“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur”
Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasında düzəlişlərin edilməsini sülh prosesi üçün vacib saymır.
Azərbaycan Ermənistan Konstitusiyasında ona qarşı ərazi iddialarının olduğunu və bunun iki ölkə arasında sülh müqaviləsinə əngəl yaratdığını desə də, Paşinyan bunu qəbul etmir.
Paşinyan bildirib ki, Ermənistan Konstitusiyası Azərbaycanın ərazisinə heç bir iddia ehtiva etmir. Onun sözlərinə görə, Bakının təzyiqi altında Konstitusiyaya dəyişikliklərin edilməsi mümkün deyil.
“Ermənistan Konstitusiyasının heç bir müddəası qonşu ölkələrə ərazi iddiaları ehtiva etmir. Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız Konstitusiyanın daxilində əks olunan müddəalara aiddir”, – Paşinyan özünün rəsmi “X” hesabında yazıb.
Bildirilir ki, bu bəyanat Ermənistan müxalifət qruplarının və ictimaiyyətin mövqeyi ilə üst-üstə düşür, onlar əsas qanunun xarici təsir altında dəyişdirilməsinə qarşıdırlar.
Rəsmi Bakı hələ ki Paşinyanın açıqlamasına cavab verməyib.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib. Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.