Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın bugünkü çıxışını sülh müqaviləsi danışıqlarına maneçilik törətmək niyyəti ilə izah edib.
Nazirliyin Mətbuat İdarəsinin yaydığı məlumatda bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarixli qərarı ilə Ermənistan tərəfinin məntəqənin aradan qaldırılması ilə bağlı müraciətini yekdilliklə rədd etməsi bu iddianın əsassız olduğunu göstərir:
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanın təklif etdiyi “Ağdam-Xankəndi” yolunun yüklərin daşınması üçün vacib olduğu fikrinə məhəl qoymayan Ermənistan tərəfinin hər vəchlə bu yoldan imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının əsassız olduğunu və Ermənistanın Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti davam etdirmək niyyətini sübut edir”.
“Azərbaycanın bölgədə “etnik təmizləmə” həyata keçirmək istiqamətində addımlar atdığı barədə Ermənistanın iddiası olduqca yanlış və təhlükəlidir. Azərbaycanlılara qarşı kütləvi qırğınlar və deportasiyalar həyata keçirən Ermənistandan fərqli olaraq, Azərbaycan heç zaman erməni sakinlərə qarşı etnik təmizləmə siyasəti həyata keçirməyib. Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistanın Baş naziri erməni sakinlərin Azərbaycana reinteqrasiyasını təşviq etmək əvəzinə, dialoqun hansı formada həyata keçirilməsinə dair şərtlər irəli sürməsi suverenlik və ərazi bütövlüyünə qarşı addım kimi qiymətləndirilir və qəbuledilməzdir”,-deyə nazirlik əlavə edib.
Mətbuat İdarəsi həmçinin qeyd edib ki, sərhədlərin hansı çərçivədə delimitasiya etməsindən asılı olmayaraq, Ermənistanın silahlı qüvvələrinin tam olaraq Azərbaycan ərazisindən çıxarılmaq öhdəliyi yerinə yetirilməyib:
“Ermənistanın əraziyə maliyyə dəstəyini davam etdirməsi və ərazi iddialarını müxtəlif məktublarda, bəyanatlarda və çıxışlarda vurğulaması şəraitində prosesin uğursuzluğa düçar olmasına çalışdığı hər kəsə aydındır və bu istiqamətdə manipulyasiyalar əsassızdır”.
“Beynəlxalq müdaxilə və mexanizmlər olmadan bu dialoq effektiv ola bilməz”
Ermənistanın Baş naziri Nikol Paşinyan 15 iyulda Brüsseldə keçirilən görüşün Laçın dəhlizinin açılması və Dağlıq Qarabağda humanitar böhranın aradan qaldırılması baxımından konkret nəticə vermədiyini bildirib.
Bu barədə iyulun 20-də Baş nazir hökumətin iclasında danışıb.
Ancaq o danışıqları mümkün qədər intensiv şəkildə davam etdirmək və qarşılıqlı məqbul həll yollarının tapılması istiqamətində fəal səylər göstərməyin lazım olduğunu əlavə edib.
Nikol Paşinyan əminliyini ifadə edib ki, beynəlxalq müdaxilə və mexanizmlər olmadan bu dialoq effektiv ola bilməz:
“Yalnız ona görə ki, Bakı Dağlıq Qarabağ ermənilərinə qarşı aqressiv və hədələyici ritorikasını davam etdirir. Bunun dərin məqsədi, fikrimizcə, Dağlıq Qarabağda etnik təmizləmədir”.
Şarl Mişelin yekun bəyanatını xatırladan Baş nazir deyib ki, Avropa İttifaqı Şurasının prezidenti Laçın dəhlizinin açılmasının zəruriliyini, eləcə də Xankəndi (Stepanakert) və Bakı arasında dialoq yolu ilə təhlükəsizlik gündəminin və Dağlıq Qarabağ ermənilərinin hüquqlarının həllinin vacibliyini vurğulayıb:
“Bu, artıq nəzəri bəyanat deyil. Laçın dəhlizinin qanunsuz bağlanması yolu ilə həyata keçirilən konkret proqramdır ki, bunun birbaşa təzahürü Dağlıq Qarabağda ermənilərin yaşamasını qeyri-mümkün edir. Təəssüf ki, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanı Laçın dəhlizinin açılmasına məcbur edən 22 fevral və 6 iyul tarixli hüquqi qüvvəyə malik qərarları hələ də icra olunmayıb. Bununla belə, biz bu istiqamətdə işi davam etdirməliyik”.
Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdə iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasının təsdiqləndiyini də bildirib.
O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmalıdır.
“Gələcəkdə biz delimitasiya işinin kartoqrafik əsasını konkretləşdirməliyik”, – deyə Paşinyan vurğulayıb.
İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel), Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Görüş barədə açıqlama verən Şarl Mişel deyib ki, liderləri sülh prosesinə sadiqliyinə görə təqdir edir.
Aİ Şurasının Prezidenti deyib ki, tərəflər arasında ölkələrin suverenliyi və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, iki ölkə arasında nəqliyyat əlaqələrinin açılması, Qarabağdakı erməni əhalisinin vəziyyəti, hüquq və təhlükəsizliyi, Laçın dəhlizi ətrafında vəziyyət, təsadüfən sərhəddi keçən əsgərlərin qarşılıqlı azad olunması, minaların təmizlənməsi və itkin düşənlərlə bağlı məsələlər müzakirə olunub.
Şarl Mişel vurğulayıb ki, o iki ölkə liderinə növbəti iki görüşün yaydan sonra keçirilməsi ilə bağlı istəyini bildirib.
Görüşün birinin Brüsseldə, digərinin isə Fransa və Almaniya liderlərinin iştirakı ilə Qranadada keçirilməsinin mümkünlüyünü deyib.