Oktyabrın 24-də Rusiyanın Kazan şəhərində XVI BRİCS sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü baş tutub. Dövlət başçılarının görüşündə iki ölkənin xarici işlər nazirləri, baş nazirin müavinləri və xarici siyasət üzrə köməkçilər də iştirak ediblər.
Məlumata görə, Əliyev və Paşinyan xarici işlər nazirlərinə “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında” Saziş üzərində işlərin tez bir zamanda yekunlaşdırılması və imzalanması üçün təlimat veriblər. Görüşdən əvvəl sammitdə çıxış edən Nikol Paşinyan deyib ki, Yerevan və Bakı sülhün təməlinin qoyulması üçün bütün prinsipial məsələləri razılaşdırıblar:
“Bakı ilə sülh müqaviləsinin layihəsi minimum 80-90 faiz razılaşdırılıb” – Paşinyan bildirib.
Azərbaycanla sülh müqaviləsi layihəsi barədə danışan Paşinyan bildirib ki, artıq əsas dil, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarından imtina və gələcəkdə onları irəli sürməmək öhdəliyi barədə razılıq əldə olunub.
BMT baş katibi Antonio Quterreş oktyabrın 24-də Kazanda keçirilən BRICS sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. O, Putinə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin BMT xartiyasına və beynəlxalq hüquqa zidd olduğunu deyib. BMT-nin açıqlamasında belə bildirilir.
Putin qarşısında çıxış edən Quterreş Ukraynada “ədalətli” sülhə çağırıb:
“Bizə Ukraynada sülh lazımdır. BMT xartiyasına, beynəlxalq hüquqa və Baş Assambleya qətnamələrinə uyğun bir sülh”.
Səfər Ukraynada qəzəbli reaksiya doğurub. BRICS sammitinə İran və Türkiyə Prezidentləri ilə yanaşı, 36 ölkənin lideri qatılıb. Beləcə, Rusiya dünyanın öndə gələn ölkələrinə öz gücünü və özəlliklə Qərb dövlətlərinə Putinlə görüşmək istəyənlərin sayca tükənmədiyini göstərmək istəyib.