Paşinyanın sülh sazişi təklifi: “Pozitivdir, amma Qarabağ problemini həll etməyəcək”

Nikol Paşinyan Foto: Meydan TV

Qarabağdakı ermənilərə Rusiyanın təsiri daha çoxdur, nəinki Azərbaycanın və Ermənistanın”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını bəyan edib.

Baş nazir bildirib ki, Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesinin əsas məqsədi sülh müqaviləsinin imzalanması idi: “Bu, bütün sənədlərdə öz əksini tapıb. Biz Azərbaycanla sülh sazişi imzalamağa hazırıqmı? Bəli”.

Paşinyanın bu fikirlərini “armenpress” yayıb.

Baş nazir Milli Assambleyada parlament saatında deputat Tsovinar Vardanyanın sualını cavablandırarkən deyib ki, Azərbaycanla sülh sazişinin bağlanması və Türkiyə ilə münasibətlərin normallaşdırılması bütün Ermənistan hökumətlərinin məqsədlərindən biri olub.

Ermənistanın sülh sazişi üzrə danışıqlara hazır olub-olmamasına gəlincə, o bildirib ki, bu məsələdə Ermənistan hökumətinin mövqeyi dəfələrlə vurğulanıb: “Danışıqların məqsədi həmişə sülh sazişinin imzalanması olub”.

“Biz konkret və əsaslı müzakirəyə hazırıq”, – deyə o fikrini yekunlaşdırıb.

Artıq yeni bir situasiya yaranıb”

Ermənistanın Baş nazirinin açıqlamasını Meydan TV-yə şərh edən siyasi şərhçi Rauf Mirqədirov düşünür ki, sülh sazişi imzalansa belə, Qarabağda yaşayan ermənilərin problemi gündəlikdən çıxmayacaq: “Çünki sülh müqaviləsi iki dövlət arasındakı problemləri həll edir. Amma prinsipcə pozitivdir. Ən azından sazişdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması müddəaları da olacaq. Bununla belə, müqavilə özü-özlüyündə Qarabağ problemini həll etməyəcək”.

Rauf Mirqədirov hazırda regionda ağrılı proseslərin getdiyini vurğulayır: “Rusiyanın Ukraynaya təcavüzü beynəlxalq münasibətləri bir gündə dəyişdi. Bunun ən parlaq sübutu Almaniya kansleri Olaf Şolzun Bundestaqda çıxışıydı. Halbuki Almaniya Avropada Rusiyaya daha loyal olan dövlətlərdən idi. Olaf Şolz bəyan etdi ki, artıq heç nə əvvəlki kimi olmayacaq, dünya yeni bir dönəmə daxil olub. Bu, artıq yeni bir situasiya yaradıb”.

Rauf Mirqədirov
Rauf Mirqədirov, Foto: Meydan TV

“Avropada postsovet məkanındakı konfliktlərin Moskvanın yaratdığını artıq başa düşürlər. Çünki münaqişələr Rusiyanın ölkələri işğalına şərait yaradır. Ona görə bu təhlükəni neytrallaşdırmaq üçün ilkin addımlar atmağa çalışırlar. Bu mənada Paşinyanın təklifi Bakının da razılığıyla edilib. Həm də beynəlxalq aləmin təsiri var, artıq qüvvələr nisbəti dəyişir”, – deyə siyasi şərhçi bildirir.

O hesab edir ki, Rusiyanın beynəlxalq durumu ürəkaçan deyil: “Martın 2-də BMT Baş Assambleyasında səsvermədə Rusiyanı yalnız 5 dövlət dəstəkləyib, Suriya, Şimali Koreya, Belarus, biri də Afrikada o qədər tanınmayan Eriteriya. Hətta Latın Amerikasında Rusiyaya yaxın olan dövlətlər də qətnamənin əleyhinə səs vermədilər. Baş verənlər Rusiyaya meylli dövlətlərə xəbərdarlıdır, onlar əlavə sanksiyalar altına düşmək istəmirlər”.

Amma ekspert deyir ki, Dağlıq Qarabağdakı ermənilərə Rusiyanın təsiri hələ də çoxdur: “Sözsüz ki, bu situasiya da Azərbaycan və Ermənistana təsir edir. Amma gözləntlərimiz çox böyük olmamalıdır. Birinci səbəb odur ki, bölgədə hələ Rusiya qoşunları var. İkincisi, Dağlıq Qarabağdakı ermənilərə Rusiyanın təsiri daha çoxdur, nəinki Azərbaycanın və Ermənistanın”.

“Sülh sazişi yeni siyasi reallıqlar və beynəlxaq hüquqi baza yaradacaq”

Politoloq İlqar Vəlizadə güman edir ki, Baş nazirin sülh sazişi bağlamaq istəyi daha çox daxili siyasi məsələlərin çözülməsilə bağlıdır.

Onun sözlərinə görə, Nikol Paşinyanın rəqibləri, keçmiş hakimiyyətin əsas platforması indiki iqtidarı torpaqları satmaq, Türkiyə və Azərbaycanla münasibətləri qurmaq ittihamı üzərində qurub: “Paşinyan da sülh sazişini imzalamaqla onların revanşist niyyətlərini gerçəkləşdirməyə imkan vermək istəmir. Çünki sülh sazişi yeni siyasi reallıqlar və beynəlxaq hüquqi baza yaradacaq. Paşinyan da buna arxalanaraq daxildə mövqeyini möhkəmləndirəcək”.

İlqar Vəlizadə
İlqar Vəlizadənin şəxsi arxivindən

İlqar Vəlizadə hesab edir ki, Paşinyanın sülh müqaviləsi ilə bağlı istədiyi məzmunla Azərbaycanın yanaşması üst-üstə düşmür: “Paşinyan sülh müqaviləsilə istəyir ki, Ermənistanın Qarabağda yaşayan ermənilərə təsir imkanları qalsın. İndiki şəraitdə Yerevanın müstəqilliklə bağlı çağırışlar edəcəyini düşünmürəm. Ancaq bu və ya digər formada Ermənistan Qarabağda mövcudluğunu saxlamağa iddia edir. Ola bilər ki, muxtariyyat formatında Ermənistanla da əlaqələri müstəqil qurmaq niyyəti güdürlər”.

Xatırlatma

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətPaşinyanın sülh sazişi təklifi: “Pozitivdir, amma Qarabağ problemini həll etməyəcək”