Paşinyan Bakıya sülhlə bağlı həll yolları təklif etdiyini deyir

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir Azərbaycandan müsbət cavab gözlədiyini bildirib 

Baş nazir Nikol Paşinyan Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsində həll olunmamış iki maddənin qaldığını deyib.

O, yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib ki, Yerevan Bakıya hər iki məsələnin həlli yollarını təklif edib.

“Razılaşdırılmamış maddələrdən biri üçüncü ölkə qüvvələrinin nümayəndələrinin sərhəddə yerləşdirilməməsidir. Yerevan bu müddəanın yalnız sərhədin demarkasiya olunmuş hissələrinə tətbiq edilməsini təklif edir. İkinci maddə beynəlxalq məhkəmələrdən hüquqi tələblərin geri götürülməsinə aiddir”.

“Müəyyən şərtlər və şəraitdə bu, bizim üçün məqbul ola bilər. Əmin olmalıyıq ki, biz təkcə beynəlxalq forumlardan iddialarımızı geri götürmürük, əksinə, bu mübahisələrdən tamamilə imtina edirik. Əks halda, elə bir vəziyyət yarana bilər ki, biz bir iddianı geri götürəndə Azərbaycan öz iddiasını geri götürəcək. Lakin sonrakı mərhələdə Azərbaycan ikitərəfli münasibətlərdə bu məsələləri qaldıracaq ki, bu da gərginliyə səbəb ola bilər”, – Paşinyan deyib.

Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycan “Zəngəzur dəhlizi”nin açılması üçün əməli addımlar atır. 

Yerevandan tələb edir ki, Azərbaycandan öz eksklavına – Naxçıvana maneəsiz və nəzarətsiz marşrut təmin etsin.

Paşinyan Əliyevin bəyanatını şərh edərkən Bakıya Mehri vasitəsilə Naxçıvanla dəmir yolu əlaqəsi qurmaq təklif edildiyini bildirib:

“Biz konkret bir həll təklif etdik ki, Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə dəmir yolu yükdaşımaları olsun. Amma eyni zamanda Yerasxdan Mehriyə dəmir yolu əlaqəsi də eyni prinsiplə işləməlidir. Bu təklifin mühüm nüanslarından biri də ondan ibarətdir ki, atmosferi və münasibətlərdəki gərginliyi nəzərə alaraq, indiki mərhələdə biz bir müddət yükdaşımalarına başlaya bilərik. Sonra vəziyyət daha uyğun olanda sərnişindaşıma haqqında düşünəcəyik”, – Paşinyan deyib. 

O əlavə edib ki, Azərbaycandan bununla bağlı müsbət cavab gözləyir:

“Düzü, mən təsəvvür edə bilmirəm ki, onlar bunu niyə rədd etsinlər, çünki biz hər iki tərəfin qaldırdığı məsələləri həll edən çıxış yolu tapmışıq”, – Ermənistanın Baş naziri bildirib.

Paşinyanın sözlərinə görə, bu təklif “Sülh kəsişməsi” layihəsi çərçivəsində müəyyən edilmiş prinsiplərə tam uyğundur və həmçinin Azərbaycanın danışıqlar zamanı ifadə etdiyi gözləntilərə cavab verir. 

“Biz maneəsiz ünsiyyətin əleyhinə deyilik. Lakin maneəsiz ünsiyyət Ermənistan Respublikasının yurisdiksiyasından yan keçmək demək deyil”, – Paşinyan deyib.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib. 

2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb. 

Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib. 

Hazırda bu sahədə danışıqlar davam edir. 

Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir. 

Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəXəbərlərPaşinyan Bakıya sülhlə bağlı həll yolları təklif etdiyini deyir