Fevralın 15-də, Azərbaycanda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda Xocalı şəhərində ermənilər tərəfindən öldürülmüş 613 dinc azərbaycanlının xatirəsinin yad edildiyi matəm tarixinə 10 gün qalmış Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibova istinadla bunun Azərbaycanlıların özlərinin əməli olduğunu bəyan edib.
Paşinyan Münhen Təhlükəsizlik Konfransı meydanında Azərbaycan prezidenti İlham Əliyevlə Qarabağ münaqişəsinin həlli yolları haqqında debat zamanı bu arqumentdən istifadə edib.
Mütəllibov gecikmədən ona aid edilən sözləri təkzib edib. 1992-ci il aprelin 2-də Rusiyanın "Nezavisimaya Qazeta"sında onunla müsahibəni dərc edən çex jurnalist Dana Mazalova isə iddia edir ki, Mütəllibov bunu deyib, baxmayaraq ki, çox vaxt keçdiyinə görə itirilmiş dəlilləri təqdim edə bilmir.
Əslində isə Mütəllibov Xocalı haqqında həmin vaxt hakim kommunist elita və Xalq Cəbhəsi arasında gedən hakimiyyət uğrunda mübarizə və müxalifətin bu faciədən istifadə edərək onu istefaya göndərməsi kontekstində danışıb.
Bu mənada Mütəllibov haqlıdır, amma qeyd etmək lazımdır ki, Xocalının, Qarabağın və həmin vaxt Ermənistan-Azərbaycan sərhədi boyunca yüzlərlə boşaldılmış və yandırılmış kəndin başına gələnlərə görə həmin vaxtki hakimiyyət və müxalifət, eləcə də bütün xalq məsuliyyət daşıyır. Sonradan Bakıda hakimiyyət uğrunda gedən bu mübarizə ermənilərin ölkə ərazisinin 20%-ə qədərini işğal etməsinə gətirib çıxardı. Bundan sonra belə, bu günə qədər bu mübarizə bitməyib, ölkənin təhlükəsizliyi və xalqı üçün təhdid təşkil edir. Amma bu, başqa bir məqalə mövzusudur.
İndi isə Xocalı haqqında
Ermənistan tərəfi iddia edir ki, o, şəhəri tərk etmələri üçün şəhər sakinlərinə Ağdama çıxan dəhliz qoyub. Birincisi, belə bir sual yaranır – niyə ermənilər üçün təhdid təşkil etməyən dinc sakinlər üçün dəhliz qoymaq lazım idi? Xocalıda həmin vaxt özünümüdafiə qüvvələrindən ibarət, hücum vasitələrinə, ağır silahlara malik olmayan və Xocalıdan ehtiyat edən erməni yaşayış məntəqələri üçün təhlükə təşkil etməyən kiçik bir qrup var idi. Ermənilər etnik təmizləmə siyasətləri çərçivəsində belə bir qərar qəbul etmişdilərsə belə, onlar buna danışıqlar, razılaşma əldə etmək yolu ilə nail olmalı və nəhayət, Ermənistan və Azərbaycan tərəfin təhlükəsizliyini təmin etmək məqsədilə burada yerləşdirilmiş 366-cı rus alayı təhlükəsiz dəhlizi təmin etməli idi. Amma məhz bu alay şəhərin və onun sakinlərinin məhv edilməsinin iştirakçısı olub.
Qeyd etmək lazımdır ki, fevralın 25-nə qədər Ermənistanın azərbaycanlılara qarşı əvvəlcə Ermənistan SSRİ ərazisində, daha sonra isə Qarabağda və ona bitişik Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Qarabağda Şuşa şəhəri istisna olmaqla, azərbaycanlıların bütün yaşayış məntəqələri boşaldılmışdı. Xocalının mühasirəsi də, azərbaycanlıların digər yaşayış məntəqələrində olduğu kimi, düşündüyümüzdən xeyli əvvəl başlamışdı. Onun rastlaşdığı hadisələrdən əvvəl Ermənistanın elan edilməmiş müharibə çərçivəsində yaxşı düşünülmüş strategiya üzrə uzun müddət tələsmədən aparılan, Bakıda nə kabinetlərdə, nə də meydanlarda lazımi qədər qiymətləndirilməyən təcavüzü həyata keçirilirdi.Faciədən iki il əvvəl
1989-cu ilin noyabrında fotomüxbir Fərid Xayrulinlə birlikdə Qarabağda baş verənlər haqqında reportaj hazırlamaq üçün buraya gəldik. Biz TASS-ın Azərbaycandakı bürosu "Azərinform"un (hazırki AzərTAc) müxbirləri idik. Mən hərbi-hüquq şöbəsində işləyirdim və təhlükəsizlik məsələləri ilə bağlı olan hər şey müxbir kimi mənim öhdəliklərim dairəsinə daxil idi.
Biz Ağdama gəldik, burada rus hərbi komendaturası yerləşirdi (yəni şəxsi heyət Rusiyadan idi). İşimlə əlaqədar hərbiçilərlə tanış idim və vəziyyətlə tanış olmaq, eyni zamanda rayon hakimiyyətinin bizə bəhs etdiyi bir problemi həll etmək üçün onlara tərəf üz tutduq. Məsələ onda idi ki, otlaqlardan Ağdama qayıdan böyük qoyun sürüsü həmin vaxt Əsgəran şəhəri tərəfindən ermənilərin artıq mühasirəyə aldığı Xocalıda qalmışdı. Əsgəran Xocalı və Ağdam arasındakı yolda yerləşirdi.
Həmin vaxt sürünü yük vaqonları ilə çıxarmaq qərarı qəbul edilmişdi, hərbiçilərin dəstəyi olmadan bu, təhlükəsiz deyildi. Hərbiçilərlə şəxsi münasibətlərdən və xidmətdə olan insanlara sehrli təsir göstərən üzərində TASS yazısı olan vəsiqədən istifadə edərək Xayrulinlə biz komendantı və onun müavinini bu əməliyyatın təhlükəsizliyini təmin etmək zərurətinə inandıra bildik. Biz bir neçə piyada döyüş maşını ilə Xocalıya yola düşdük.
Hələ həmin vaxt Xocalıda yerli sakinlər faktiki olaraq bütün yolları kəsərək şəhər əhalisini mühasirəyə almış və asayişi təmin etmək üçün burada olan pozğun rus milisinin göz yumması ilə gecə vaxtı şəhəri avtomatlardan və tüfənglərdən atəşə məruz qoyan ermənilərin düşmənçiliyindən şikayət edirdilər. Xocalılıların özlərinin bir neçə tüfəngi var idi. Həmin vaxt Bakıdan verilən göstərişlə bütün azərbaycanlıların silahları, – ki, bu, ov silahları idi, – müsadirə edilmişdi. Həmin günün təfsilatına varmayacağam və az qala Xayrulinin həyatına son qoyacaq maraqlı hadisəni yada salmayacağam, amma həmin gün bir neçə yüz qoyundan ibarət bütün sürü vaqonlara yükləndi və piyada döyüş maşınlarının müşaiyəti ilə Ağdama çatdırıldı.
Bir gün sonra biz sovet (rus) hərbiçilərinin müşaiyəti ilə mühasirə edilmiş Şuşaya ərzaq aparan qafilədə gedirdik. Qafilənin yolunu erməni kişilər kəsdi, yolun kənarlarında isə kişi-qadın qarışıq dayanmışdılar və Azərbaycan əleyhinə şüarlar səsləndirirdilər. Hərbiçilər yolu açmaq üçün havaya atəş açmalı, yolu mühasirəyə alanları asfalta yatırmal, daha sonra yolu təmizləməli oldular. Biz Şuşaya çatdıq, yükümüzü boşaltdıq. Geri qayıdarkən yuxarıdan dik təpələrdən maşınlara daş atırdılar, bir neçə yerdə ZİL-in örtüləri deşild
Növbəti gün, noyabrın 7-də biz Xayrulinlə birlikdə rus zirehli avtomobili ilə ermənilərin gecə Şuşaya gedən yolu mühasirəyə almaq üçün partlatdığı Ağa Körpüsünə gəldik. Yalnız Ermənistanla həmsərhəd olan Laçından keçən yol qalmışdı. Amma orada da gündən-günə vəziyyət pisləşirdi.
Sərhəd
DİN müavini Ramiz Məmmədovla birlikdə Laçına gəldik. Gecə raykomun birinci katibinin kabinetində oturmuşduq. İki milis əməkdaşı gəldi. Leytenant məruzə edir: "Ermənilər avtomat silahdan sərhəddəki Yuxarı Cicimli kəndinə atəş açdılar". Məmmədovun "siz niyə cavab vermirsiniz?" sualına cavab: "Bizim yalnız "Makarov" tapançalarımız var, onlar da 50 metrə atəş açır". "Bəs niyə avtomatınız yoxdur?" deyə nazir müavini soruşdu. "Bizə avtomat vermirlər", deyə leytenant cavab verdi.Məmmədov mənə baxaraq, "Verəcəklər" dedi (Amma sonrakı səfərimdə öyrəndim ki, hələ də avtomat verilməyib). Məmmədov hara isə zəng etdi. Elə həmin gecə gələn rus komendaturasının bölməsi erməniləri uzaqlaşdırdı. Səhər hadisə yerində idik və mən sakinlərin, milisin ifadələrini yazır, pusqu yerinin, gilizlərin, yaralanmış və ya öldürülmüş, ermənilərin özlərinin cinayət yerindən apardığı erməninin qanının şəklini çəkirdim. Silahsız əhaliyə daimi atəş və hücumlar taktikası insanların öz evlərindən, doğma kəndlərindən sıxışdırılıb çıxarılmasına yönəlmişdi. Biz Məmmədovla birlikdə Laçından Qubadlıya yola düşdük. Burada erməni terrorçuları yerli kənd şurasının rəhbərini oğurlamışdılar. Onun Ermənistana aparıldığı və işgəncələrdən sonra öldürüldüyü barədə məlumat var idi. Məmmədov sərhəddəki Qoris yolunda Ermənistan DİN müavini ilə görüşüb öldürülmüş şəxsin cəsədinin qaytarılması məsələsini müzakirə etməli idi.
Qubadlı rayon mərkəzindən Ermənistanla sərhədə gedən yolda boşalmış kəndlər görürdük – söhbət 1989-cu ildən gedir! Bir kəndin yanından keçərkən ev əşyalarının yükləndiyi yük maşını gördük. Soyğunçular olduğunu düşündük. Sən demə, yerli sakinlər imiş. "Ermənilər gecələr kəndə atəş açırlar, yaşamaq mümkün deyil", deyir oğlan. "Niyə cavab vermirsiniz"? deyə sual etdim. "Silahımız yoxdur", deyə cavab verdi. Əlində tətiyi çəkilmiş avtomat tutan rayon milis rəisi yol boyu məndən yanından keçdiyimiz kəndlərin adlarını soruşurdu. O, 2,5 il idi burada işləyirdi?!
Bir gün sonra gecə Altay vilayətindən daxili qoşunların bölməsi ilə birlikdə dağlıq Əliquluuşağı kəndinə Ermənistanın hücumunu dəf etməyə getdik. Orada sakinlər hələ də ov silahları ilə özlərini müdafiə etməyə çalışırdılar. Eyni hekayə. Gecə vaxtı Ermənistan ərazisindən bir kilometrlik məsafədən kəndə pulemyotlardan atəş açılır. Cavab verə bilmirəm, silahım yoxdur.
Xocalı faciəsinin baş verdiyi günə qədər Qarabağda azərbaycanlı əhalisi olan bütün yaşayış məntəqələri (Şuşa istisna olmaqla) və sərhəddəki rayonlarda kəndlərin əksəriyyəti boşalmışdı. Sonradan ermənilər bu rayonların işğalına qədər sakinlərin tərk etdiyi kəndləri həm də yandırırdılar. Təkcə Zəngilan rayonunda həmin vaxta qədər sərhəddəki 14 kənd yandırılmışdı.
Hamı günahkardır
Xocalı, Mütəllibov mövzusuna qayıdaraq, hər gün SSRİ-nin dağılmasına qədərki və ondan sonrakı Azərbaycan xronikasını tutan bir insan kimi, bir daha deyə bilərəm ki, 30 illik faciəyə görə məsuliyyət hamının üzərindədir: ilk növbədə hakimiyyətin, ikinci növbədə müxalifətin (onlar yerlərini dəyişirdi) və üçüncü növbədə, bizim hamımızın (hamımız, sanki, öz yerimizdəyik). Ermənistan tərəfinə gəlincə, o, öz strategiyasını planlaşdırılmış rejimdə dəqiqliklə həyata keçirdi və onun təşkilatçıları və təhrikediciləri, prinsipcə, bu faciədəki qələbəsini (əslində Pirr qələbəsini) gizlətmirlər. Paşinyanın Münhendəki çıxışı da bunu təsdiq etdi.