Rusiyalı analitik: "Ermənistanda baş verənlər hərbi çevrilişdir, amma hələ başa çatmayıb"
“Ermənistanda baş verənlər hərbi çevrilişdir, amma hələ başa çatmayıb. O ya baş nazirin istefası və ölkədə hakimiyyətin dəyişməsi ilə başa çatacaq, ya da baş nazir qalib gələcək, onda bu, artıq çevriliş cəhdi olacaq”.
Bu barədə “Azadlıq” Radiosunun Ermənistan xidmətinə müsahibəsində rusiyalı hərbi icmalçı Pavel Felgenhauer bildirib.
Pavel Felgenhauer Moskvanın nə hazırlandığından xəbərsiz olduğuna şübhə edir: “Aydın məsələdir ki, əvvəlcədən hazırlıq gedirdi, bu, improvizasiya deyil. Moskvanın bundan xəbəri olması ehtimalı çox böyükdür. Belə ki, erməni hərbiçiləri rus hərbiçilərlə kifayət qədər yaxın ünsiyyətdədir və onların bəzilərinin müəyyən dərəcədə Moskvaya işləməsi də tamamilə mümkündür. Aydındır ki, bu halda hərbiçilər Moskvada heç vaxt çox da sevilməyən, heç vaxt etibar edilməyən, Sorosun əlaltısı hesab olunan Baş nazir Paşinyanı devirə bilsə, Moskvada heç kim çox üzülməyəcək”.
ABŞ-ın reaksiyasına gəlincə, Pavel Felgenhauer düşünür ki, Vaşinqton hər hansı ciddi addım atmayacaq: “Ermənistan ABŞ üçün ciddi strateji maraq kəsb etmir, Azərbaycan isə daha çox əhəmiyyət kəsb edir. Xüsusilə də Türkiyə”.
Rusiya istehsalı olan “İsgəndər”lərin partlamamamsı ilə bağlı suala Pavel Felgenhauer belə cavab verib: "Bu, mümkün deyil. Amma Paşinyanın “10% partlayıb” sözlərinin nə demək olduğu aydın deyil. Bundan başqa, ümumiyyətlə bu raketlərdən istifadə olunub-olunmadığı aydın deyil. 44 günlük müharibədə Ermənistan “Skad-B”, “Toçka-U” əməliyyat-taktiki ballistik raketlərindən istifadə edib. 2016-cı ildə Ermənistan Rusiyadan “İsgəndər” raketləri alıb. Onlar nə dərəcədə təsirli ola bilərdi? Bilmirəm onlardan istifadə olunub, ya yox, amma əminəm ki, istifadə olunubsa da, onlar kifayət qədər təsirli olmayıb. Bu, möcüzəvi silah deyil. Onun üstünlükləri də var, nöqsanları da. Prinsipcə, Ermənistanın ondan nə dərəcədə səmərəli istifadə edə biləcəyi də aydın deyil. Çünki orada yüksək dəqiqlikli atış üçün xüsusi məlumatlar lazımdır”.
O, Ermənistanın bütün dəqiq məlumatların toplanmasını təmin etmək üçün texniki imkana malik olduğuna şübhə etdiyini bildirib: “Rusiya Çeçen müharibəsində bənzər raketlərdən istifadə edib, amma onlar da dəqiqliyi ilə fərqlənmirdi. Gürcüstanla beş günlük müharibədə Gürcüstan ərazisinə 60-dan çox əməliyyat-taktiki ballistik raket atılıb. Bəzi hallarda təsiri yüksək olub, digər hallarda isə heç bir təsiri olmayıb. Odur ki, Baş nazir Nikol Paşinyan müəyyən mənada ballistik raketlərin təsirinin zəif olduğunu deyərkən həqiqəti söyləyib”.
Pavel Felgenhauerin sözlərinə görə, Azərbaycan da ballistik raketlərdən Ermənistandan dəfələrlə səmərəli şəkildə istifadə edib: “Azərbaycan İsrail istehsalı olan "Lora" raketlərindən istifadə edib, onların atış məsafəsi təxminən “İsgəndər”lə eynidir və “İsgəndər”dən daha yüksək dəqiqliyə malikdir. İsrail raketlərində GPS-istiqamətləndirmə var. Bu, çox səmərəlidir və raketi “İsgəndər”dən daha asan istiqamətləndirmək olar. Həm də azərbaycanlıların lazımi hədəflərin GPS-koordinatlarını verən İsrail, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları var idi”.
Siyasi icmalçı Rusiya sülhməramlılarının rolunu “onlar tarazlaşdırıcı rol oynayırlar” deyə qiymətləndirib: “Moskva üçün Azərbaycan bir sıra səbəblərdən Ermənistandan daha əhəmiyyətli ola bilər. Rusiya sülhməramlıları Qarabağ uğrunda döyüşməyəcəklər. Azərbaycan üçün isə indi Qarabağ ordusunun tərksilah edilməsini sürətləndirmək maraqlı deyil. Amma yaxın gələcəkdə Bakı bunu edəcək. Çünki Qarabağın hər tərəfdən mühasirəyə alınmış hissəsini hərbi güclə saxlamaq olmaz”.
Analitik hesab edir ki, Moskva Ankaranın fikrini nəzərə almalı və təsir sahələrini onunla bölüşməlidir: “İndi Qarabağ ermənilərinin vəziyyəti acınacaqlıdır və yəqin ki, əsasən perspektivsizdir. Onlara Azərbaycan vətəndaşlığı almaq təklif olunur, yəqin ki, verəcəklər. Yeri gəlmişkən, hamıya deyil, hələ sovet hakimiyyəti dövründə orada dünyaya gəldiyini və ya sovet dövründə orada dünyaya gələnlərin övladları olduğunu sübut edə bilənlərə. Digərlərindən isə çıxmağı istəyəcəklər və onları tərksilah edəcəklər. Oranın öz silahlı qüvvələri olmayacaq”.