Pənah Hüseyn: “Seçkiyə maraq o qədər azdır ki, meydanı “fake” namizədlərlə doldururlar”

Foto: arxiv

Partiya sədri namizədlərin efir vaxtı ilə bağlı Prezidentə müraciət etməyi düşünür

Avqustun 9-dan Azərbaycanda parlament seçkilərinin təşviqat kampaniyasına start verilir.

Seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqat üçün pulsuz efir vaxtı hüququ 125 seçki dairəsinin 60-dan çoxunda namizədi qeydə alınmış partiyalara verilir.

“Turan” yazır ki, indiki seçkilərdə bu meyara yalnız bütün dairələr üzrə namizədləri qeydə alınan hakim Yeni Azərbaycan Partiyası (YAP) cavab verir:

Əvvəlki növbədənkənar parlament seçkilərində YAP bütün siyasi qüvvələrə “bərabər imkanlar” yaratmaq üçün bu üstünlükdən “səxavətlə” imtina etdi. Ancaq hakim partiya ödənişsiz efir vaxtından istifadə ilə bağlı hələlik qərarını açıqlamayıb”.

Müstəqil ekspertlər bunu hakimiyyətin seçkiləri ictimai marağın mümkün qədər aşağı olduğu şəraitdə keçirmək niyyəti kimi qiymətləndiriblər”, – deyə agentlik əlavə edib.

“Efir vaxtının dəqiqəsinə elə qiymət qoyublar ki, bizim ona imkanımız yoxdur”

Bu gün isə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn parlament seçkilərində namizədliyini irəli sürmüş həmkarlarına çağırış edib.

Pənah Hüseyn həmkarlarına Prezident İlham Əliyevə ödənişsiz efir vaxtının ayrılması ilə bağlı müraciət etməyi vacib sayıb:

“Sabahdan seçkilərin təbliğat-təşviqat kampaniyasının başlanmasını nəzərə alaraq təklif edirəm ki, İTV və ya AzTV efirlərində siyasi partiyalar arasında seçki ilə bağlı debatların keçirilməsi üçün ödənişsiz efir vaxtının ayrılması ilə əlaqədar Azərbaycanın Prezidenti cənab İlham Əliyevə müraciət edək. Bunu TV idarə orqanlarının qərarı ilə də etmək olar. 2010-cu il seçkilərinin təcrübəsi göstərir ki, belə debatlar ən reytinqli verilişlər olur”.

AXP sədri Pənah Hüseyn Meydan TV-yə deyib ki, onun çağırışına yalnız Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev reaksiya verib və təklifini dəstəkləyib.

Pənah Hüseyn
Pənah Hüseyn, Foto: Meydan TV

Pənah Hüseyn pullu efir vaxtından istifadə etməyəcəyini bildirib:

“Çox bahadır. Efir vaxtının dəqiqəsinə elə qiymət qoyublar ki, bizim ona imkanımız yoxdur”.

Pənah Hüseyn hesab edir ki, əgər ölkə başçısı saxtakarlığın olmaması və qanunsuzluq edənlərin cəzalandırılması ilə bağlı müraciət etsə, koordinasiyalı şəkildə dəyişiklik olmasa da, əhəmiyyətli təsiri ola bilər.

AXP sədrinin sözlərinə görə, müstəqillik tariximizdə keçirilən seçkilər arasında bu qədər seçicinin maraq göstərmədiyi seçki olmayıb:

Yəni belə maraq az olan seçki olmamışdı. 2020-ci il seçkiləri də növbədənkənar idi, amma indikindən qat-qat fəallıq vardı. Maraq o qədər azdır ki, meydanı “fake” namizədlərlə doldururlar“.

“Builki seçkinin təşviqat kampaniyası da çox sönük keçəcək”

Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə Meydan TV-yə deyib ki, Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası daxil seçkilərə qatılan bütün partiyalara bərabər şərait yaratmalıdır:

“Bəli, Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə efir vaxtından imtina etmişdi. İndi də efirə çıxış imkanı yenə hakim partiyada qalması təəssüfləndiricidir. Amma müxalif və müstəqil namizədlərin efirə çıxış imkanı da bu şəkildə məhdudlaşdırılır. Yalnız sosial şəbəkələr vasitəsi ilə kampaniya keçirə bilərlər. Bu da təbii ki, milli səviyyədə kampaniya aparmağa imkan vermir”.

Foto: Məmməd Məmmədzadənin şəxsi arxivindən

Məsələ ondadır ki, parlament seçkiləri bütün ölkə üzrə keçirilir, namizədlər regionlara səfər edir və ordakı problemləri efirdə qaldırırlar, amma qanunvericilik milli səviyyədə kampaniyanın aparılmasının qarşısını alır. Məqsəd birdir-siyasi iştirakçılığı və fəallığı aşağı salmaq. 2010-cu il seçkilərində efir vaxtı namizədlərin çıxışları sosial mediada geniş müzakirə obyekti olduğundan hakimiyyət məhdudiyyətlərə getdi və qanunvericilikdə ciddi dəyişikliklər edildi. Ona görə builki seçkinin təşviqat kampaniyası da çox sönük keçəcək. Yalnız sosial media alətlərindən istifadə olunacaq”, – deyə o qeyd edib.

Məmməd Məmmədzadə qanunvericilikdəki məlum məhdudiyyətin aradan qaldırılmalı və ölkədəki situasiyaya uyğunlaşdırılmasını vacib sayır:

“Seçki Məcəlləsində son dəyişikliklər 2020, 2023 və 2024-cü illərdə kosmetik dəyişikliklər olsa da, bu cür ağır maddələrin dəyişilməsi təşəbbüsü səsləndirilmədi. Yəni qanunvericilikdə məhdudlaşdırıcı müddəalar hələ də qalır”.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Məzahir Pənahov bu gün deyib ki, 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Sentyabrın 1-də keçiriləcək seçkiləri partiyalardan yalnız AXCP boykot edir.

Ana səhifəSiyasətPənah Hüseyn: “Seçkiyə maraq o qədər azdır ki, meydanı “fake” namizədlərlə doldururlar”