Tibb müəssisəsinin işçiləri TƏBİB-ə edilən şikayətlərin eşidilmədiyini deyirlər
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bu həftənin əvvəlində vəzifəsindən kənarlaşdırılıb. 26 ildir həmin institutda direktor vəzifəsində çalışan Quliyev Səhiyyə nazirinə yaxın kadr kimi tanınırdı. İnstitutdan adının açıqlanmasını istəməyən həkimlərdən biri Meydan TV-yə deyib ki, Quliyevə işdən çıxması üçün vaxt qoyulub, hətta o, vəzifəsindən kənarlaşmadan yerinə təyinat da olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Ramin Bayramlının əmri ilə instituta Allahverdi Musayev direktor vəzifəsinə təyin edilib. Lakin Quliyev hələ də nazirliyin baş pediatrı kimi ictimai vəzifəni daşıyır.
Allahverdi Musayev həkim-cərrahdır. O, bir neçə xəstəxanada, o cümlədən institutda uşaq cərrahı kimi çalışıb.
İnstitutda çalışan başqa bir həkim isə deyib ki, qurumun tanınmış həkimlərindən birinin direktor təyin edilməsi təklifi irəli sürülüb. Bundan əlavə, institutun illərlə davam edən problemləri ilə bağlı TƏBİB-ə müraciət edilib. Lakin TƏBİB bir qrup tibb işçisi tərəfindən verilən təklifləri və şikayətləri qəbul etməyib.
Tanınmış pediatrlar arasında Quliyevin işdən çıxarılmasından razı qalanlar çoxdur. Onlardan biri sosial şəbəkədə yazıb ki, Pediatriya İnstitutu bağlanıb, ora sarılığa müalicə üçün göndərilən uşaq Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. “Bilirubin səviyyəsinin 360-dan yuxarı olmasına baxmayaraq, uşaq fototerapiya üçün kuvezə yerləşdirilməyib. Səbəbini soruşanda cavab o oldu ki, fotomuz olmayıb, institut bağlıdır. Uşaqlar növbə gözləyir. Nəsib həkimin direktor olduğu institut nə gündədir. Ana südü məsələsindən isə heç danışmağa dəyməz”.
Pediatrlardan Səbinə Məmmədova isə Meydan TV-yə söyləyib ki, Quliyev Səhiyyə Nazirliyinin Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi üzrə komissiyanın sədri olub. Amma məhz xaricdə müalicə almağa göndərilənlərin statistikasını azaltmaq məqsədilə ehtiyacı olan xəstələrin müraciətlərinə mənfi cavab verilib. Beləliklə də, xaricdə müalicə almağa göndərilənlərin sayı sıfra endirilib.
Hazırda institutda çalışan həkimlərdən biri isə əlavə edib ki, müəssisənin problemləri çoxdur. “Görünən tərəf yalnız xəstələrdən pul alınması ilə bağlı şikayətlər olub. Amma problemlər daha dərindir. Bununla bağlı TƏBİB-ə müraciət etmişdik. Lakin bizi dinləmədilər, buna görə rəhbər dəyişikliyi və onların idarəçiliyi də heç nə vəd etmir. TƏBİB kollektivin şikayətlərini dinləmir, əksinə pandemiyanı bəhanə edərək istəmədikləri şəxsləri işdən kənarlaşdırırlar. Bayramlının kabinetinə yaxınlaşmaq müşkül məsələdir, qapıda az qala bir ordu dayanıb. Sanki Bayramlının kabinetinin qapısı keçilməz qaladır. Ətrafındakı şəxslər isə deyirlər ki, Bayramlının həkimlərin şikayətlərini dinləyəcək qədər vaxtı və hövsələsi yoxdur. Dərman, yaxud digər çatışmazlıqlardan şikayət edənlər sıxışdırılır, buna görə də əksəriyyət yeni direktor seçimindən heç nə gözləmir. Əksinə hər gələn rəhbərlik şöbə müdirlərini dəyişir, kənardan özünə yaxın həkimlər işə dəvət edir. Biz isə illərdir çalışdığımız xəstəxana ilə bağlı problemlərin həllini gözləyirik”.
Həkimlər deyiblər ki, həmkarları ön cəbhədədir, onlar da pandemiya və ağır xəstələrlə məşğul olurlar. Vəziyyət düzələndən sonra isə institutla bağlı açıq müraciətləri olacaq.
Meydan TV deyilənlərə TƏBİB-dən münasibət öyrənə bilməyib. Qurumdan sualı eşidən kimi telefonu qapadıblar.