“Ermənistanın yeni Konstitusiyasının mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərin yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən deyib.
“Bu məsələyə artıq toxunmuşam və mövqeyimi dəyişmək üçün zərurət görmürəm. Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır, çünki münaqişə məntiqi üzərində qurulub. Biz münaqişə məntiqinə əməl edə bilmərik və müstəqil dövlət qurmaq istəyirik”, – deyə Paşinyan qeyd edib.
Daha öncə Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirmişdi ki, Ermənistanın yeni Konstitusiyasının mətni martda dərc olunacaq.
Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün əsas şərt kimi Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsini irəli sürüb. Azərbaycan tərəfi bildirir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Azərbaycan bu iddialarını onunla əsaslandırır ki, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad var və həmin bəyannamədə də Azərbaycana qarşı ərazi iddiaları yer alır. Bu iddialar Ermənistan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən də təkzib olunub. Məhkəmə bildirib ki, Ermənistan Respublikasının Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiaları yoxdur.
Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilib. Sənəddə SSRİ-nin tərkibində olmuş respublikanın adı dəyişdirilərək “Ermənistan Respublikası” adlandırılır, müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi elan edilir. Bununla belə, mətndə Ermənistanın SSRİ-dən çıxması qeyd olunmur – respublika 1991-ci ilin dekabrında onun dağılması ilə əlaqədar İttifaqı tərk edib. Bəyannamədə həmçinin Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsindən bəhs edilir.
Azərbaycanla Ermənistan arasında münaqişə 1980-ci illərin sonlarında başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
2025-ci il avqustun 8-də isə 30 ildən çox davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıb. Paraflanan sənəd tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını və qarşılıqlı iddiaların geri çəkilməsini nəzərdə tutur. ABŞ Prezidentinin iştirakı ilə görüşdə bəyannamə də imzalanıb. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradılacaq.