Paşinyan İran prezidentinə Qarabağ münaqişəsində balanslaşdırılmış siyasətə görə təşəkkür edib

Müsəlman dövlətlərini İsrailə qarşı cihada çağıran İran Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllini istəyir, hətta vasitəçi kimi çıxış etməyə hazır olduğunu bilidirir

Source: google.az


“İranın balanslaşdırılmış siyasəti ermənipərəst siyasətdir”

Yerevanda oktyabrın 1-də Avroasiya Şurasının geniş iclasında iştirak edən İran prezidenti Həsən Ruhani Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.



Sputnik Armeniya

” saytının məlumatına görə, görüşdə Nikol Paşinyan Həsən Ruhaniyə İranın Qarabağ münaqişəsində balanslaşdırılmış mövqeyinə görə minnətdarlığını bildirib.

Bundan başqa Baş nazir Ermənistanın İranla münasibətlərdə geosiyasi təsirlərdən azad olmasının vacibliyini qeyd edib.

“Biz yaxın qonşularıq. Bizim ümumi maraqlarımız var. Biz bundan sonra yüzilliklərlə əməkdaşlıq etməliyik”, – Nikol Paşinyan deyib.

Ermənistan və İran rəhbərləri qaz əvəzinə elektrik enerjisi mübadiləsi üzrə əməkdaşlığın genişləndirilməsi, nəqliyyat infrastrukturu və yolların çəkilməsi üzrə birgə işlərin görülməsini müzakirə ediblər.

Nikol Paşinyan Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılmasına yönələn layihənin Ermənistanın strateji maraqlarına uyğunluğunu və ölkənin bunun üçün praktiki addımlar atmağa hazır olduğunu bəyan edib.


“ABŞ Paşinyanın Ruhani ilə görüşündə söylədiklərindən nəticə çıxarmalıdır”

Görüşdə deyilənləri Meydan TV üçün şərh edən deputat Elman Məmmədov Nikol Paşinyanın İrana təşəkkürünün sadə izahı olduğunu düşünür:

maxresdefault.jpg
Elman Məmmədov

“Mərkəzdə Moskva olmaq şərti ilə İran da Azərbaycan torpaqlarının işğal edilməsi və işğalda saxlanılmasının səbəbkarıdır. Ermənistanın bu dövrlərdə hərtərfli təminatçısı Rusiya və İrandır”.

Deputat hesab edir ki, ABŞ Tehrana sanksiyaları fonunda Ermənistanın İranla əlaqələrindən və Paşinyanın Ruhani ilə görüşündə söylədiklərindən nəticə çıxarmalıdır.

“Bu, çox vacib məsələdir. Ümumiyyətlə, ötən əsrin 90-cı illərindən Ermənistanla İran həmişə sıx əlaqədə olublar. Tehran Yerevanın ən böhranlı vəziyyətlərində Ermənistanın qida borusu rolunu oynayıb. Hazırda da əməkdaşlıqları davam edir”.


“İranın Azərbaycanın ərazi bütövlüyü barədə bəyanatlarına baxmayaraq, real işlər yoxdur”

Siyasi icmalçı İlqar Vəlizadə isə güman edir ki, Ermənistan rəhbərliyi balansanlaşdırılmış siyasətdən danışanda İranın Azərbaycana kifayət qədər dəstək verilməməsini nəzərdə tutur.

“Rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyü barədə bəyanatlar səsləndirməsinə, münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirməsinə baxmayaraq, real işlər yoxdur. İrandan fərqli olaraq Türkiyə bunu həm sözdə, həm də əməldə ifadə edir, Ermənistanla sərhədi bağlayır, iqtisadi əlaqələr qurmur. İran barəsində bunları demək olmaz. İkitərəfli ticarət dövriyyəsi kifayət qədər yaxşıdır. Ona görə Paşinyan bunu balanslaşdırılmış siyasət kimi qiymətləndirir”.

İlqar Vəlizadənin sözlərinə görə, Paşinyanın bəyanatları daha çox daxili auditoriya üçündür. Onun fikrincə, Vaşinqtonda bu cür bəyanatları eşidən də yoxdur.

İlqar Vəlizadə
İlqar Vəlizadə

“Digər tərəfdən, İran-Ermənistan münasibətləri həssasdır, çünki Tehran İrəvanın enerji mübadiləsində mühüm rol oynayır. Bu münasibətlər də pozulsa, Ermənistanın ürəkaçan olmayan iqtisadiyyatı daha da pis vəziyyətə düşə bilər. İranla qapılar bağlansa, Ermənistanın bir yolu qalır-Gürcüstan, amma bu da təlabatı tam ödəyə bilmir. Ona görə belə bəyanatlar səsləndirilir. Bunları Vaşinqtonda daha çox erməni lobbisi eşidir. Onlar da müəyyən siyasi dəhlizlərdə bu barədə danışırlar, ki, “gözümüzü bağlayaq”, çünki Ermənistanda iqtisadi vəziyyət pisdir”.


“Rəsmi Tehran razılıq verməsəydi Ermənistan Azərbaycanın İranla sərhədini işğal etməzdi”

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov İranın balanslaşdırılmış siyasətinin ermənipərəst siyasət olduğunu hesab edir:

“Prezident Ruhaninin bu yaxınlarda verdiyi bəyanata görə İranla Ermənistan münasibətləri yaxın qonşuluq, dostluğa əsaslanır və Tehran bu münasibətləri inkişaf etdirmək niyyətindədir. İlk baxışdan absurd situasiya yaranır, çünki İran dünyada özünü müsəlmanların maraqlarının ifadəçisi və təəssübkeşi kimi göstərir. Bu, Ərəb-İsrail qarşıdurmasında özünü büruzə verir və İran İsrailin mövcudluq haqqını tanımır. Bütün dünyada özünü Fələstin xalqının yeganə təəssübkeşi kimi təqdim etmək istəyir”.

İslam Dövlətləri Konfransının dəfələrlə Ermənistanı təcavüzkar kimi qiymətləndirdiyini xatırladan Rauf Mirqədirov bildirib ki, buna rəğmən Tehran Yerevanla əməkdaşlıq edir. Onun sözlərinə görə, ortada iki fakt var:

Jurnalist mühacir Rauf Mirqədirov
Rauf Mirqədirov

“Ermənistan Azərbaycanın İranla sərhədini işğal edib. Yalnız sadəlöhvlər inana bilər ki, İran buna razılıq verməyib. İran istəsəydi təzyiq göstərərdi və qısa müddətdə həmin sərhəd bölgəsinin Azərbaycanın nəzarətinə keçməsinə nail olardı. İkinci fakt, 90-cı illərdə Rusiya Cənubi Qafqazı iqtisadi blokadaya alanda Ermənistanı məhz İran xilas edib. Bu gün də Ermənistanda İran şirkətləri çalışır. Bütün bunlar söhbətin balanslaşdırılmış siyasətdən yox, İranın Ermənistana göstərdiyi dəstəkdən gedir. Müsəlman dövlətlərini İsrailə qarşı cihada çağıran İran Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllini istəyir, hətta vasitəçi kimi çıxış etməyə hazır olduğunu bilidirir”.

Rauf Mirqədirov Yerevanın ABŞ-ın İrana qarşı sanksiyalarını nəzərə almadan ticari əlaqələr qurması barədə suala belə cavab verib:

“Bir sıra dövlətlər İrana qarşı sanksiyaları bu və ya digər dərəcədə nəzərə almaya bilməzlər. Çünki ABŞ-ın sanksiyalarının əksəriyyətinin ərazi məhdudiyyəti yoxdur. Ermənistan da elə dövlət deyil ki, bunları nəzərə almasın. Bu mənada İran-Ermənistan əməkdaşlığının həmin sanksiyaları əhatə edən sahədə geniş olduğunu düşünmürəm”.

Ana səhifəSiyasətPaşinyan İran prezidentinə Qarabağ münaqişəsində balanslaşdırılmış siyasətə görə təşəkkür edib