Paşinyan Əliyevə cavab verib: “Orduda islahat aparmaq qanuni haqqımızdır”

İlham Əliyev və Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir Ermənistanın Azərbaycana hücum etmək niyyətində olmadığını deyib

Ermənistan Baş naziri Nikol Paşinyan “Armenpress” xəbər agentliyinə müsahibə verib.

O, Azərbaycanı ölkəsinə qarşı ərazi iddialarıyla çıxış etməkdə suçlayıb.

“Biz Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlarda konstruktiv iştirak etməkdə davam edirik. Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı təkliflər bir aydan çoxdur ki, Azərbaycana göndərilib və hələ də onlara heç bir cavab verilməyib”, – Paşinyan belə deyib.

Onun sözlərinə görə, Yerevan Bakıya delimitasiya prosesi ilə bağlı təkliflər də verib:

“Təklif edirik ki, üçüncü dövlətlərin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi haqqında müddəa tətbiq edilsin və bu, məntiqlidir, çünki bu hissələrdə eskalasiya riski delimitasiya ilə əlaqədar əhəmiyyətli dərəcədə azaldılır, hətta minimuma endirilir.

Sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq”.

“Demək istəyirəm ki, biz mübahisələrin təkcə beynəlxalq məhkəmələrdə həllindən deyil, mübahisələrin özündən də imtina etməliyik. Bu mərhələdə biz həm də müəyyən humanitar məsələlərin həlli yollarını axtarırıq”, – Baş nazir qeyd edib.

Jurnalistin “Azərbaycan Prezidenti İlham Əliyev yenidən Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsini qaldırıb, bir daha bildirib ki, Konstitusiyamızda Azərbaycana qarşı ərazi iddiaları var” sualına Paşinyan belə cavab verib:

“Mən bu mövzuya dəfələrlə toxunmuşam və bir daha vurğulayıram ki, əgər bu, Azərbaycanın səmimi narahatlığının ifadəsidirsə, o zaman bu qorxuları sovuşdurmuş hesab etməyə bütün əsaslar var. Niyə? Çünki Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması ilə bağlı müddəalar sənədin preambulasında Dağlıq Qarabağın adının çəkilməsi ilə bağlı İstiqlal Bəyannaməsinə ümumi istinada əsaslanır. Ermənistan Konstitusiya Məhkəməsi 2024-cü il sentyabrın 26-da qəbul etdiyi qərarda qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız bəyannamənin Konstitusiyanın maddələrində hərfi mənada təsbit edilmiş müddəalarına aiddir. Ermənistan Konstitusiyasının heç bir maddəsində Dağlıq Qarabağın birbaşa və ya dolayısı ilə adı yoxdur. Əgər biz Konstitusiyanın məzmununu Azərbaycanın təfsir etdiyi kimi qəbul etsək, o zaman sual yaranır: niyə Qarabağ 1995-ci il konstitusiya referendumunda iştirak etmədi, niyə orada seçki məntəqələri açılmadı və insanlar Konstitusiya məsələsinə səs vermədilər?”.

“Eyni sözləri Ermənistanda sonrakı prezident və parlament seçkiləri haqqında da demək olar. Üstəlik, Ermənistan Konstitusiyasının azərbaycanca təfsiri düzgün olsaydı, qarabağlı bacı və qardaşlarımızın Ermənistan tərəfindən qaçqın kimi tanınması qeyri-mümkün olardı”, – Baş nazir belə deyib.

“Dediniz ki, Ermənistan da Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi tələblərinin olmasından narahatdır” sualını isə Paşinyan belə şərh edib:

“Bəli, bu narahatlıq ondan ibarətdir ki, Azərbaycan Konstitusiyasının preambulasında Azərbaycan Parlamentinin 1991-ci il oktyabrın 18-də qəbul etdiyi Konstitusiya Aktına istinad var. Öz növbəsində, Konstitusiya Aktında 1918-ci il mayın 28-də qəbul edilmiş Birinci Azərbaycan Respublikasının İstiqlal Bəyannaməsinə istinad edilir ki, burada Birinci Azərbaycan Respublikasına Şərqi və Cənubi Zaqafqaziyanın daxil olduğu bildirilir. 1919-cu ilin noyabrında Azərbaycan Respublikası Antantaya özünün inzibati-ərazi xəritəsini təqdim etdi, ona görə Azərbaycan Ermənistan Respublikasının bütün Sünik və Vayots-Dzor rayonlarını, habelə Ararat, Armavir, Qeqarkunik, Tavuş ərazilərini qismən də əhatə edirdi, Lori, Şirak rayonları – Ermənistan Respublikası ərazisinin təxminən 60%-ni təşkil edir.

Beləliklə, Azərbaycan Konstitusiyasında Ermənistan Respublikasına ərazi iddiaları var, lakin biz iki səbəbə görə Azərbaycan Konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırmırıq: birincisi, belə bir tələb Ermənistan-Azərbaycan sülh prosesini çıxılmaz vəziyyətə salacaq. ikincisi, sülh müqaviləsinin razılaşdırılmış hissəsində Ermənistan və Azərbaycan arasında bir maddə var ki, tərəflər riayət edilməməsinə haqq qazandırmaq üçün öz daxili qanunvericiliklərinə müraciət edə bilməzlər. Sülh müqaviləsinin razılaşdırılmış hissəsinin digər maddəsində deyilir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, bir-birlərinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər”.

Jurnalistin: “Yəni demək istəyirsiniz ki, Konstitusiya ilə bağlı qorxulara görə sülh müqaviləsini imzalamaqdan imtina etməyə ehtiyac yoxdur, onun imzalanması həm də bu qorxuları aradan qaldıracaq?” – sualına cavabında Baş nazir qeyd edib:

“Mütləq. Və əgər məsələyə Ermənistan Respublikasının qanunvericiliyi nöqteyi-nəzərindən yanaşsaq, o zaman bizim qanuna görə, sülh müqaviləsi imzalandıqdan sonra o, Milli Məclisdə ratifikasiya edilməlidir. Bundan sonra hökumət sazişin Ermənistan Respublikasının Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə göndərməyə borcludur. Konstitusiya Məhkəməsi sülh müqaviləsinin mətninin Konstitusiyaya uyğun olmadığına qərar verərsə (26 sentyabr 2024-cü il tarixli qərardan sonra belə bir inkişaf ehtimalı az olsa da), Azərbaycanın bu məsələdə arqumentlərinin düzgün olduğu üzə çıxacaq və Ermənistan sülh müqaviləsinin bəzi müddəaları ilə Konstitusiya arasında seçim etmək məcburiyyətində qalacaq.

Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi parlamentdə ratifikasiya olunduqdan sonra o, Ermənistan Respublikasının qanunlarından və digər hüquqi aktlardan üstün hüquqi qüvvəyə malik olacaq və ərazi iddiaları mövzusu nəhayət bağlanacaq. Eyni şey Azərbaycanda da olacaq, başqa sözlə, həm Ermənistanın, həm də Azərbaycanın, o cümlədən konstitusiyalarla bağlı qorxularını praktiki olaraq aradan qaldıracaq sülh müqaviləsinin imzalanmasıdır”.

Paşinyan müsahibəsində ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı fikirlərə də toxunub:

“Biz bu mövqeyi başa düşürük ki, əgər münaqişə yoxdursa, o zaman münaqişənin həlli ilə bağlı formatın olmasının nə mənası var? Amma biz həm də əmin olmaq istəyirik ki, Azərbaycan da bu məsələyə eyni məntiqlə yanaşır və onun istəyi nədir. Açıq desinlər ki, qondarma “Qərbi Azərbaycan”la bağlı diskurs Ermənistan Respublikasının ərazisinə qarşı təcavüzkar siyasətin həyata keçirilməsini nəzərdə tutmur”.

“Əgər, doğrudan da, belə deyilsə və fikrimizdə yanılırıqsa, o zaman “Qərbi Azərbaycan” dedikdə Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları başa düşülməlidir. Ona görə də insanların ora qayıtması Azərbaycanın daxili işidir və Ermənistan hökumətinin artıq Azərbaycanla müzakirə etdiyi məsələlərdən başqa burada işi və müzakirəsi yoxdur. Mən digər məsələlərlə yanaşı, Azərbaycanın qərb və Ermənistanın şərq sərhədlərinin təhlükəsizliyini təmin edəcək normal münasibətlərin qurulmasını nəzərdə tuturam”, – Paşinyan vurğulayıb.

Paşinyan jurnalistin “Azərbaycan Ermənistanı müdafiə xarakterli olmayan silahlar əldə etməkdə ittiham edir, eyni zamanda Ermənistanın onunla silahlanma yarışına dözməyəcəyini deyir” sualını da cavanlandırıb:

 “Ermənistan heç bir ölkə ilə silahlanma yarışında deyil, biz sırf ona görə silah alırıq Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü, yəni müdafiə məqsədi ilə qoruyaq və bizim məqsədlərimiz şəffafdır. Bizə deməyə çalışırlar ki, müdafiə məqsədi ilə müdafiə silahları əldə etməliyik. Amma müdafiə vasitəsi ilə müdafiəni təşkil etmək mümkün deyil. Tutaq ki, Ermənistanda super təchizatlı hava hücumundan müdafiə və elektron döyüş sistemləri var. Yerüstü hücumlardan özünü necə qorumalıdır? Təbii ki, artilleriya, raketlər və digər məhvetmə vasitələri ilə. Azərbaycan da müdafiə xarakterli olmayan silahlar əldə edir. Bu o deməkdirmi ki, o, revanşist siyasət aparır?”.

Baş nazir qeyd edib ki, bütün beynəlxalq normalara əsasən,  Ermənistan silahlı qüvvələrə malik olmaq hüququna malikdir və özünü qorumağa borcludur:

“Bu, Azərbaycana təhlükədirmi? Xeyr, çünki biz Sovet Azərbaycanı ərazisində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini açıq-aydın tanımışıq və gözləyirik ki, Azərbaycan da bizim kimi şərhə əsas vermədən Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Əldə etdiyimiz razılaşmalar və təhdid siyasətlərindən çəkinəcəyik.

Əslində hər gün Ermənistan qarşı təhdid xarakterli bəyanatlar verilir. Bu şəraitdə bizim reaksiyamız hətta ölkə daxilində tənqid olunur, çünki biz deyirik ki, ərazimiz 200 kvadrat kilometrdən çox olan suveren ərazimizin işğal olunmuş hissələrinin hərbi yolla geri qaytarılması məsələsini belə nəzərdən keçirmirik. Sərhədin delimitasiyası ilə bağlı əldə edilmiş institusional qərarlar bizə bu məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə imkan verir ki, bütün bunlar kontekstində biz hətta Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizminin yaradılmasını təklif etdik. Amma Azərbaycan hələ ki bütün bunlara cavab verməyib və Ermənistanla Azərbaycanın hərbi büdcələri arasında artıq 3 dəfə fərq var. Bunun fonunda bizi silahlanmaqda ittiham etmək, ən azı, ədalətsizlikdir”.

“Regionda yeni eskalasiya riskini nə dərəcədə qiymətləndirirsiniz?” sualına gəlincə, Paşinyan bildirib ki, Ermənistanın Azərbaycana hücum etmək niyyəti yoxdur:

“Mən zəmanət verə bilərəm ki, Ermənistanın Azərbaycana hücum etmək niyyəti, məqsədi və planı yoxdur və bu yolla getməyəcək. Əgər Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdursa, o zaman regionda eskalasiya ehtimalı sıfıra bərabərdir”.

O, regional kommunikasiyalar məsələsinə də toxunub:

“Bizim qiymətləndirməmizə görə, biz dəmir yolu əlaqəsini necə bərpa etmək barədə həll yolu tapmışıq ki, bu, həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olardı.Biz bu qərarla bağlı Azərbaycana yazılı təklif göndərmişik və onun müsbət reaksiyasını gözləyirik. Bu reaksiya alınanda tez bir zamanda müqavilə imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazım gələcək”.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətPaşinyan Əliyevə cavab verib: “Orduda islahat aparmaq qanuni haqqımızdır”