Rəsmi Bakı: “Paşinyan vəziyyəti gərginləşdirmək niyyətindədir”
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalandıqdan sonra Bakının Yerevana ərazi iddiaları irəli sürəcəyini iddia edib.
Bu barədə avqustun 3-də Baş nazir hökumətin iclasında danışıb.
Nikol Paşinyan fikrini əsaslandırmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsindən sitat gətirib.
“Əliyev bildirib ki, Ermənistana qarşı ərazi iddiaları yoxdur. Bununla yanaşı, əlavə edib ki, iki ölkə arasında sərhədlər müəyyən edilməyib”.
O, Ermənistanla Azərbaycan arasındakı sərhədlərin 1991-ci il Alma-Ata bəyannaməsilə müəyyən edildiyini vurğulayıb:
“Bu, oktyabrın 6-da Praqada dördtərəfli görüşdə təsdiqlənib. Həmin görüşdə Alma-Ata bəyannaməsi sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul edilib”.
“Belə təəssürat yaranır ki, Bakı Alma-Ata bəyannaməsinin müəyyən etdiyi sərhədlərin mübahisələndirilməsi üçün boşluqlar qoyan sülh müqaviləsini imzalamaq istəyir. Delimitasiya və demarkasiya prosesində isə Ermənistana qarşı ərazi iddiaları irəli sürmək istəyir”, – deyə Paşinyan bildirib.
Baş nazir ötən həftə humanitar böhran kontekstində Dağlıq Qarabağa göndərilən 361 ton humanitar yardımın Azərbaycan tərəfdən Laçın dəhlizinin girişinə yaxın ərazidə saxlandığından da danışıb.
Baş nazir bunun 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olduğunu deyib:
“Azərbaycan inadla israr etməkdə davam edir ki, bu il iyunun 15-də Laçın dəhlizinin bağlanmasının səbəblərindən biri Ermənistan tərəfinin hərbi təxribatıdır. Azərbaycanlılar Ermənistan ərazisində, Həkəri körpüsünün kənarında bayraq sancmağa cəhd etmiş və Ermənistanın sərhəd qoşunlarının haqlı müqaviməti ilə üzləşmişdilər. Azərbaycanın yuxarıda qeyd etdiyimiz hərəkəti xüsusilə iki ölkə arasında demarkasiya və delimitasiya işlərinin hələ ilkin mərhələdə olduğu bir şəraitdə təxribatdır. Azərbaycanın könüllü və tez-tez müxtəlif yerlərdə bayraqlar asmaq üçün güc tətbiq etməsi sərhədlərin demarkasiyasına və bütövlükdə sülh prosesini pozmaq aktına bənzəyir”.
Paşinyan Bakını Dağlıq Qarabağ sakini Vaqif Xaçaturyanın, digər əsirlərin, girovların və məhbusların azad edilməsinə çağırıb.
“Bu addım sülh gündəminə sadiqliyin təsirli sübutu olardı”, – deyə o əlavə edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın iddialarına reaksiya verib.
Nazirlik hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti dəfə Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirmək cəhdləri iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək əvəzinə, vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir:
“Azərbaycanın suveren ərazisində bayraq ucaldan sərhədçilərimizə Ermənistan tərəfinin 15 iyun tarixində atəş açmasının Baş nazirin Bakının təxribatı kimi təqdim etməsi bir daha Ermənistanın qeyri-qanuni addımlarına bəraət qazandırdığını nümayiş etdirir”.
Nazirlik bildirib ki, Azərbaycanın icazəsi olmadan Ermənistanın “humanitar yük” adı altında əvvəllər hərbi texnika və bir sıra digər qanunsuz nəqliyyat vasitələri ilə əraziyə yüklər daşıması qəbuledilməzdir:
“Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul tarixli qərarında Laçın sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı Ermənistanın müraciətini yekdilliklə rədd etməsi, bir daha bu iddiaların əsassız olduğunu sübut edib. Ermənistan ərazi bütövlüyünə hörmət edirsə, Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir”.
“6 oktyabr 2022-ci il tarixində Praqa görüşündə 1991-ci il Alma-Ata bəyannaməsinin Azərbaycan-Ermənistan arasında sərhədləri müəyyən etdiyini, Alma-Ata bəyannaməsinin delimitasiya üçün əsas kimi qəbul edildiyini bəyan edən baş nazir Nikol Paşinyanın eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi, Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimi təbliğ etməsi Yerevanın ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadiq olmadığını nümayiş etdirib”, – deyə Mətbuat İdarəsi bildirib.
XİN Vaqif Xaçaturyanın həbsinin Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirildiyini qeyd edib:
“Ermənistan 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir”.
Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.
Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.