Brüsseldə Əliyevlə Paşinyanın görüşü gözlənilir
Aprelin 6-da Brüsseldə Avropa Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır.
Bu barədə Nikol Paşinyan martın 31-də hökumətin iclasında deyib.
O ümid edir ki, görüşdə Azərbaycan Prezidenti ilə sülh sazişi üzrə danışıqların başlanması yönündə bütün məsələləri razılaşdıracaq: “Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və dərhal sülh danışıqlarına başlamağa hazırdır”.
Bununla belə, Baş nazir iddia edib ki, Azərbaycan Ermənistana və Qarabağa qarşı hərbi hücuma haqq qazandırmaq siyasəti aparır: “Azərbaycan Dağlıq Qarabağa və Ermənistana qarşı genişmiqyaslı hücumun legitimliyini formalaşdırmağa çalışır”.
Paşinyan qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını iddia edərək etnik təmizləmə prosesini başa çatdırmağa, erməniləri Qarabağdan çıxarmağa çalışır.
Nikol Paşinyan bildirib ki, Azərbaycan bölmələri Fərrux kəndi ətrafında sülhməramlıların zonasına girib və bu gün də oxşar hallar davam edir.
“Biz Rusiya sülhməramlı kontingentindən 9 noyabr 2020-ci il tarixli razılaşmaya uyğun olaraq Azərbaycan bölmələrinin öz məsuliyyət zonasından çıxarılması və status-kvonun bərpası ilə bağlı addımlar atacağını gözləyirik”, – Baş nazir belə deyib.
Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raula görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini tapdığını bildirib.
İlham Əliyev ümid edib ki, Brüsseldə məsələyə aydınlıq gələcək:
“Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.
Ölkə başçısı Azərbaycanın təqdim etdiyi beş prinsipin beynəlxalq hüququn normalarını əks etdirdiyini deyib:
“Necə deyərlər, biz burada velosiped ixtira etmirik. Bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir. Qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası – hesab edirəm ki, bunun əsasında Qafqaza sülh gələcəkdir. Biz bunu istəyirik. Biz Cənubi Qafqazın üç ölkəsi arasında Cənubi Qafqazda fəal əməkdaşlıq üçün potensialın olduğunu görürük və hesab edirəm ki, bu, nəinki bu ölkələr üçün, daha geniş region üçün önəmli olacaq. Əlbəttə ki, bütün bu məsələləri çox ehtiyatla və vaxtında həll etmək lazımdır. Çox şadam ki, bu və digər mühüm məsələləri sizinlə müzakirə etmək imkanımız var”.
Sonuncu dəfə ötən ilin dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin hər iki dövlət başçısı ilə görüşü olub.
Ermənistanın Baş nazirinin Fərrux kəndi barədə dediklərinə gəlincə, martın 26-da Azərbaycan Müdafiə Nazirliyi Qarabağda qanunsuz erməni silahlı qüvvələrinin təxribat törətməyə cəhd göstərdiyi haqda məlumat yayıb.
Nazirlik qeyd edib ki, bu gün səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib: “Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.
Xatırlatma
Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.
Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.
90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.
2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.