“Təkliflərimizi vermişik, ümid edirəm ki, Azərbaycanın da reaksiyası müsbət olacaq”
“Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini verib”.
Bunu dekabrın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Baş nazir Yerevanın belə məzmunlu müqavilə imzalamağa hazır olduğunu vurğulayıb.
O, bu təkliflərə Azərbaycanın da reaksiyasının müsbət olacağına ümid etdiyini söyləyib.
“Bir neçə ay əvvəl Ermənistan tərəfi sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının gələcək işi ilə bağlı Azərbaycana öz təkliflərini göndərib, lakin hələlik cavab almamışıq. Biz Azərbaycana regional kommunikasiyanın bərpası ilə bağlı təkliflər göndərmişik və problemin dərhal həlli üçün bu yolla getməyə hazırıq”, – Paşinyan belə deyib.
Baş nazir bildirib ki, onların mövqeyi dəyişməz olaraq qalır:
“Azərbaycan Ermənistanın suveren ərazilərinin işğalını dayandırmalı, onun qoşunları Ermənistandan çıxarılmalıdır. Biz hərtərəfli həll yollarına nail olmaq, sülh və sabitliyi təmin etmək üçün səylərimizi davam etdiririk”.
Dekabrın 5-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirmişdi ki, Bakı sülh müqaviləsi üzrə üçüncü rəylər paketini Yerevana təqdim edib:
“2022-ci ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsi mümkündür”.
Nazir BMT Nizamnaməsinin və Alma-Ata Bəyannaməsinin irəli getmək üçün yaxşı əsas olduğunu vurğulayıb.
Rusiyanın xarici işlər naziri S.Lavrov isə demişdi ki, Bakı ilə Yerevan Praqada sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər: tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir”.
Lavrovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın təklifi çoxdan vardı:
“Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunmuşdu”.