində yeni nüans ortaya çıxıb. Belə ki, nazirliyin nümayəndəsi Baş Prokuror Zakir Qaralovun 13 iyul 2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə sayta girişin məhdudlaşdırılması üçün yazdığı məktubu üzə çıxarıb. Baxmayaraq ki, nazir müavini bizə cavab məktubunda başqa şey yazmışdı. Məhkəmədə sübut etdik ki, hətta bu məktub özü belə qanunsuzdur. Qanunvericiliyə görə, saytın bloklanması üçün tələb olunan yazı xəbərdarlıq edildikdən 8 saat müddətində saytdan götürülməzsə, o zaman bu, məhkəmə qaydasında həyata keçirilir. Təsəvvür edin ki, nə xəbədarlıq olub, nə də məhkəməyə hansısa müraciət göndərilib”.
P.Həşimlinin sözlərinə görə, “Azərtelekom”dan internet alan provayderlərdə “Gununsesi”nin hətta “org” domeninə də məhdudlaşdırma tətbiq olunub. O cümlədən, “org” domeninə də blok qoyulub.
Pərviz Həşimli onu da bildirib ki, bir neçə saytın da cəlb olunduğu cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunda başa çatıb və “Basta”, “Teref” və “Kriminal” saytlarının rəhbərlərindən fərqli olaraq, onun haqqında hansısa məsuliyyət müəyyən edilməyib.
Son illərdə meydan.tv, azadliq.org, azadliq.info, azerbaycansaati.tv, criminal.az, bastainfo.com, abzas.net, arqument.az, az24saat.org, xural.com, anaxeber.az, monitortv.info saytları bloklanıb. 2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarıyla Azadlıq Radiosunun, “Azadlıq” qəzetinin, Meydan TV-nin, ölkə xaricindən yayımlanan Turan TV-nin və “Azərbaycan saatı” televiziya proqramının saytları bloklanıb.
Məhkəmə qərarları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.
2017-ci il martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.